Görkəmli şəxsiyyətlər

Məşədixanım Nemətova

Elm sahəsində dərin izlər qoymuş tarixçi-epiqrafist, şərqşünas, tarix elmləri doktoru  Məşədixanım Sədulla qızı Nemətova 5 yanvar  1924-cü ildə Bakı şəhərində anadan olmuşdur. O, orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində təhsilinə davam etmişdir. M.Nemətova  sonra AMEA-nın Tarix İnstitutunda aspiranturaya daxil olmuş və fəlsəfə doktoru, daha sonra isə elmlər doktoru elmi dərəcələrini  almışdır. 
 
AMEA-nın müxbir üzvü seçilmiş alim Azərbaycan tarixi üçün əvəzsiz töhfələr vermişdir. Elmi əsərlərin, monoqrafiyaların, həmçinin 6 cildlik Azərbaycanın epiqrafik abidələrinin toplusunun müəllifi olan alim müsəlman kitabələri barədə, o cümlədən Azərbaycanın orta əsrlər epiqrafik abidələrinin tədqiqi sahəsində dəyərli mülahizələr irəli sürmüşdür. Tanınmış alim epiqrafik abidələr üzərində çalışaraq bir çox memarlıq abidələrinin təyinatı və tarixi haqqında dəqiq məlumatlar vermişdir. Bakı şəhərinin incisi olan Qız qalasının tarixi barədə fikirlər olduqca müzakirəlidir. Alimin bu sahədəki elmi fəaliyyəti nəticəsində tikilinin müdafiə qalası olduğu bir daha təsdiqlənmişdir. Bununla yanaşı, məşhur şərqşünas Azərbaycan elmində epiqrafikanı bir fənn olaraq  yaratmışdır. Onun fəaliyyəti boyunca apardığı tədqiqatlar “Azərbaycanın epiqrafik abidələri” toplusunda toplanmışdır ki, bu 6 cilddə Bakı-Abşeronun ərəb-fars-türkdilli kitabələri (XI-XX əsrlərin əvvəli), Şəki-Zaqatala bölgəsinin ərəb-fars-türkdilli kitabələri (XIV-XX əsrlərin əvvəli), Naxçıvan Muxtar Respublikasının ərazisindəki ərəb-fars-türkdilli kitabələr (XII-XX əsrlərin əvvəli), Quba-Xaçmaz Cənubi Dağıstanın ərəb-fars-türkdilli kitabələri (VIII-XX əsrlərin əvvəlləri),  Şirvan, Gəncə, Ağdam, Füzuli, Şuşa, Zəngilan, Cəbrayıl, Laçın, Kəlbəcər və başqa rayonların ərəb-fars-türkdilli kitabələri (XI-XX əsrlərin əvvəlləri), Mis qablar, silahlar, bayraqlar üzərindəki ərəb-fars dilində olan kitabələr (XVII-XIX əsrlər) kimi kitablar mövcuddur. 
 
M.Nemətova  Azərbaycan Respublikasının Prezidentinin 4 mart 2009-cu il tarixli sərəncamına əsasən Azərbaycanda epiqrafik irsin tədqiqi sahəsindəki xüsusi xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. Tanınmış alim 2016-cı ildə Bakı şəhərində gözlərini həyata əbədi olaraq yummuşdur.