Nağıllar, hekayələr

Söz dinləməyən fil balası

Yəqin bilirsiniz ki, fillər Afrikada yaşayır və planetimizin ən böyük heyvanlarıdır. Onlar yalnız bununla məşhur deyillər: körpə fillər savannadakı ən nəzakətli, ən itaətkar heyvan balasıdılar. Ailədən uzaq düşməmək və valideynlərini qəzəbləndirməmək üçün gəzinti zamanı körpə fil balası həmişə kiçik xortumu ilə anasının quyruğundan yapışır.


Ancaq bu gün sizə, söz dinləməyən bir fil balası haqqında danışacağıq.


Bir gün fillər ailəliklə gəzintiyə çıxırlar.


-Bizdən uzağa getmə! - ana fil körpəsinə səsləndi. Axı, ana fil övladının inadkar təbiətini hamıdan yaxşı bilirdi və bu səbəbdən çox narahat idi.

- Hələ də balacasan və itə bilərsən.


- Yaxşı, - fil balası razılaşdı və atasının uzun xortumu ilə qopardığı bananı canfəşanlıqla yeməyə başladı.


Birdən, onun qarşısında kiçik bir göy qurşağı parıldadı. Körpə fil başını qaldırdı.

- Cırcırama! Günəşdə bu qədər gözəl parıldayan onun qanadları idi. Deyilən sözü unudan, valideynlərinin sözünə əhəmiyyət verməyən fil balası cırcırama dalınca qaçdı. O, cırcıramanı tutmağa çalışırdı. Ancaq cırcırama uzun otların arasında itdi və fil balası dayanmalı oldu.


- Bura haradır? – fil balası nəfəsini tutaraq öz-özünə sual verdi və ətrafa baxaraq azdığını başa düşdü.


- Niyə anamı heç dinləmirəm? - cəngəlliklərin arasından keçərək fil düşündü, - İndi qaçdığım yolu necə tapıb atama və anama qayıda bilərəm?


Ağlamaq istəyirdi ki, kolların arxasından ağlamaq səsi eşidildi. Başına gələn hadisəni unudub, nə olduğunu öyrənmək üçün qaçdı və ağacın altında kiçik bir tutuquşu gördü.


- Nə olub? - fil soruşdu.


- Anam mənə uçmağa icazə vermirdi, amma evdə olmadığı müddətdə cəhd etmək istədim ...


- Demək, anana itaət etməmisən - fil tutuquşunu xortumu ilə ehtiyatla qaldırdı və yuvaya qoydu.


- Təşəkkür edirəm -tutuquşu dedi.


- Sən sağ ol! - fil cavab verdi.


Daha sonra cəngəlliyin içindən bir yol tapıb nəhayət ata və anasını tapacağını ümid edərək oradan uzaqlaşdı. Yol kollar və ağaclar arasındakı itib batmışdı. Fil balası bir qədər yol getmişdiki, yenə də qalın otların arasında itdi. Fil balası müqavimət göstərə bilməyib ağlamağa başladı. Harada olduğunu bilmədən gəzdi və itaətsizliyə görə özünü danladı. Birdən yenə də birinin ağladığını eşitdi.


- Tutuquşu və məndən başqa valideynlərinin sözünə qulaq asmayan biri daha var? – deyə öz-özünə düşündü.


Bir az irəli getdi və ağlayan bir aslan balası gördü.


- Niyə ağlayırsan? - fil soruşdu.

– Səndə azmısan?


- Mən azmamışam- deyə aslan balası göz yaşları ilə cavab verdi.

- Valideynlərim şikar arxasınca qaçmağıma icazə vermirlər, amma qulaq asmayıb evdən qaçdım ...


- Bəs onda nə baş verib?


- İti iynələri olan kirpi mənim iki qabaq ayağımı sancdı və indi evə qayıda bilmirəm.


Fil balası dərdlərini dərhal unutdu.


- Ağlama, sənə kömək edəcəm.


Fil balası diz çökdü, aslan balasını kürəyinə mindirdi və yenidən ayağa qalxdı.


- Əla, - aslan balası sevindi, - yuxarıdan hara gedəcəyimi aydın şəkildə görürəm.


Tezliklə aslan balasının evinə çatdılar.


- Mənə kömək etdiyin üçün çox sağ ol, bala fil.


- Dəyməz, - körpə fil kədərlə cavab verdi.

- Əsas odur ki, evdə olasan. Kaş mən də evə gedə biləydim ... Ah, bu yol!


Fil balasının qarşısında yenə uzun bir yol dururdu. Bu dəfə yaxşı basılmış, geniş bir cığır sanki körpə filə deyirdi: "Qorxma, səni valideynlərin yanına aparacam."


Körpə fil o qədər sevindi ki, sürətləndi və çətinliklə dayana bildi. Cığır bir göldə sona çatdı və tam qarşısında, kərgədan balası çarəsizcə göldən sahilə çıxmağa çalışırdı. Bir begemot onu arxadan itələyirdi, amma bacarmırdılar. Sahil çox sürüşkən idi.


Körpə fil heç tərəddüd etmədən kərgədanın kiçik buynuzunu xortumu ilə tutdu və bütün gücü ilə geri çəkməyə başladı. Begemot kərgədanı arxadan itələməyə davam etdi və sonda onu sahilə çıxartmağı bacardılar.


Nəfəsini tutaraq fil kərgədandan soruşdu:


- Üzə bilmirsənsə niyə gölə girdin? Boğula bilərdin.


- Anam onsuz gölə yaxınlaşmağa icazə vermir, amma begemot ilə mən hansımızın daha sürətli qaçdığını mübahisə etdik. Ot üstündə qaçmağa başladıq, lakin dayanmağa vaxtım olmadı və suya düşdüm. Amma sən əgər üzməyə gəlməsəydin mən buradan çıxa bilməzdim!


-Üzməyə gəlməmişəm- deyə fil kədərlə cavab verdi.

- Mən itmişəm. Valideynlərimə qulaq asmadım, cırcırama arxasınca qaçdım və indi onları harada axtaracağımı bilmirəm.


-Görürsən, göl boyunca bir yol var- begemot dedi.

- Təpəyə qalxır. Bu yaxınlarda fillərin səsi oradan eşidildi. Məncə, səni çağırırdılar.


- Həqiqətən!? Təşəkkür edirəm, begemot!

Fil balası cığır boyunca təpəyə doğru qaçdı. Təpədən atlayaraq valideynlərini gördü.


- Ana, ata! Nəhayət ki, sizi tapdım. İndi həmişə sizi dinləyəcəm, sözünüzdən çıxmayacam!


- Bizi necə tapdın?- Atası soruşdu.


- Hər zaman itaətsizliyi ucbatından bəlaya düşənlərə kömək etdim. Hər dəfə qarşıma bir yol çıxdı. O, məni daha da irəli apardı və sizə tərəf gətirdi. Ancaq sizi axtararkən başqalarına kömək etməyi öyrəndim. Onlar isə sizi tapmaqda mənə kömək etdilər.