Nağıllar, hekayələr

Kim haqlıdır?

Bir gün Sultan Hüseynin vəzirlərindən biri dedi:

 

- Sultanım, Xorasan dağlarında çoxlu xəzinə var, onları axtarıb-tapıb gətirmək lazımdır.

 

Padşah da bu xəzinəni ələ keçirmək üçün yaxın adamları ilə Xorasan dağlarına getdi. Dağda havanın sərin keçdiyini bilməyən padşah paltar götürməmişdi. Onlar dağ-daşda bir müddət axtarış aparıb, heç nə tapa bilməyib, qayıdıb gəlirlər. Qanı qaralan sultan dağdakı soyuqdan da yaman qorxmuşdu.

 

Gecə-gündüz fikirləşirdi ki, dağdakı bu sərvəti necə ələ keçirsin. Bir müddət də keçdi. Qış gəldi. Kiçik çillə çıxan kimi padşah elçi göndərib, hər tərəfə car çəkdirdi:

 

- Kim qırx yorğanla Xorasan dağında od qalamadan bir gecə gecələsə və salamat qalsa, sultan ona özü ağırlığında qızıl verəcək.

 

Qızıl görsə, Xızır da yoldan çıxar deyiblər. Qızıl adını eşidən adamlar varlanmaq arzusu ilə saraya gəldilər. Ancaq dağ soyuğu daşdan keçər, deyiblər. Qırx yorğan da onları qızdırmadı. Çoxları dağda donub öldü.

 

Qızıl eşqi ilə ölənləri gördükcə Əlişirin ürəyi ağrıyırdı. Bir gün o, bu mənasız işi dayandırmaq fikrinə düşdü. Padşahın hüzuruna gəlib:

 

- Sultanım izin verin, mən də bəxtimi sınayım, - dedi.

 

- Ağlın başındadırmı, dostum. Bilirsən ki, hələ heç kim dağdan salamat qayıtmayıb. Canından bezməmisən ki! - deyib, padşah Əlişiri bu fikirdən daşındırmağa çalışdı.

 

- Sultanım, mən heç nədən qorxmuram. Əgər bir şey olsa, onda günahkar özüməm.

 

- Əlişir, sənin tapdığın qızıl mənə lazım deyil. Sənin ağıllı sözlərin mənə qızıldan qiymətlidir. Bu işdən vaz keç. Lənət şeytana de.

 

- Onda, sultanım, siz də fikrinizdən daşının. Dağa adam göndərməyin.

 

Sultan Hüseyn baxdı ki, olmayacaq, verdiyi fərmanı geri götürsə, camaatın içində biabır olacaq.

 

Fərmanı geri götürməsə, Əlişir dağa gedəcək. Padşah Əlişirlə mübahisənin fayda verməyəcəyini görüb dedi:

 

- Mənə nə, can sənin, gedirsən get.

 

Padşahdan izin alan Əlişir dağın ən hündür yerinə çıxana qədər gün batdı. Əlişir qırx yorğanı düşürüb, yatmaq üçün özünə yer düzəltdi. O, yorğanın otuz doqquzunu altına, birini də üstünə saldı. Gecə isti yerdə yatdı, səhəri də yorğanları götürüb saraya gəldi.

 

Sultan Hüseyn Əlişiri də ölmüş bilib, fikirdən səhərə qədər yata bilməmişdi. Səhər sultan divana gələndə vəzirlərin səssiz-səmirsiz oturduqlarını gördü. Dostundan isə xəbər yox idi. Elə bu vaxt Əlişir saraya girdi. Sultan Hüseyn dostunun sağ-salamat gəldiyini görüb çox sevindi. Sonra şərtə görə Əlişirə özü ağırlığında qızıl verəcəyini yadına salıb, möhkəm kədərləndi. Padşah Əlişirin sağ qalmasına təəccüblənib dedi:

 

- Əlişir, düzünü de, bu gecə bir yerdə od qalanmamışdı ki?

 

- Sultanım, uzaq təpəlikdə hündür bir yerdə çıraq yanırdı..

 

- Hə, deməli belə. İndi aydın oldu ki, sən nəyə görə başqaları kimi donmamısan. Yox, biz belə şərtləşməmişdik. Mən car çəkdirmişdim ki, kim od qalamadan bir gecə dağda yata bilsə, özü ağırlığında qızıl verəcəyəm. İndi hamı şahiddir ki, sən şərti pozdun. Beləliklə, padşah vəd etdiyi qızılı verməkdən boyun qaçırtdı.

 

Əlişir bunu qızıla görə yox, adamları ölümdən qurtarmağa görə etmişdi. Ona görə də o, Sultan Hüseynlə mubahisə etmədi.

 

Günlərin bir günü Sultan Hüseyn Əlişiri yanına çağırmaq istədi. Əlişir onu çağırmağa gələn nökərə dedi:

 

- Sultana de ki, ocağa qaynamağa çay qoymuşam. Bir piyalə çay içib gəlirəm.

 

Aradan bir neçə saat keçdi. Padşah gördü ki, Əlişir gəlmədi. Onun yanına ikinci dəfə nökəri göndərdi. Əlişir yenə çayın qaynamadığını deyib gəlmədi. Axşam oldu. Əlişir gəlib çıxmadı. Qəzəblənmiş sultan: “Bu müddətdə bir yox, yüz dəfə çay qaynadıb içmək olardı. Deyəsən, Əlişir məni ələ salır. Mən indi ona bu ədəbsizliyi göstərərəm. Qoy çağıranda bir də yubanmasın”, - deyə fikirləşib Əlişirin hücrəsinə gəldi.

 

Padşah gördü ki, ocaq yanır. Çaydan ocaqdan üç-dörd addım kənarda qoyulub, Əlişir də oturub gözləyir. Bunu görən Sultan Hüseyn:

 

- Sənin ağlın başındadırmı, Əlişir? - dedi. Ocaqdan üç-dörd addım kənarda qoyulmuş çaydan da qaynayarmı

 

- Sultanım uzaq təpəlikdən görünən çıraq məni isidə bilir, üç-dörd addımlıqda olan çaydanı ocaq nəyə görə qaynatmır?

 

Sultan Hüseyn Əlişirin nəyə işarə etdiyini bilib dedi:

 

- Məndən incimə, dostum. Sənin haqlı olduğunu bilirdim. Ancaq sənin hazırcavablığını yoxlamaq üçün mən həmin bəhanəni gətirdim. Yoxsa mən səndən qızıl əsirgəməzdim. Sən mənim baş vəzirimsən, istədiyin qədər xəzinədən qızıl götürə bilərsən.

 

- Sultanım, Siz qızıldan doymursunuzsa, mən də hazırcavablıqdan yorulmuram.