Təbiət

Xortumlu və elektrikli Fil balığı

Fil balığı (lat. Gnathonemus petersii) və ya “Uzun burun”, “Nil fili” kimi tanınan qeyri-adi görünüşlü nadir balıq, Afrikanın tropik şirin su hövzələrində, əsasən Nil çayında yayılmışdır. Mormyridae ailəsinin bir növüdür.

 

Bu balığı digərlərindən fərqləndirən xüsusiyyət - filin xortumu kimi uzanan və aşağı doğru əyilmiş bir dodağa sahib olması və davranışıdır, yəni quyruğu ilə ətrafı görməsidir.

 

Adını, kəllə formalarının fil burnuna bənzəməsindən götürən bu balıqlar, yemək tapmaq, qaranlıq və bulanıq sularda istiqamətlərini müəyyənləşdirmək üçün zəif elektrik sahələrindən istifadə edərlər. Zəif elektrikli bu balıqların başları üzərindəki çıxıntılı hissə, elektrik qəbulediciləriylə örtülür. Qəbul edilən elektrik siqnallarının birləşdirilməsi yüksək emal gücü tələb edir; fil balıqları-balıqlar aləmində ən ağır beyinə sahib olanlardır. Bu növdə beyin o qədər böyük və aktivdir ki, balığın öz maddələr mübadiləsi enerjisinin 60%-indən istifadə edir. Bu da insanlardakının 3 misli qədərdir.

 

Fil balığının elektrik siqnalı yayan elektrik orqanı quyruğunda yerləşir. Balıq gedəcəyi yolu, quyruq tərəfindəki əzələlərində mütəmadi surətdə yaydığı elektrik siqnallarıyla müəyyənləşdirir. Normal şərtlərdə, dəqiqədə təxminən 500 siqnal yayır, lakin suyun çirklənmə dərəcəsi artdıqca dəqiqədə istehsal etdiyi siqnal sayı 1000-i keçə bilər. İngiltərənin Burmaunt şəhərində kirliliyi ölçmək üçün fil balıqlarından faydalanaraq icad edilmiş detektorlardan istifadə edilir. Burmauntdakı bir su şirkəti Staur çayından götürdüyü su nümunələrini 20 fil balığının nəzarətinə vermişdir. Hər balıq çaydan gələn su ilə doldurulmuş akvariumda yaşayır. Akvariumlardakı qəbuledicilər elektrik impulslarını qəbul edərək kompyuterlərə ötürürlər. Əgər su kirlidirsə, balığın artan impulsları müəyyən edilərək kompyuter vasitəsilə həyəcan siqnalı verilir.

 

Adətən ölçüləri 9-50 sm-ə çatır, ən böyük növlər 1,5 m-ə qədərdir. Quyruğu nazikdir, quyruq üzgəci iki hissəyə haçalanmışdır. Bel üzgəcində 12-91, döş üzgəcində isə təxminən 20-70 çıxıntılar var. Bel və döş üzgəcləri quyruğa yaxın məsafədə yerləşmişdir.

 

Dişilər böyükdür və daha yuvarlaq bir qarına sahibdir. Təbiətdə balıq 25 sm uzunluğa çata bilər, lakin əsirlikdə onun ölçüsü adətən 15 sm-dən çox deyil.

 

Əsasən Afrikanın 27 C-lik isti və bulanıq sularında yaşayar. Balıq xortumundan yemək axtarışında, su anbarlarının palçıqlı dibini eşələmək üçün istifadə edir. Qida rasionunu əsasən lildə yaşayan kiçik onurğasızlar təşkil edir.

 

Fil balığı ətraf mühitə oriyentasiya olmaq, yemək axtarmaq və yırtıcılardan qorunmaq üçün əzələlər tərəfindən yaradılan öz elektrik sahəsindən istifadə edir. Fil balığı səslər çıxarmağı bacarır.

 

Cinsi dimorfizm bu balıq növündə zəif seçilir, baxmayaraq ki, balıq üzərində araşdırma aparanlar balığın quyruq üzgəclərinin formasının dişilərdə və erkəklərdə fərqli olduğunu düşünürlər. Lakin balıqların əmələ gətirdiyi elektrik sahələrini öyrənməklə fərdin cinsini müəyyən etmək mümkündür.


Bu balıq bəzək balıqlarının pərəstişkarları arasında da məşhurdur. Bu növ böyük kommersiya əhəmiyyətinə malikdir. Bəzi növlər akvariumlarda saxlanılır və yetişdirilir.


Əlverişli şəraitdə ömürləri- 7-10 ilə çata bilər, baxmayaraq ki, fil balıqlarının rekord 25-26 il yaşadıqları hallar qeydə alınıb.