Görkəmli şəxsiyyətlər

Tuve Yanson

Finlandiya-İsveç yazıçı, karikaturaçısı, dizayneri və rəssamı Tuve Yanson (1914-2001), 1945-1970-ci illər arasında uşaqlar üçün yazılmış və hələ də qırxdan çox dildə nəşr olunan “Muuminlər” haqqında hekayələrin yaradıcısı kimi dünya şöhrəti qazanıb.  Yansonun yaradıcılığı tək Muuminlər haqqında bir sıra kitablar yazmaq və onlar üçün illüstrasiyalar yaratmaqla məhdudlaşmır, o, eyni zamanda bir çox kitabların, hekayələrin, komikslərin və rəsmlərin müəllifidir.


Tuve Yansson ziyalı Viktor Yanson (heykəltəraş) və Siqne Hammarsten-Yansonun (rəssam- illüstrator) ailəsində dünyaya gəlib. Tuve iki qardaşın bir bacısı idi. Qardaşları da incəsənətlə məşğul idilər: Per Olof Yanson fotoqraf, Lars Yanson isə yazıçı və karikaturaçıdır. Tuvenin Finlandiya vətəndaşı olmasına baxmayaraq ana dili isveç dili olub. Buna görə də bütün kitabları isveç dilindədir. 


Tuve Stokholm, Helsinki və Parisdəki aparıcı sənət akademiyalarında təhsil alıb. Ədəbiyyata olan qabiliyyəti çox erkən yaşlarında ortaya çıxıb. Yanson "Sara, Pelle və su ruhlarının səkkizayaqlı ilbizi" adlı ilk hekayəsini 14 yaşında yazsa da, əsər 1933 -cü ildə nəşr olunub. Kiçik qardaşı Lars rəssam olduğundan Tuve ilə birlikdə Muumin trolları haqqında komiks üzərində çalışıb. 

 

Dəniz mənzərəsi Tuve Yansonun əsas ilham qaynağı idi. Yayda tez-tez Fin körfəzindəki adalarda ailəsi ilə dincəlirdi. İşlədiyi müəssəsi Helsinkidə idi, amma daha çok Porvoo şəhərinin yaxınlığındakı Pellinki adalarından biri olan Klovharu adasında qalırdı. 


Gənc yaşlarında Tuve incəsənət texnikasını təkmilləşdirmək və yenilərini öyrənmək məqdəsilə Avropa paytaxtlarına tez-tez səyahət edirdi. Müharibə qitəni bürüdükdə isə Yanson “Muuminlər” uşaq kitabını yazmaq və təsvir etmək üzərində işə başladı. Muumin trolları haqqında "Kiçik trollar və böyük daşqın" adlı ilk kitabı 1945-ci ildə nəşr olundu. Bu kitablar XX əsrin ortalarında son dərəcə populyar idi, bütün dünyada tərcümə və çap edildi, milyonlarla nüsxədə çıxdı və satıldı. Bu kitablar üçün klassik illüstrasiyaları şəxsən Tuve Yanson özü çəkib. Sonralar bundan bezən Tuve bu işi qardaşına həvalə etdi. Layihəni 20 il fasiləsiz Tuvenin kiçik qardaşı Lars Yanson davam etdirdi. Uşaq komikslərinə əlavə olaraq, böyüklər üçündə də komikslər seriyada yayımlandı. 

 

Muuminlər haqqında yazılmış uşaqlar üçün kitab seriyası və komikslər, 45 dilə tərcümə edilmiş və dünyada on milyonlarla nüsxəsi satılmış, 15 hekayədən ibarətdir. 


Muuminlər haqqında hekayələr əsasında bir neçə sovet cizgi filmi, eləcə də Finlandiya, Böyük Britaniya, Polşa və Avstriyada çəkilmiş cizgi filmləri çəkilmişdir.


Tuve Yanson qrafikçi Tulikki Pietilla ilə ailəli olub. Tuve Yanson haqqında bədii film çəkilmişdir. 1968-ci ildə yazdığı "Heykəltəraşın qızı" romanı öz həyatından bəhs edir. 


1966-cı ildə Tuve Yanson, uşaq ədəbiyyatının inkişafındakı xidmətlərinə görə Hans Xristian Andersen medalı ilə, daha sonra 1975 -ci ildə isə Gülüş ordeni ilə təltif edilib.


Tuve Yanson 2001 -ci ilin yazında insultdan vəfat edib.


Finlandiyanın Tampere şəhərində, yazıçının təxəyyülünün yaratdığı heyrətamiz dünyaya həsr olunmuş, muzey var.