Yumor

Ayağını yorğanına görə uzat

Bir gün səfərdə ikən Hüseyn Bayqara ağac altında özünə yataq açdırır və uzanıb dincəlmək istəyir. Ancaq yorğan öz boyundan qısa olduğundan onu başına çəkəndə ayaqları, ayaqlarını örtəndə isə başı açıqda qalır. Bundan əsəbiləşən sultan Bayqara oradakı vəzir-vəkilini, əyanları və xidmətçiləri başına yığıb, əmr verir:

 

— Necə edirsiniz edin, yetər ki, bu yorğan başımla ayaqlarımı eyni dərəcədə örtsün.

 

Hamı sultanın başına yığışıb, bu məsələyə bir əncam çəkməyə çalışır. Bu vaxt onları yarıb, irəli çıxan Əlişir sultanın ayaqlarına zoğal çubuğuyla güclü bir zərbə vurur. Canının ağrısından ayaqlarını qarnına yığan sultan niyə belə etdiyini soruşur və Əlişirdən bu cavabı alır:

 

— Mən sizin mübarək əmrinizi yerinə yetirdim. Yoxsa sizinlə bir qəsd-qərəzliyim yoxdur ki! Əgər yorğan boyunuza uyğun deyilsə, onda siz ayaqlarınızı yorğanın boyuna görə uzatmalısınız. Vəssalam, şüdtamam!