Yumor

Qoy başına, oxu görək

Kəndlilərdən biri başqa şəhərdə olan qohumlarından bir məktub alır. Tez axtarıb mollanı tapır. Oxumaq üçün məktubu ona verir.

 

Molla baxır ki, məktub çox qarma-qarışıq yazılıb, kəndlini başından eləmək üçün deyir:

 

– Sən bir ayrı adam tap, bunu oxusun.

 

Kəndli deyir: – Yox, Molla əmi, əl çəkəsi deyiləm, gərək oxuyasan.

 

Molla deyir: – Əvvələn, mən farsca bilmirəm; ikinci, bu məktub türkcə yazılıb; üçüncüsü də eləbelə oxuya bilmirəm.

 

Kəndli hirslənir: – Yaxşı, farsı bilmirsən, türkü bilmirsən, oxuya da bilmirsən, daha dəyirman daşı boyda əmmaməni başına niyə qoymusan?

 

Molla: – Əgər əmmamə ilə oxumaq olarsa, buyur, qoy başına, bircə kəlmə oxu görək.