Odlar Yurdu

Qonşularımız

Azərbaycan Respublikası quruda beş ölkə ilə həmsərhəddir. Bunlar Türkiyə Respublikası, Rusiya Federasiyası, İran İslam Respublikası, Ermənistan və Gürcüstan respublikalarıdır. Respublikamızdan şərqdə isə Xəzər dənizi yerləşir. Rusiya Federasiyası Azərbaycandan şimaldadır. İran İslam Respublikası isə Azərbaycandan cənubda, Araz çayının sağ sahilində yerləşir. Gürcüstan və Ermənistan Respublikaları isə Azərbaycandan qərbdədir. Ölkəmiz cənub-qərbdən həm də qardaş Türkiyə Respublikası ilə həmsərhəddir.

 

Atalar deyiblər ki, yaxın qonşu uzaq qohumdan yaxşıdır. Amma bunu yaxşı qonşu haqqında deyiblər. Pis qonşu öz qonşusuna yalnız narahatlıq yaradır. Qonşular nə qədər mehriban dolansalar, həyatları bir o qədər dinc olar. Azərbaycan Respublikası öz qonşuları ilə mehribanlıq və dostluq şəraitində yaşamağa çalışır. Azərbaycanlılar duz-çörəyi müqəddəs tuturlar. Qonşuluq etdiyi, çörək kəsdiyi insana xəyanət etməyi ata-babalarımız həmişə günah sayıblar.

 

Şimal qonşumuz Rusiya Federasiyası ərazisinə görə dünyada ən böyük dövlətdir. Rusiyada xeyli soydaşımız yaşayır və işləyir. Bu gün Azərbaycanla Rusiyanı mehriban qonşuluq əlaqələri bağlayır.

 

İran İslam Respublikasının Azərbaycanla sərhəd ərazilərində qədim zamanlardan azərbaycanlılar yaşayırlar. Azərbaycanla İran arasında mehriban münasibətlər vardır.

 

Gürcüstan əhalisinin də xeyli hissəsi azərbaycanlılardır. Onlar burada tarixən Borçalı adlanan ata-baba yurdunda yaşayırlar. Azərbaycan dövləti Gürcüstanla dostluq əlaqələri saxlayır.

 

Türkiyə Respublikası Azərbaycanın ən yaxın dostu, qardaşıdır. Türkiyə haqqında danışanda «biz bir millət, iki dövlətik» deyirik.

 

Azərbaycan vətəndaşları bu ölkələrin hər birinə gedib-gələ bilir. Bu ölkələrdən də respublikamıza çoxlu turist gəlir.

 

Ermənistanda indi bir nəfər də azərbaycanlı yaşamır. Ermənistanla müharibə Azərbaycanın mədəni irsinə ciddi ziyan vurmuşdur.