Təbiət

Yalançı körkəröküz

Vyetnam və Laos cəngəlliklərində planetimizin ən nadir heyvanı olan “Yalançı körkəröküz” (lat. Pseudoryx nghetinhensis) yaşayır. Digər adı “Saola” olan bu məməli heyvan, nəsli kəsilməkdə olan növ kimi təsvir edilir.

 

Təəssüf ki, planetimizdə bu heyvanların sayı kəskin şəkildə azalıb. İlk dəfə elm adamları tərəfindən yalnız XX-ci əsrin sonunda kəşf edilib.Ona görə də, bu heyvan haqqında çox az məlumat var.


Saolaların ölçüləri olduqca böyükdür, təxminən 100 kq ağırlığındadır. Bədəninin uzunluğu 180 sm, boynunun hündürlüyü 90 sm-dir. Bədənindəki tüklər tünd-qəhvəyi rəngdədir, hər dırnağının üstündə ağ xalqavari xallar var. Ağız nahiyəsində və gözün üst hissəsində özünəməxsus ağ naxışlar var. Bədəni dukerin bədənini xatırladır. Başı isə kudunun başına oxşayır. Buynuzları uzun (bəzən 50 sm-ə qədər), nazik, düz və irəliyə doğru istiqamətlənmiş formadadır.


İlk dəfə bu heyvan 1992 -ci ildə Vyetnamın tropik yağış meşələrində aşkar edilmişdir. Təxmini hesablamalara görə, fərdlərinin sayı iki yüzə qədərdir. Bu nadir heyvan növü gizli həyat tərzi keçirdiyinə görə elm adamları sayı daha dəqiq deyə bilmirlər.

 

Genetik analizlərə əsasən, Saolanın yalançı körkəröküz cinsinə aid olduğunu dəqiq müəyyən etmək mümkündür.


Tədqiqatçılar əvvəllər elmə məlum olmayan belə böyük bir növün kəşf edilməsinə çox təəccübləndilər. Bioloqlar Laos meşələrində yeni fərdlər axtarmağa başladılar, nəticədə bir neçə fərdi tutmağı bacardılar. Ancaq təəssüf ki, hamısı uzun müddət əsirlikdə yaşamadı və elm adamları bu nadir heyvanların həyat tərzi haqqında az şey öyrənə bildilər.


Vyetnam hökuməti Saolanın ovlanmasını və tutulmasını qadağan edən bir qanun qəbul etdi və Beynəlxalq Qırmızı Kitab onlara nəsli kəsilmək üzrə olan növ statusu verdi.