Bayatılar

Novruz bayatıları

Ordan axan arxdımı?
Üzündə duvaxdımı?
Novruz gəlib yetişdi,
Ayrı duran vaxtdımı?!

 


Mən aşiqəm ayazdı,
Qış dərdlidi, nasazdı,
Onu bu dərdə salan
Qarşıdan gələn yazdı.

 


Mən aşiq ahar oldu,
Səhər yox, nahar oldu,
Qışın əhdini kəsən
Çiçəkli bahar oldu.

 


Bu şeirdi, qəzəldi;
Solub düşən xəzəldi.
Çərşənbələrin ilki
Yalançıdı, Əzəldi.

 


Əzizim, bülbüləm mən,
Boy atmış sünbüləm mən,
Çərşənbələr içində
Üçüncüyəm, Güləm mən.

 


Sürü deyil, naxırdı,
Qazan dibi paxırdı.
Sonuncu çərşənbənin,
Öz adı İlaxırdı.

 


Günəş nurun saçıbdı,
Soyuq qorxub qaçıbdı.
Meşələrdə, bağlarda
Novruzgülü açıbdı.

 


Dəyirmanda dən oldu,
Kef-damağı şən oldu,
Novruz bayramı gəldi,
Gece-gündüz tən oldu.

 


Mən aşiq xoşa gəldi,
Oxudu coşa gəldi.
Sevimli bahar fəsli
Novruzla qoşa gəldi.

 


İp yumağın səridi,
Təri zehmət təridi,
Havaya isti gəldi,
Suyun buzu əridi.

 


Səsləndi xoruz banı,
Açıldı sübhün danı,
İlin yaz fəsli gəldi,
Qızdı torpağın canı.

 


Gün adı Qodu oldu,
Bir adı Dodu oldu,
Novruzda çərşənbənin
Tonqalı, odu oldu.

 

 

 

Beldən açdım qəməni,
Suladım bağ-çəməni,
Novruzun nişanəsi
Səmənidi, səməni.

 


Mən aşiqəm alışar,
Zəhmət çəkər, çalışar.
Novruz günü gələndə
Küsülülər barışar.

 


Mən aşiqəm deyərlər,
Badam, püstə yeyərlər,
Novruz günü adamlar
Təzə paltar geyərlər.

 


Mən aşiqəm üzülər,
Qara gözlər süzülər,
Novruzun süfrəsinə
Yeddi nemət düzülər.

 


Atı çapdım cilovla,
Balıq tutdum tilovla,
Açdım Novruz süfrəsin,
Bayram keçdi plovla.

 


Uca dağın qaşı var,
Ətəyində daşı var.
Novruzun süfrəsində
Zəfəranlı aşı var.

 


Mən aşiqəm oyular,
Həm doğranar, soyular.
Novruzun süfrəsinə
Mütləq balıq qoyular.