Xəbərlər

Respublika Uşaq Kitabxanasının yenilənmiş saytı istifadəyə verilib

F.Köçərli adına Respublika Uşaq Kitabxanasının yenilənmiş rəsmi səhifəsinin təqdimatı keçirilib.

 

AZƏRTAC xəbər verir ki, kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova saytdakı yeniliklərlə bağlı məlumat verib. Bildirib ki, müasir texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə oxuculara təqdim edilən kitabxananın yeni saytı istifadəçilərin tələblərinə uyğun hazırlanıb. Köhnə saytla müqayisədə yeni versiya daha sadə, istifadəsi üçün rahat, əlçatan, yeni materiallarla zənginləşdirilmiş və xüsusi dizaynda yığılıb. Saytın yeni mobil tətbiqinin istifadəsi daha rahat və istənilən zaman əlyetərlidir.

 

Ş.Qəmbərova yüksək peşəkarlıq və həssaslıqla hazırlanan yeni saytın istifadəçilərə daha faydalı olacağını vurğulayıb. Qeyd edib ki, ilk dəfə olaraq saytda sağlamlıq imkanları məhdud olan uşaqlar üçün bölmə yaradılıb. Məqsəd bu cür uşaqlara kitabxana xidməti göstərmək, onların sosial mühitə inteqrasiyasını təmin etməklə stiqmanı aradan qaldırmaqdır.

 

Bildirilib ki, oxucular poçt ünvanlarını qeyd etməklə kitabxanaya abunə ola bilərlər. Bu zaman oxucu kitabxanaya daxil olan yeni kitablar, keçirilən müsabiqələr və kitabxananın həyatında baş verən digər hadisələrlə bağlı məlumatlandırılır.

 

Qeyd edək ki, multimedia bölməsində balaca oxucular 300-dən çox uşaqlar üçün bəstələnmiş mahnılar, səsli nağıllar, hekayələr, uşaq lətifələri, cizgi filmləri, səsli kitablar, dərsliklər tapa bilər.