Yumor

Bişmiş yumurtadan da cücə çıxarmış

Bir tacir səfər üstəymiş. Axşam dükan – bazar bağlandığına görə yeməyə bir şey tapa bilmir. Bir həyətin  qapısını döyüb bir qarıdan on dənə bişmiş yumurta alır. Elə olur ki, tələsdiyindən yumurtaların pulunu vermir.


Tacir mallarını satmaq üçün bu ölkədən çıxıb özgə bir ölkəyə gedir, aradan bir neçə ay keçir, geri qayıdanda aldığı yumurtaların pulunu vermək istəyir. Tamahkar qarı ona belə deyir:


-Əgər yumurtaların pulunu o vaxt versəydin, sözüm olmazdı. İndi isə aradan gör nə qədər keçib. Bu  müddət on yumurtadan on cücə çıxardı, onlar da böyüyüb bir toyuq olardı, hər toyuq da gündə bir yumurta yumurtlayardı. Sonra o yumurtaların hərəsindən yenə bir cücə çıxardı, onlar da böyüyüb toyuq olardılar. Bu toyuqlar da yumurtlayardılar.


Qərəz, qarı bu toyuq – cücə haqq – hesabını o qədər artırır ki, tacir bütün var – dövlətini ona versə, yenə ödəməzmiş. Buna görə də tacir  onun haqqını ödəməkdən boyun qaçırır. Qarı isə gedib xəlifəyə şikayət eləyir. Xəlifə qarının sözünə inanıb tacirin bütün var – dövlətini əlindən aldırıb qarıya verdirir. Tacir əli qoynunda qalır, bilmir nə eləsin.

Bəhlul Danəndə bu əhvalatı eşidir. Qardaşının yanına gəlib ona belə deyir:


-Qardaş, həyətdə bir az buğda əkmək istəyirəm, icazə verərsənmi?


Xəlifə fikirləşir ki, yəqin Bəhlul ağıllanıb, əkinçiliklə məşğul olmaq istəyir. Odur ki, icazə verir.


Bəhlul elə həmin gün yeri şumlayır, həyətin ortasından da yekə bir qara qazan asıb su qaynadır.  Xəlifə külafirəngidən baxıb görür ki, həyətdə qara qazan asılıb, Bəhlul da yeri şumlayıb qurtarıb. Xəlifə vəzir – vəkili ilə birlikdə gəlib Bəhluldan soruşur ki, bu nə əhvalatdır?


Bəhlul deyir:


-Bu saat görərsiniz.


Sonra Bəhlul bir torba buğdanı tökür qaynar su qazanına , bişdikdən sonra abgərdənlə çıxarıb şumlanmış yerə səpələməyə başlayır. Xəlifə  deyir:


-Bəhlul, mən elə bilirdim, sən ağıllanıbsan, amma görürəm ki, elə həmin Bəhlulsan.


Bəhlul özünü bilməməzliyə vurub deyir: 


-Ey ədalətli, ağıllı xəlifə, nə olub ki?


Xəlifə deyir:


-Nə olacaq, bişmiş buğdadan da taxıl bitər?


Bəhlul deyir:


-Yaxşı, bir halda ki, bişmiş buğdadan taxıl bitməz, bəs bişmiş yumurtadan da cücə çıxar ki, sən tacirin bütün mal – dövlətini alıb, yalançı bir qarıya vermisən?!