Bu maraqlıdır!

Qədim türklərdə tərbiyə

Azərbaycan türklərinin tərbiyə sistemi, əxlaqi idealları qədim türklərinki ilə üst-üstə düşür və ümumtürk tərbiyə sisteminin mühüm bir halqasını təşkil edirdi, indi olduğu kimi, qədimdə də ata evin böyüyü, “odocağı” (yəni od və ocağın sahibi), tərbiyə nümunəsi hesab olunurdu.

 

Oğlanların tərbiyəsində atanın, qızların tərbiyəsində ananın nümunəsi əsas sayılırdı. Bu nümunə isə xeyirxahlığa və alicənablığa söykənirdi. “Kitabi-Dədə Qorqud”da göstərilir ki, Salur Qazan üç ildə bir dəfə arvadının əlindən tutub evindən çıxar, könüllü surətdə evini imkansızlara yağmaladardı.

 

Qədim türklərin övlada məhəbbəti Vətən məhəbbəti ilə çulğalaşır, övladı vətən üçün, dövləti qorumaq üçün hazırlayırdılar. Azərbaycan türklərində uşaqlar həmişə atalarına hörmətlə yanaşmış, onların qulluğunda durmuş, ehtiram göstərmiş, ədəbsiz hərəkətlərə yol verməmiş, atadan qabaq süfrəyə oturmamış, onların peşəsini öyrənmiş, atalarını özlərinə həyat idealı hesab etmişlər. Ata dünyasını dəyişdikdən sonra onun ocağı övladlar üçün müqəddəs hesab olunmuşdur. Bu gün olduğu kimi, qədim zamanlarda da ata evi heç zaman boş qalmamalı, bacasından tüstü çıxmalı idi.

 

Oğul övladlarından biri ata evinin çırağını yandırmalı, keşiyini çəkməli idi. Təsadüfi deyildir ki, ailə ocağının müqəddəsliyini qəbul edən türklər bir adama qarğış etdikdə “görüm, evinin çırağı sönsün” - deyərmişlər. Hərbi təlim, cəsurluq, cəngavərlik Azərbaycan türklərinin tərbiyəsində mühüm yer tuturdu. Əsgəri şücaətlər hər bir türk kişisi üçün, onun özünün, ailəsinin, tayfasının şərəf, namus işi idi. Azərbaycan türklərində vətən əxlaqı, vətənpərvərlik hissi həmişə güclü olmuşdur. İtirilmiş Vətən torpağının hər qarışı üçün göz yaşı axıdar, ağı deyər, onun qaytarılmasını müqəddəs vəzifə hesab edərlərmiş. Biz “Kitabi-Dədə Qorqud”da bunun bariz nümunələrini görürük. Vətən əxlaqı bu gün də Azərbaycan övladlarının ən böyük istinad nöqtəsi olmalıdır.

 

Görkəmli türk alimi Ziya Göyalp haqlı olaraq yazırdı: “Vətən əxlaqımız qüvvətli olmasa, nə müstəqilliyimizi, nə azadlığımızı, nə də vətənimizin bütövlüyünü qoruya bilərik”.