Bu maraqlıdır!

Qədim dünyanın keramika sənəti

Bəşəriyyətin ilk və ən dəyərli nailiyyətlərindən biri də keramikanın kəşf olunmasıdır. Dulusçuluq — çox qədim tarixə malik xalq sənətkarlığı növlərindən biridir. Sənətkarlar əvvəllər gil qabları əlləri ilə hazırlayırdılar. Sonralar sadə formalı dulus çarxı meydana çıxdı.

 

Şumer sənətkarlığının əsası saxsı qabların üzərinin rənglərlə bəzədilməsi ilə qoyulmuşdur. Şumer dulusçuluğuna xas olan ilk formalar incə həndəsi ornamentlərdən və stilizə edilmiş heyvan fiqurlarından ibarətdir. O dövrün keramika məmulatları üzərində açıq fonda qırmızı, qara, qəhvəyi və bənövşəyi naxışlar çəkilirdi.

 

Şumer mədəniyyətinin ən böyük nailiyyətlərindən biri də yazının icad olunmasıdır. Bu yazılar sonradan mixi yazılar adlandırıldı.

 

Şumerlər — Babildə (indiki İraq) məskən salmış, qədim mədəniyyətin ən yüksək zirvələrini fəth etmiş xalqdır. Dünya mədəniyyəti tarixində çoxsaylı ixtiralar, eləcə də təkər, yazı, kənd təsərrüfatı alətləri, fırlanan dulus çarxı şumerlərə aiddir.

 

Qədim Uruk şəhərində məhsuldarlıq ilahəsinə həsr olunmuş “İnannanın qabı” - məşhur sənətkarlıq incilərindəndir.


Qabın üzərindəki təsvirlər aşağıdan yuxarıya doğru, bütöv bir “hekayəti” izləməyə imkan verən üç sıradan ibarətdir.

 

Misir dulusçuluq sənəti daha rəngarəng idi. Burada dulusçular çiy gili cızaraq keramika məmulatları üzərinə müxtəlif naxışlar salır və ya çəkilmiş rəsmlərə əlvan rənglər vururdular.

 

Müxtəlif formalarda, simmetrik şəkildə saxsı məmulatlar hazırlamaq imkanı verən dulus çarxı qədim dünyanın ən yüksək nailiyyətlərindəndir.

 

Burada sənətkarlar müxtəlif qabları fərqli motivli süjetlərlə bəzəməyi öyrənmişdilər. Naxışlar arasında həndəsi, nəbati — ağac və üzüm salxımlı budaqlar, quş və qaçan heyvan təsvirlərinə tez-tez rast gəlmək olar.

 

Gil — insanın istifadə etdiyi ilk materiallardan biridir.

 

Ocaq külünü təmizləyən insan istinin təsirindən bərkimiş gil parçası görür. Bu onun daim məişət məmulatları hazırladığı gil-torpaq idi. Elə o zamandan insanlar gil məmulatlara möhkəmlik vermək üçün onları “bişirməyə” başladı.


Ovcumuzun içində saxsı (gil) qabı bir müddət saxlasaq, əlimizin hərarətindən qab qızar. Belə ilıqlıq bizdə rahatlıq, dinclik hissi yaradır. Bu ona görə baş verir ki, gil mənfi enerjini özünə hopdurur, bizə isə kosmos, Günəş, külək və suyun enerjisini ötürür.


Keramika (yunanca “keramos” - gil) — gil, qum və digər təbii materialların qarışığından hazırlanan məmulatlara deyilir.


Mixi yazılar — Qədim Mesopotamiya sakinlərinin mıxabənzər ağac parçası ilə yumşaq gil üzərində cızılan yazıları.