Odlar Yurdu

Naftalan nefti

Azərbaycan nadir yeraltı və yerüstü sərvətlərlə, neft və qaz ehtiyatları ilə zəngin bir ölkədir. Bunlardan biri də Naftalan neftidir. Qara-qonur rəngli Naftalan nefti müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhurdur. Artiq neçə illərdi ki insanların şəfa tapmaq üçün Qafqaz sıra dağlarının, Murovdağ silsiləsinin ətəyində, Bakıdan 340 kilometr qərbdə yerləşən Naftalan kurortuna üz tuturlar. Burda həm də dünyada yeganə və qeyri-adi bir muzey də fəaliyyət göstərir. Bu muzeyin eksponatları sağalan insanların Naftalanda qoyub getdikləri atılmış qoltuq və əl ağaclarıdır.
 
İnsanlara şəfa verən bu təbiət möcüzəsinin tapılması ilə bağlı xalq arasında belə bir rəvayət dolaşır: Qərbdən Şərqə gedən ağır yüklü dəvə karvanı qədim Azərbaycan torpaqlarından keçirdi. Xəstə bir dəvə karvanı ləngitdiyindən sahibi onu yağla dolu göllərin yaxınlığında açıb buraxır. Karvandan açılan dəvə yaxınlıqdakı göllərin birinə girir. Karvan uzaqlaşır. Aradan xeyli keçir. Karvan geri qayıdır. Həmin ərazidən keçərkən karvan sahibi bu yerlərdə qoyub getdiyi dəvəsini görür. Dəvə tamamilə sağlam idi. Bunun səbəbini öyrənmək üçün tacirlər bir neçə gün burda qalıb dəvəni izləyir və onun gündə bir neçə dəfə qonur rəngli yağla dolu  gölə girdiyini görürlər. Tacirlər göldəki yağdan götürərək əl-ayaqlarındakı yaralara çəkir və onların tezliklə sağaldığını görərək həmin yağdan qablara doldurub aparırlar.
İllər ötdükcə daha da məşhurlaşan Naftalan nefti haqqında məlumata XIII əsrdə Azərbaycanda olmuş məşhur səyyah Marko Polonun ''Böyük Tatarıstan haqqında'' traktatında rast gəlmək olar. Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin ''Xəmsə''sində Səfikürd kəndindən karvanlarla Naftalan neftinin daşınmasından söz açılır.
 
XIX əsrdə naftalan neftinin sənaye üsulu ilə kəşfiyyatı, hasilatı və emalı başlayır. Məhz bu dövrdə Naftalan neftinin müalicəvi şöhrəti Qərb dünyasına da yayılır. 1890-cı ildə dağ mühəndisi E. İ. Yeger bu neftin müalicəvi xüsusiyyətlərini tədqiq edir və maz istehsalı üçün kiçik bir fabrik tikir. Çox keçmədən Yegerin şirkəti böyük uğur qazanır. O, istehsal etdiyi ''Naftalan'' mazının nümunələrini dünyanın tanınmış həkimlərinə göndərir. Maqdebur şəhərindən olan məşhur professor List onun fabrikinin istehsal etdiyi bütün məhsulu alır.
 
Daha sonra 1911-ci ildə başqa bir alman sahibkarı Kvel ''German-Naftalan'' adlı səhmdar cəmiyyəti yaradır və Naftalan neftindən müxtəlif preparatlar, dəri üçün kremlər,  həblər, sabunlar, kosmetik vasitələr və digər məhsullar istehsal etməyə başlayır. Qısa müddət ərzində müalicəvi neftin populyarlığı Almaniya, İngiltərə, Fransa, Yaponiya, Avstriya və digər ölkələrdə də artır.
 
1896-cı ildə rusiyalı həkim F.Q.Rozenbaum naftalan neftini 1-ci dərəcəli yanıqlar, kəskin və xroniki ekzema, iltihablı yaralar, sınıqlar, çıxıqlar, dartılmalar, revmatik və podaqra xarakterli ağrılar, limfa vəzilərinin soyuqlaması zamanı müvəffəqiyyətlə istifadə edir. O həmçinin müşahidə edir ki, sümük-əzələ sistemi xəstəlikləri, mədə-bağırsaq, ginekoloji, periferik damar xəstəliklərinin müalicəsində də Naftalan nefti əla təsir göstərir.
 
XX əsrin 20-ci illərində Naftalan neftinin müalicəvi əhəmiyyətini tədqiq etmək üçün bir neçə xüsusi ekspedisiyalar təşkil edilir. 40-cı illərdə isə Azərbaycan neft-kimya elminin banisi Yusif Məmmədəliyev Naftalan neftini qatrandan, aromatik karbohidrogenlərdən təmizləyərək onun müalicəvi xüsusiyyətlərini yüksəldir, toksiki təsirini və digər mənfi xüsusiyyətlərini azaldır. Dünyada analoqu olmayan Naftalan nefti Azərbaycanda səhiyyə turizmi üçün geniş imkanlar yaradır.