Nağıllar, hekayələr

Solmaz Amanova. Xurcun

-Köhnə xalça, mis qab-qacaq... Kimdə varsa, təzə xalıya dəyişirəm, səhərdən axşamadək şəhərin küçələrini gəzən Əli ilə anası Gülxanım qışqıra-qışqıra bu sözləri deyirdilər.

 

Şəhərlilər köhnə mis qab-qacağa və heç nəyə yaramayan xalçaları təzəsi ilə böyük həvəslə dəyişirdilər. Ehtiyac içində yaşayan Gülxanıma və onun oğlu Əliyə bu iş xeyli qazanc gətirirdi. Əlinin atası tez dünyasını dəyişmişdi. Anası mahir xalçaçı idi. O, ipləri yaxşı tanıyır, bir dəfə toxunmaqla onların keyfiyyətini müəyyənləşdirir, ip boyamağın ən yaxşı üsullarını bilirdi. Tez-tez kəndə gələn xalça alverçisi ondan xalça alır və hər dəfə təklif edirdi ki, şəhərə gəlib bu işlə əsaslı məşğul olsun. Gülxanım köhnə xalıları yaxşı tanıyırdı. Əl boyda xalça parçasına baxıb, onun əsl sənət əsəri olub-olmadığını təyin edirdi. Əlinin cingiltili səsi, xoş avazı vardı. Günlərin bir günü onlar İçərişəhərin dar dalanlarından birində beli əyilmiş bir qocaya rast gəldilər. Qoca ağır nəfəs ala-ala dedi:

 

Əzizlərim, mənim evimdə köhnə əşyalar çoxdur. Onları məmnuniyyətlə təzə xalçaya dəyişərəm. Nəvəm ailə qurur. Mən də babayam axı. Ona nə isə hədiyyə etməliyəm. Bax, sizin bu xovlu xalçanızdan çox xoşum gəldi. Gedək bizə, bəlkə razılaşıb onu nə iləsə dəyişə bildik. Onlar qocanın evinə gəldilər. Qoca bir xurcun rəngbərəng ip götürdü. Xurcunu Gülxanıma verib dedi:

- Götür, qızım, rəhmətlik arvadımdan qalıb. Bilirsən, nə gözəl xalılar toxuyardı?! Özü də çox diqqətli idi. İplərə güvə düşməsin deyə həmişə yumaqları yığdığı xurcuna limon qoyardı.

 

Gülxanım heyranlıqla iplərə baxırdı: Nə qeyri-adi rəngləri var.

 

O, ipləri özü boyayardı. Boyaqları otlardan və bitkilərdən alardı. Zəfəran, nar, palıd ağacının qabığı, soğan qabığı onun əlində boyaya çevrilərdi. Toxuduğu xalçaları gilabı ilə yuyardı. Xalçanın rəngi daha da şəffaflaşar, üzə gülərdi. Bu bir xurcun ip nəvəmin nəyinə gərəkdir, amma onları xalçaya dəyişsəm, ona əsl toy hədiyyəsi olar. Götür qızım, bu iplər böyük sevgi ilə hazırlanıb. Rəhmətlik öz əlləri ilə qurbanlıq qoyunun yunundan ip əyirib, boyamışdı ki, xalça toxusun, onun üstündə son mənzilə yollanaq. Amma ömür vəfa etmədi. Dünyasını tez dəyişdi. Bu xurcun çox bərəkətlidir. Götürün, o sizə yalnız xeyir və bərəkət gətirər.

 

Gülxanım dedi:

Nə yaxşı, rəhmətlik həyat yoldaşınızı böyük məhəbbətlə yad edirsiniz. Amma sizin xurcununuz və ipləriniz mənim xalçamdan çox bahadır. Onları götürə bilmərəm.

 

Götür qızım, mənim uşaqlarım qədim xurcunun qədrini bilməzlər. Onlara qurbanlıq qoyunun yunundan hazırlanmış iplərlə dolu xurcun lazım deyil.

 

Əli ilə Gülxanım xurcunu götürüb, qocaya təşəkkür edib, getdilər. Qoca sevinirdi. Indi onun nəvəyə cehiz vermək üçün təzə xalçası var idi. Əli ilə anasının isə bir xurcun rəngbərəng ipi.

 

Ana sevincindən özünə yer tapa bilmirdi: Mən bu xurcunu köhnə əşyalar alverçisinə satmayacağam. Nədənsə, o mənim üçün çox doğmadır. Onda nə isə sehrli bir qüvvə var.

 

Səhəri gün Əli anası ilə kəndə yollandı. Gülxanım qərara gəlmişdi ki, xurcundakı iplərdən xalça toxusun.

 

Gülxanım gecəni gündüzə qatıb toxuyurdu. Əli anasının yanından çəkilmir, gözlərini xalçanın naxışlarından ayıra bilmirdi. Xalça Ay və Ulduz kimi gecələr işıq saçır, səhərlər isə qızılgül ətri verirdi. Gündüzlər xalçanın üzərində quşlar qanad çalır, bülbüllərin şən nəğməsi bütün evə yayılırdı.

 

Mən deyirdim də, bu xurcun və iplər sehrlidir, bütün bunları gördükcə Gülxanım öz-özünə təkrarlayırdı. Nəhayət, xalça tamamlandı, amma xurcundakı iplər azalmadı, necə var idisə, elə də qaldı. Gülxanım içərişəhərli qocanın nə demək istədiyini indi anladı. Öz-özünə dedi:

Indi başa düşdüm, qoca niyə təkrar-təkrar deyirdi "Xurcun bərəkətlidir".

 

Sehrli xalça quş lələyi kimi yüngül və çəkisiz idi. Çox keçmədi, bütün Azərbaycan bu xalçanın əhvalatını eşitdi, amma heç kəs bilmədi ki, xurcun sehrlidir və ondakı iplər hec vaxt qurtarmır.