Təbiət

Çin şaftalısı və ya kivi

Kivi ekzotik bitkilərə aiddir. O, ağacşəkilli lianadır. Belə deyim var - kivi Çində «doğulub», Yeni Zelandiyada «böyümüş, tərbiyələnmişdir». Kivi təxminən 100 il bundan öncə dünyaya gəlmişdir. Kivinin tarixi vətəni Çin hesab edilir. Məhz buna görə də kivini çin motmotusu adlandırırlar. Lakin çoxları onun vətəninin Yeni Zelandiya olduğunu bilirlər, ancaq kivi bu ölkəyə 1906-cı ildə gətirilmişdir.

 


Kivinin çiçəkləri kiçik olub qızılgülə bənzəyir.

Hal-hazırda kivi Yeni Zelandiya, Kaliforniya, Fransa, İtaliya və İsraildə yetişdirilir.


Kivi öz adına görə yeni zelandiyalı seleksioner A. Ellisona «borcludur». Kivi xarici görünüşünə görə Yeni Zelandiyalı quş kiviyə çox bənzədiyinə görə ona bu ad verilmişdir. Onu da qeyd edək ki, kivi quşu Yeni Zelandiyanın iri şəhərlərindən olan Oklendin gerbində də əks olunmuşdur.  Avropada isə kivi ananasdan sonra ikinci məşhur tropik meyvə hesab edilir.

 

Kivi arıqlamaq istəyənlər üçün də faydalıdır. Çünki kalorisi azdır, orqanizmdə piylərin əriməsinə səbəb olan fermentlərin sintezini artırır, lazımsız maddələri orqanizmdən xaric edir, böyrəklərin funksiyasını stimullaşdırır.


 Kivinin kimyəvi tərkibinə daxildir: şəkər, üzvi turşular, pektin maddələri, flavonoidlər, maqnezium, kalium, dəmir, fosfor, A, B2, B3, B6, C və D vitaminləri, beta-karotin, fol turşusu. Kivinin tərkibində çoxlu miqdarda C vitamini vardır. Buna görə kivi orqanizmi infeksiyalardan qoruyur, immun sistemi möhkəmləndirir. Kivinin meyvələrinin tərkibində həmçinin bitki fermenti olan aktinidin mövcuddur. Bu maddə zülalların həzmini yaxşılaşdırır.


Kivinin tərkibində külli miqdarda B9 vitamini – fol turşusu vardır. Fol turşusunun təsiri barədə isə geniş yazmağa ehtiyac yoxdur. Onun möhtəşəm təsirləri əksər insanlara bəllidir, o, beyin və sinir sistemi üçün hədsiz faydalıdır, onurğa beyin mayesinin dinamik tərkibi hissəsini təşkil edir, eritrositlərin yaranmasında əvəzedilməzdir, mədədə xlorid turşusunun sintezini artıraraq iştahanı artırır.


Kivinin digər təsirləri də aşkara çıxmışdır – şiş əleyhinə, antioksidant, fiziki aktivliyi bərpa edən təsirlər. Hətta bəzi ölkələrdə kividən idmançılar üçün faydalı vasitələrin hazırlanmasında istifadə edilir.


Ənənəvi çin təbabətində kividən həzmi yaxşılaşdırmaq, revmatizm, böyrəkdaşı xəstəliklərinin, nevroz, saç tökülməsinin müalicəsində istifadə edilibdir.


Norveçli alimlər kivinin damar divarında aterosklerotik dəyişikliklərin qarşısını aldığını müəyyən etmişlər. Bununla da kivi koronar çatışmazlıq, hipertoniya, trombozların müalicəsində istifadə edilə bilər. Tədqiqatçılar həmçinin kivini aspirinə bərabər hesab edirlər. Günə 2-4 ədəd kivi istifadə etməklə bu təsiri əldə etmək olar.


Kal kivilərin tez bir zamanda dəyməsini istəyirsinizsə, onda onu banan və portağalla birlikdə eyni bir qaba yerləşdirməlisiniz. Əgər kividən artıq banan, çiyələk və limon ətri gəlirsə, deməli artıq o yetişmişdir.


Kivi təkcə çiy şəkildə yeyilmir. Ondan mürəbbələr, cemlər hazırlanır. Kivi həmçinin ət xörəklərinə vurulduqda onu yumşaldır.


Bir şeyi də qeyd edək ki, kividən uşaqlara və yaşlı insanlara ehtiyatla istifadə etmək lazımdır. Çünki onun allergik təsiri də mövcuddur.