Təbiət

Mokona - dünyanın yeganə "üfüqi" şəlaləsi

“Yukuma” olaraq da tanınan Mokona şəlaləsi, Argentinanın Miziones əyalətindəki Uruqvay çayında yerləşir. Çay Argentinanın Posadas şəhərindən 337 kilometr və İquasu şəlaləsindən 322 kilometr məsafədədir. 


Uruqvay çayı kifayət qədər böyükdür və bir növ ayırıcı zona sayılır, yəni Argentina ilə Braziliya arasındakı təbii sərhəddir. Buna görə şəlalənin iki adı var. Argentina sakinləri şəlaləyə "Hər şeyi udan" mənasını verən «Mokona» deyirlər, Braziliyada isə şəlaləyə "Böyük Şəlalə" mənasını verən «Yukuma» adı verilib.


Bu şəlaləni digər şəlalələrdən fərqləndirən xüsusiyyəti - digərləri kimi dik deyil, çaya paralel axmasıdır.

 

Əslində Argentina ilə Braziliya arasındakı təbii sərhəd olan Uruqvay çayı kanal genişliyininin 15-30% -ni tutan dərin bir kanyona malikdir. Kanyonun dərinliyi bəzən 100 metrə çatır. Çayda suyun səviyyəsi ildə təxminən 5-6 ay artır. Tam axan çay əslində şəlaləni örtür. O zaman, görüntü pozulur və şəlaləni sezmək mümkün olmur.

 

Ancaq suyun səviyyəsi kanyonun kənarından aşağı düşəndə içindən su axmağa başlayır və bununla da heyrətamiz Mokona şəlaləsini meydana gətirir. Genişliyi və hündürlüyü çaydakı suyun səviyyəsindən asılıdır. Adətən Mokona 5-7 metr yüksəklikdə və 2-3 kilometr genişlikdədir.


Mokona bölgəsi, Təbiət Qoruğunun bir hissəsidir. Bölgədə dünyanın hər yerindən bura gələn turistlər üçün xüsusi evlər quraşdırılıb. Ərazi əsasən ekstremal idman sevərləri cəlb edir.