Bu maraqlıdır!

İlk dərsliklər

Qədim Misirin ictimai quruluşu uzun müddət dəyişməmişdir. Onların elmi bilikləri də dəyişməz qaldığından, bu gün alimlər bu və ya digər kəşflərin dəqiq tarixini müəyyənləşdirməkdə çətinlik çəkirlər. Qədim misirlilərin riyazi biliklərini müəyyən edən mənbələr çox azdır. Onlardan ən məşhurlarını nəzərdən keçirək. Birincisi, ilk sahibinin adını daşıyan Raynd papirusudur. O, 1858-ci ildə tapılmış və oxunularaq 1870-ci ildə çap olunmuşdur. Əlyazma 84 məsələni özündə əks etdirən və eni 33 sm, uzunluğu 5,25 m olan papirus zolağından ibarətdir. Hal-hazırda onun bir hissəsi Londonda Britaniya muzeyində, digəri isə Nyu-Yorkda saxlanılır. İkinci mənbə Moskva papirusu adlanır. Onu 1888-ci ilin dekabr ayında Luksorda rus misirşünası Vladimir Semyonoviç Qolenişev əldə etmişdir. Hal-hazırda papirus A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyində saxlanılır. Uzunluğu 5,44 m, eni 8 sm olan bu papirusa 25 məsələ daxildir. Nəhayət, üçüncü mənbə 1927-ci ildə böyük çətinliklə bərpa edilmiş, misirlilərin hesab biliklərinin səviyyəsini müəyyənləşdirməkdə böyük rol oynayan “Dəridən lülə halında bükülmüş Misir riyaziyyatı”dır. Hal-hazırda o, Britaniya muzeyində saxlanılır. Bu əlyazmalar Orta Şahlıq dövrünə (b.e.ə. XX-XVII əsrlər) aiddir. Moskva papirusu b.e.ə. 1800 və 1600-cü illər arasında hansısa şagird tərəfindən təxminən b.e.ə. 1900-cü illərə aid olan daha qədim mətndən köçürülmüşdür. Raynd papirusu b.e.ə. 1650-ci illərdə mirzə Axmes tərəfindən köçürülmüşdür. Orijinalın müəllifi məlum deyil, yalnız o müəyyənləşdirilmişdir ki, mətn, b.e.ə. XIX əsrin ikinci yarısında hazırlanmışdır. “Dəri lülə” b.e.ə. XIX-XVIII əsrlərə aiddir. Görünür ki, belə papiruslar dərsliklər rolunu oynamışlar. Axmesin əlyazmasında deyildiyi kimi, “onlar bütün əşyaları mükəmməl və əsaslı tədqiq etmək, mahiyyətini başa düşmək, sirlərini aşkara çıxarmaq” üçündür. Uzaq keçmişdə riyazi biliklər belə yüksək qiymətləndirilirdi. Papiruslarda müxtəlif hesablama məsələləri- hesab əməllərinin yerinə yetirilməsinə aid nümunələr, əmlakın bölünməsinə aid məsələlər, zənbilin və ya anbarın həcminin tapılması, sahələrin hesablanmasına aid və s. məsələlər öz əksini tapmışdır. Bəs, belə dərsliklər kimlər üçün nəzərdə tutulmuşdur?


Raynd papirusu aşağıdakı sözlərlə tamamlanır: “Həşəratları, siçanları tut; alaq otlarını təzə-təzə çıxar; bolluca iplik əldə et. Ra Allahından istilik, külək və saf su xahiş et”. Odur ki, bir çox tədqiqatçılar papirusun əkinçilərə ünvanlandığını hesab edirlər. Amma papiruslardakı məsələlərin bir çoxu kəndliyə lazım deyildi. Fironlar ölkəsində xüsusi qrup insanlar vardı ki, onlardan yüksək bilik tələb edilirdi. Bu insanlar mirzə adlanırdı. Mirzə məsuliyyətli və olduqca imtiyazlı vəzifədir. Onun hökmən ən müxtəlif riyazi vərdişləri, bacarığı olmalı idi ki, çətinlik çəkmədən istənilən məsələni həll etsin.