Yumor

Qurtaran deyildi

Bir gün Molla Nəsrəddin hamama gedir. İstidən xoşlandığı üçün yavaş-yavaş zümzümə eləməyə başlayır. O oxuduqca, səsi hamamın günbəzinə düşür. Səsi xoşuna gəldiyi üçün öz-özünə deyir:


─ Mən heç özümü belə bilməzdim; doğrudan da, ağıllı-başlı səsim varmış ki.


Bu xəyalla o, hamamdan çıxıb birbaş şəhər hakiminin yanına gedib deyir:


─ Cənab hakim, bu gün məlum olmuşdur ki, mənim çox gözəl səsim var. İstəyirsiniz oxuyum, qulaq asın!


Hakim deyir:


─ Molla, oxu görək.


─ Yox, bu cürə oxuya bilmərəm. Mənim oxumağım üçün gərək burada bir hamam, içində də dolu su xəzinəsi olsun.


─ Ay Molla, biz hamam xəzinəsini buraya necə gətirək?


─ Özün bil. Gətirməzsən, oxumaram.


Xülasə, çox sözdən sonra yarıya qədər su ilə dolu bir küp gətirirlər. Molla sevincək başını küpün içinə salıb başlayır oxumağa. Küpün içindən boğuq bir bağırtı eşidən hakim qulaqlarını tutub nökərlərinə əmr edir:


─ Bu ki, mənə yalan danışıb, küpün suyu qurtarana qədər əlinizi isladıb Mollanın üzünə şillə vurun!


Nökərlər Mollanı döyməyə başlayırlar. Molla döyüldükcə şükür eləyir. Nəhayət, su qurtarır, nökərlər əl saxlayırlar. Hakim üzünü Mollaya tutub soruşur:


─ Molla, döyüləndə ağlamaq, çığırmaq əvəzinə nə üçün şükür eləyirdin?


─ Şükür eləyirdim ki, nə yaxşı hamamdakı su xəzinəsini buraya gətirmədilər, yoxsa onun suyu qurtaran deyildi.