Odlar Yurdu

Şəki

Azərbaycanın gözəl guşələrindən biri Şəki şəhəridir. Şəki şəhəri Azərbaycanın şimal-qərbində, Kiş çayının sol sahilində yerləşir. Şəhəri əhatə edən təbiət, meşələrlə örtülmüş dağlar öz gözəlliyi ilə insanı valeh edir.

Şərqdən Qərbə axan Qurcanaçay çayı şəhəri iki hissəyə, daha yüksəkdə yerləşən cənub və vadidə yerləşən şimal hissələrinə bölür.

Şəki Azərbaycanın ən qədim şəhərlərindən biridir. Vaxtı ilə Şəki Qafqaz Albaniyanın ən iri şəhərlərindən biri idi.  Şəki orijinal memarlıq abidələri ilə məşhurdur. Misal olaraq Şəki Xan Sarayı, Şəkixanovların evi, Giləkli məscidinin minarəsi, məscid, qala divarları, Dairəvi məbəd (XVII-XIX), Zəyzit məbədi (XI-XII), Kiş alban məbədi, Şəki Karvansarasını göstərmək olar.

Bu abidələr arasında ən məşhuru Şəki Xan sarayıdır. Bu saray dünya abidələri siyahısına daxil edilmişdir. Hazırda muzey kimi fəaliyyət göstərən saraya hər il on minlərlə turist baş çəkir. Sarayın ən heyrətamiz xüsusiyyəti onun tikilişi zamanı heç bir mismardan istifadə olunmamasıdır.

Şəki həm də görkəmli siyasi xadim və istedadlı sərkərdə, müstəqil Şəki xanlığının yaradıcısı Hacı Çələbi xan, görkəmli yazıçı Mirzə Fətəli Axundzadə, Azərbaycan Demokratik Respublikası hökumətinin başçısı Fətəli xan Xoyski, Azərbaycanın xalq artisti Lütfəli Abdullayev bəstəkar Emin Sabitoğlu və başqalarının ana yurdudur.

Şəki Azərbaycan şifahi xalq ədəbiyyatının formalaşmasında mühüm rol oynamışdır. Özünəməxsus ləhcələri ilə seçilən şəkililər məşhur Şəki lətifələrinin də müəllifidirlər.