Xəbərlər

Şagirdlər arasında “Düşünən oxucu” müsabiqəsi keçirilir

Ümumi təhsil müəssisələrinin V-IX sinif şagirdləri arasında “Düşünən oxucu” müsabiqəsi keçirilir.

 

Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, məqsəd təhsilalanların mütaliə və müstəqil öyrənmə bacarıqlarının təkmilləşdirilməsi, onlarda tənqidi, məntiqi və yaradıcı təfəkkürün inkişafı, rəy bildirmə mədəniyyətinin formalaşdırılmasıdır. Müsabiqə yerli nəşriyyatlarla əməkdaşlıq çərçivəsində təşkil olunub.

 

Müsabiqə 3 mərhələdən ibarət olacaq. Müsabiqənin məktəb mərhələsi yanvarın 21-dək ümumi təhsil müəssisələrində, rayon (şəhər) mərhələsi yanvarın 24-dən fevralın 7-dək bölgələrdə, ölkə mərhələsi isə fevralın 8-dən 21-nə kimi videotəqdimatların qiymətləndirilməsi formatında Bakı şəhərində həyata keçiriləcək.

 

Müsabiqə çərçivəsində şagirdlər Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin kitabxanalarına təqdim olunan kitablar əsasında müəyyən edilmiş “Oxu ədəbiyyatı siyahısı”ndan bir əsəri oxuyaraq videotəqdimat hazırlamalıdırlar. Maksimum 5 dəqiqə olan videotəqdimatda şagird bədii əsərin mövzu və ideyasını təhlil edərək əsərin ona təsirini dəyərləndirməlidir. Eyni zamanda, təhlil zamanı “Bədii qəhrəmanın yerinə olsa idim, nə edərdim?”, “Əsərin müəllifinə hansı sualları verərdim?”, “Niyə bu kitabı oxumağı həmyaşıdlarıma məsləhət bilirəm?” suallarından ən azı birinə cavab verməlidir.

 

Müsabiqə qaliblərinə diplom və hədiyyələr təqdim olunacaq.