Xəbərlər

Xətai rayonu 250 saylı bağçada Anım Gününə aid tədbir keçirilib

Xətai rayonu 250 saylı uşaq bağçasında Anım gününə həsr olunmuş tədbir keçirilib.

 

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbirdə uşaqlar ilk öncə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad ediblər.

 

Daha sonra "Çiçəklərim" qrupunun müəllimələri Çiçək və Mətanət xanım 2020-ci ilin 27 sentyabrını Azərbaycan tarixində qürurla anılacaq bir gün kimi dəyərləndirərək, Anım Gününün tarixi əhəmiyyəti barədə danışıblar. Qeyd edilib ki, qəhrəman oğullarımızın sayəsində ölkəmiz ermənilərin xalqımıza qarşı həyata keçirdiyi işğalçılıq əməllərinə 44 gündə son qoyaraq əzmkar, qalib xalq və millət adını özünə qaytardı.


Balacaların ifasında Vətənə, igid oğullarımıza, şəhidlərə həsr edilmiş şeir və səhnəciklər nümayiş etdirilib.


Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini ehtiramla yad etmək, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaq, uşaqların yaradıcılıq qabiliyyətlərini inkişaf etdirmək və istedadlarını üzə çıxarmaqdan ibarət olub.