Yumor

Qazanın ölməyi

Molla bir gün qonşusundan bir qazan borc alır. Bir neçə gündən sonra içinə bir balaca qazan da qoyub sahibinə qaytarır. Qonşu balaca qazanı görüb soruşur:

 

– Molla, bu nədir? Mən ki sənə bircə qazan vermişdim.

 

Molla gülə-gülə deyir:

 

– Balam, sən çox xoşbəxt adammışsan. Qazanın bu gecə doğub.

 

Kişi bir söz deməyib sevinə-sevinə qazanları götürüb aparır.

 

Bir müddət keçir. Molla həmin qonşusundan bir böyük qazan istəyir. Birinci qazandan dişində şirə qalan qonşu dərhal qazanı Mollaya verir.

 

Bir gün, beş gün, bir ay keçir. Molla qazanı qaytarmır. Axırda kişi gəlir Mollanın qapısına. Molla çıxır, bunu qapıda görcək başlayır dil-ağız eləməyə:

 

– Bağışla, vallah, a qonşu. Sənin də yanında xəcalətliyəm. Dünyanın işi belədi. Çox da ürəyini sıxma. Allah əvəzini versin.

 


Mollanın danışığından heç nə başa düşməyən qonşu soruşur:

 

– Molla, bu nə başsağlığıdır mənə verirsən? Mən qazan üçün gəlmişəm.

 

Molla dəsmalını çıxarıb gözlərini silir:

 

– Elə mən də rəhmətlik qazan barəsində danışıram da.

 

– Necə yəni rəhmətlik?

 

– Vallah, deməyə də dilim gəlmir. Qazanın bu gecə öldü.

 

– Molla, bu nə sözdür? Heç qazan da ölərmi?

 

– Qonşu, keçən dəfə qazanın doğanda heç bu sualı vermədin? Qazan doğa bilər, amma ölə bilməz?