Təbiət

Heyvanların təbiətdə rolu və insan həyatında əhəmiyyəti

Təbiətdə yaşayan müxtəlif növ heyvanların hər biri özü üçün həm qidalanma, həm də gizlənmə yeri tutur.


Heyvanlar ümumi canlılar aləminin təkamülündə bitkilərin çarpaz tozlanmasında, onların toxumlarının yayılmasında, torpaq əmələgəlmə prosesində, onun üzvi maddələrlə zənginləşməsində mühüm rol oynayır. Heyvanlar ölmüş heyvan cəmdəklərini, bitki qalıqlarını yeməklə, həmçinin bir çox su heyvanları (biofiltratorlar) suyu təmizləməklə təbiətdə sanitar fəaliyyəti göstərir.


Heyvanlar insan həyatında da böyük rol oynayır. Hələ ibtidai insanlar heyvanların ətindən, dərisindən, sümüyundən istifadə edirdilər. Zaman keçdikcə insanlar tədricən müxtəlif heyvanları əhliləşdirmiş və onların nəslindən maldarlıq, qoyunçuluq, quşçuluq, arıçılıq, ipəkçilik və s. təsərrüfatlar yaratmışlar. Bu təsərrüfatlar cəmiyyəti ərzaq və yüngül sənaye xammalı ilə təmin edir.Heyvanlar həmçinin təbiətə gözəllik verən, onu zəngin estetik zövq mənbəyinə çevirən canlı varlıqlardır. Təbiətdə onların qorunub saxlanılması, artırılması və cəmiyyət üçün səmərəli istifadə edilməsi çox vacib məsələdir.


Bununla belə meşələrə, tarlalara, bağlara, ev heyvanlarına, hətta insan səhhətinə zərər verən heyvanlar da az deyildir.Təbiət üçün və insana faydalı olan heyvanların sayını artırmaq, qorumaq və onlara düzgün qulluq etmək, həmçinin zərərli heyvanlara qarşı mübarizə aparmaq üçün heyvanların həyatını və onların təbiətdəki rolunu yaxşı bilmək lazımdır. O da məlumdur ki, heyvanların insan həyatında rolu zaman keçdikcə dəyişmişdir. Məsələn, vəhşi heyvanların insan üçün qida mənbəyi kimi əhəmiyyəti xeyli azalmış, bunun əvəzində müxtəlif heyvandarlıq təsərrüfatları inkişaf etdirilmişdir.


Müasir təbabəti zooloji tədqiqatlarsız təsəvvür etmək olmaz, çünki bir çox xəstəliklərin törədiciləri (qoturluq gənəsi, malyariya paraziti, qaraciyər sorucusu, öküz soliteri, exinokok və s.) heyvanlardır. Əlbəttə, bu xəstəliklərə qarşı mübarizə aparmaq üçün onların törədiciləri və keçiricilərinin növ tərkibi, morfoloji, bioloji və ekoloji xüsusiyyətləri dərindən tədqiq edilməlidir. Digər tərəfdən, insan üçün xeyirli heyvanların qorunub saxlanması, onlardan təsərrüfatda səmərəli istifadə olunması və ümümiyyətlə, vəhşi heyvanların qorunub saxlanması çox mühüm məsələdir.