Təbiət

Şamama bitkisi

Şamama ümumi görünüşü ilə yemişə bənzəyən birillik ot bitkisidir. Meyvəsi portağal boydadır, yetişmiş meyvələr üçün sarı-narıncı zolaqlar xarakterikdir.

 

 

Şamama digər yemiş növləri kimi şirin olmadığından turş və xoşagəlməz dadına görə yeyilmir, ondan mürəbbə hazırlanmır. Lakin ətrinə görə şərbət, desert və bəzi şirniyyatların hazırlanmasında istifadə edilir. Güclü qoxusu sayəsində meyvəsi, əsasən, müsəlman ölkələrində, İran, Misir və Şimalı Afrika ölkələrində xüsusilə sevilir.

 


Amerikalı bağban Emi Qoldmanın yazdığına görə, şamama ən azı min ildir ki, məlumdur. Böyük Britaniya kraliçası Annanın cib qovunu kimi tanınan şamama ABŞ-ın bostanlarında alaqotu kimi böyüyüb. Onun Şimali Amerikaya aparılması fransızlarla əlaqələndirilir.

 


Ərəb dilindən adının tərcüməsi xoş, gözəl qoxu mənası verən şamamanın ləti şirin deyil, lakin təbiət ona inanılmaz ətir bəxş edib. Onun yetişmiş meyvəsi təbii və zərərsiz təravətləndirici olaraq otağı 10 gün müddətində, yəni meyvə yumşalmağa başlayanadək xoş ətir ilə doldura bilər.