Bu maraqlıdır!

Uşaqları diş həkiminə getməyə razı salmağın 6 üsulu

Diş həkiminə getmək nəinki uşaqları hətta böyükləri belə həyəcanlandırır. Lakin dişləri sağlam saxlamaq üçün onlara lap kiçik yaşlarından nəzarət etmək lazımdır. Dişlərin sağlamlığını qorumaq üçün mütəmadi olaraq diş həkimini ziyarət etmək vacibdir. Bəs uşaqları diş həkiminə getməyə necə razı salmaq olar?
 
 
1. İlk növbədə evdə dəfələrlə “həkimə getmək” oyunu oynayın. Uşaqlarla birlikdə gəlinciklərin və heyvanların dişlərini müalicə edin və bu zaman ona dişlərə nə üçün nəzarət etməyin lazım olduğunu, əks halda nə baş verəcəyini başa salın.
 
2. Diş həkiminə getdikdən sonra yaranan mənfi hisslərinizi uşaqların yanında söyləməyin.
 
3. Heç vaxt nədənsə ehtiyat etdiyinizi büruzə verməyin və gərginlik  keçirməyin. Uşaqlar bunu o dəqiqə hiss edir.
 
4. Diş həkiminə ilk gedişiniz müalicə məqsədli olmamalı, yalnız tanışlıq xarakteri daşımalıdır. Uşağın həkimə alışması vacibdir.
 
5. Uşaqlarla diş həkimindən getdikdən sonra “sağlam dişlər bayramı” keçirmək barədə razılaşın. Bu zooparkda gəzinti, attraksionda əyləncə, arzusunda olduğu oyuncağı alma kimi həvəsləndirici tədbirlər ola bilər.
 
6. Həkimə səhər getmək məqsədəuyğundur. Gün ərzində gözləmək həm uşaqları, həm də valideynləri həyəcanlandıra bilər.
 
Əsas odur ki, diş həkiminə getməmək üçün israr edən uşaqları danlamayın. Bizim məsləhətlərimizdən istifadə edərək onları razı salmağa çalışın. Öz təcrübəniz və üsullarınız varsa bizimlə paylaşın.