Bu maraqlıdır!

Sovet dövrü Azərbaycan ədəbiyyatı

Azərbaycan Xalq Cümhuriyyəti rus-sovet qoşunlarının hərbi müdaxiləsi ilə devrildikdən sonra hakimiyyətə gələn bolşevik-kommunist rejimi incəsənəti, ədəbiyyatı öz ideologiya alətinə çevirmək üçün ilk gündən tədbirlər həyata keçirməyə başladı.

 

Ədəbiyyatımızdakı milli-demokratik meyillər get-gedə daha sərt şəkildə sıxışdırıldı. Sovet ideologiyasını ardıcıl və qəti şəkildə müdafiə edən ədəbi birliklər, təşkilatlar yaradıldı. Ədəbiyyatın təbiətinə yad olan siyasi amiranəlik ədiblərə öz yaradıcılıq imkanlarını həyata keçirməyə getdikcə daha çox mane oldu. Sovet hakimiyyətinin ideoloji prinsiplərinin rəhbər tutulması ədəbiyyatın təbii inkişafının qarşısına sədd çəkdi, nəticədə əvvəlcə “proletar ədəbiyyatı”, sonra isə “sovet ədəbiyyatı” anlayışları meydana çıxdı. Həyat həqiqətlərini əks etdirmək baxımından sovet ədəbiyyatının öz prinsipləri var idi. Keçmişə, klassik ədəbiyyatımıza ilk vaxtlar daha çox xor baxan, yeni quruluşu, sovet həyat tərzini göylərə qaldıran bu ədəbiyyat milli məfkurəyə qarşı idi. Ciddi ideoloji problemlərə, sərt təzyiqlərə baxmayaraq, güclü mütərəqqi və humanist ənənələrə sahib olan ədəbiyyatımız inkişafını dayandırmadı. Hakim kommunist partiyasının tələblərinə cavab verən nümunələrlə yanaşı, vətənpərvərliyi, qəhrəmanlıqla dolu tarixi keçmişi, milli adət-ənənələri və s. əks etdirən sənət əsərləri də yaranırdı.

 

Ədəbi fəaliyyətə sovet hakimiyyətinin qurulmasından əvvəl başlayan C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, Ə.Nəzmi, H.Cavid, A.Şaiq, Ə.Cavad və b. yaradıcılıq amallarına, əsasən, sadiq qalır, özlərinə məxsus janr-üslub xüsusiyyətlərini qoruyub saxlayırdılar. Lakin yeni ictimai quruluş yeni ədəbi qüvvələrin – sovet yazıçılarının yaranmasını və formalaşmasını bir vəzifə kimi qarşıya qoyur, bu yolda cidd-cəhdlə çalışır, xüsusən gənc yazarları şirnikləndirirdi. Təsadüfi deyildir ki, yardıcılıq yolu çoxdan müəyyənləşmiş, milli ədəbiyyatımızda xüsusi mövqeyi olan, təcrübəli sənətkarlarla yeni qüvvələr arasında qarşıdurma get-gedə daha da dərinləşir və genişlənirdi. Bu, həmin dövrdə yaradılmış ədəbi təşkilatların, ədəbi birliklərin (“Gənc qızıl qələmlər”, “Yaşıl qələmlər” və s.) adlarında da, fəaliyyətlərində də özünü qabarıq göstərirdi. “Sovet adamı”nı formalaşdırmaq, insanları sosializm ehkamlarının itaətkar icraçısına çevirmək üçün bütün bunlar kifayət etmirmiş kimi, Stalin rejimi görünməmiş cinayətə əl atdı – minlərlə günahsız ədibi, ziyalını, müxtəlif peşə sahiblərini repressiyaya məruz qoydu. Bu, Azərbaycanda daha dəhşətli şəkildə həyata keçirildi. H.Cavid, S.Hüseyn, S.M.Qənizadə, Y.V.Çəmənzəminli, Ə.Cavad, T.Ş.Simurq, M.Müşfiq və başqa sənətkarlar ya güllələndi, ya da sürgündə dözülməz şəraitdə məhv oldu.

 

Ədəbiyyata gələn yeni qüvvələrin içində poeziyaya, şeirə meyil edənlər daha çox idi. Onların yaratdıqları əsərlər isə bir-birinə bənzəyirdi. Onların müraciət etdikləri mövzular, təsvir və tərənnüm obyektləri yaxın olduğundan təkrarlara yol verir, bədii cəhətdən zəif, sönük əsərlər çap etdirirdilər. Yeni quruluşun insanlara sevinc, fərəh gətirdiyini təbliğ edən şeirdə - sovet poeziyasında güclü yeknəsəqlik müşahidə olunurdu. 1920-ci illərin sonu, 1930-cu illərin əvvəllərində yaranan şeirdə keyfiyyət dəyişikliyi müşahidə edilir. S.Rüstəm, S.Vurğun, M.Rahim, R.Rza, az sonra O.Sarıvəlli, Ə.Cəmil, Z.Xəlil, N.Rəfibəyli, M.Dilbazi və başqalarının yaradıcılıq axtarışları səmərəli olur. Vətəni, onun gözəlliyini tərənnüm edən bədii cəhətdən qüvvətli əsərlər meydana çıxır, lirik qəhrəmanın hiss və düşüncə aləmi zənginləşir.

 

Nəsr sahəsində də irəliləyiş müşahidə olunur. Kiçikhəcmli hekayələrlə yanaşı, povest və romanlar yaranır. Ə.Əbülhəsənin “Yoxuşlar”, S.Rəhimovun “Şamo”, M.Hüseynin “Daşqın”, “Tərlan”, Mir Cəlalın “Dirilən adam”, M.S.Ordubadinin “Dumanlı Təbriz” romanları işıq üzü görür.

 

Həmin dövrdə dramaturgiya həm mövzu, həm də ideya-bədii xüsusiyyətlərinə görə diqqəti cəlb edirdi. Böyük yaradıcılıq yolu keçmiş C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.S.Axundov, H.Cavid, C.Cabbarlı kimi sənətkarların yaratdıqları oxucu və tamaşaçılar tərəfindən maraqla qarşılanır, qızğın müzakirə və mübahisə obyektinə çevrilirdi. O dövrün oxucuları və tamaşaçıları daha çox H.Cavidin və C.Cabbarlının yaradıcılıq axtarışlarını diqqətlə izləyir, hər bir yeni əsərlərini mühüm ədəbi hadisə kimi dəyərləndirirdi.

 

Sosialist realizmi dövrün yeganə yaradıcılıq metodu olub ədəbiyyata və incəsənətə ağır zərbə vururdu. İdeoloji amillər bədii yaradıcılığı çərçivəyə salır, sənətkarın ədəbi fəaliyyətini məhdudlaşdırırdı. Bu isə sənətdə vulqar sosiologizm hadisəsinin yaranmasına gətirib çıxarırdı. Bu məhdudiyyət istedadlı sənətkarları həyat həqiqətlərini dolğun, əhatəli əks etdirməyin üsul və vasitələrini tapmağa sövq edirdi.