Odlar Yurdu

Azərbaycan ordusu

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti yarandı. Ərazisini və sərhədlərini qorumaq üçün dövlətin ordusu olmalıdır. Ona görə də 1918-ci il iyunun 26-da Azərbaycanın Milli Ordusu yaradıldı.

 

Azərbaycan hökuməti ordunu yaratmaq işini bacarıqlı təşkilatçı general Səməd bəy Mehmandarova tapşırdı. Bu çətin işdə ona təcrübəli hərbçi general Əli ağa Şıxlinski kömək etdi. Səməd bəy Mehmandarov hərbi nazir, Əli ağa Şıxlinski isə onun müavini oldu. Onların hər ikisi öz xalqını ürəkdən sevən vətənpərvər azərbaycanlı idilər.

 

Azərbaycan dövləti hələ yenicə yaranmışdı. Əsgərlərə geyim, ərzaq çatışmırdı. Onlar hərbi sahədə təcrübəsiz idilər. Çünki o zamana qədər azərbaycanlı əhali orduda xidmət etməmişdi.

 

Səməd bəy Mehmandarov və Əli ağa Şıxlinskinin böyük səyi nəticəsində Milli Ordumuz təşkil olundu. Ordumuzda tüfənglər, pulemyotlar, hərbi qatar, təyyarə, zirehli avtomobil və gəmilər var idi.

 

Azərbaycan Sovet Rusiyası tərəfindən işğal ediləndən sonra onun Milli Ordusu ləğv edildi. Sovetlər Birliyinə daxil olan ölkələrin bir ümumi ordusu - Sovet ordusu var idi. Azərbaycanlı gənclər də bu orduda xidmət edirdilər. II Dünya müharibəsində Sovet ordusunun qələbə çalmasında azərbaycanlı əsgərlərin də payı olmuşdur. Ona görə də 9 May - Qələbə günü Azərbaycanda bayram kimi qeyd olunur.

 

Azərbaycan Respublikası müstəqilliyini bərpa edəndən sonra bütün dövlət atributları kimi Milli ordumuz da yenidən quruldu. İndi bizim qüdrətli ordumuz vardır.

 

Xalqımız hər il 26 iyunda Azərbaycan Respublikası Silahlı Qüvvələri Gününü təntənə ilə qeyd edir. Milli Ordumuzun hərbi paradı keçirilir.