Bu maraqlıdır!

İnsanı əmək yaratmışdır

İnsan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş sosial amillər bu təkamüldə (antropogenez) mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgəyaşayışın, əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir.

 

İlk dəfə Jan Batist Lamark insanın meymunabənzər əcdadlardan başlanğıc götürdüyü fikrini irəli sürmüşdür. Təkamül prosesində onun canlılar içərisində ən ali varlıq olduğunu isə Çarlz Darvin müəyyən etmişdir.

 

Fridrix Engels insan təkamülündə ictimai amillərin əsas rol oynadığını sübut etmiş, onun insanabənzər meymunlardan fərqlənməsinin əsas səbəbini əmək alətlərinin tətbiqində görmüşdür. Arxeoloji qazıntılar nəticəsində tapılan sümük qalıqları və əmək alətləri bu fikirləri təsdiq etdi. Bununla da insanın əmələ gəlməsində əməyin əsas rol oynadığı sübut olundu.

 

İnsanın əmələ gəlməsi zamanı baş verən morfoloji və fizioloji dəyişikliklərə ilk səbəb kimi dik yerimək, əsas hərəkətverici amil kimi isə əmək göstərilir. Dik gəzməyə keçid əllərin yeriməkdən azad olmasına səbəb oldu. Əl vasitəsilə fərqli üsullarla müxtəlif qidalar toplanılmağa başlandı, əmək alətləri düzəldildi. Əmək alətlərinin hazırlanması insanla meymun arasında fərqin daha da artması ilə nəticələndi. İnsanın sinir sistemi mürəkkəbləşdi. Əllər əməklə məşğul olduqca daha da təkmilləşərək müasir formasını aldı.

 

Əvvəllər yalnız ovçuluqla, yığıcılıqla məşğul olan insanların əmək fəaliyyəti getdikcə daha da genişləndi və mürəkkəbləşdi. Bunun nəticəsində insanlar arasındakı münasibətlər də dəyişdi. Yeni qarşılıqlı münasibətlər ilkin əmək bölgüsü hesabına yarandı.

 

Beləliklə, əmək nəticəsində insanabənzər əcdadlarımız morfoloji və fizioloji dəyişikliyə məruz qaldılar ki, bu da insanın formalaşmasında əsas rol oynadı.

 

Zaman keçdikcə insanlar mürəkkəb cihazlar ixtira etdilər, kosmosa ayaq açdılar. Hazırda elektronika, mexanika və informatika sahələrində yeni nailiyyətlər əldə edilir. Tibbin inkişafı nəticəsində insanın daxili orqanlarının köçürülməsi həyata keçirilir.