Bu maraqlıdır!

Əmək və onun növləri

İnsan daim inkişafa can atmışdır. Müxtəlif inkişaf mərhələlərini keçən insan buna nail oldu. Sadə əmək alətlərinin yerini mürəkkəb qurğulu mexaniki əmək alətləri tutdu.

 

Əmək cəmiyyətin inkişafında əsas şərtdir. İnsanlar lap qədimdən öz tələbatlarını ödəmək üçün müxtəlif əmək növləri ilə məşğul olmuşlar. Onlar qida əldə edərkən, ev tikərkən, əkin-biçin işləri ilə məşğul olarkən müxtəlif üsul və vasitələrə əl atmış, müxtəlif əmək alətlərindən məqsədəuyğun şəkildə istifadə etmişlər.

 

Cəmiyyətdə münasibətlərin əsasını əmək münasibətləri təşkil edir. Əmək bölgüsü və onun müxtəlif formaları inkişaf etdikcə insanlar arasında iqtisadi əlaqələr genişlənir, yeni-yeni əmək növləri (fiziki, zehni, sadə, mürəkkəb və s.) formalaşırdı.

Əmək və onun növlərinə aşağıdakılar da daxil edilir:

 

► sənaye əməyi
► istehsal əməyi
► fərdi və kollektiv əmək
► əl əməyi
► elmi əmək
► kənd təsərrüfatı əməyi və başqaları

 

Məlumdur ki, insan həm fiziki, həm də zehni işlə məşğul olur. Bu növlərin hər ikisində işçinin həm əli, həm də beyni fəaliyyət göstərir. Fiziki işə bənnanın ev tikməsini, dülgərin taxta yonmasını misal gətirmək olar. Zehni əməyə isə alimin araşdırması, mühasibin hesablama əməliyyatı aparması və başqaları daxildir.

 

Məsələn, siz dərslərinizi hazırlayarkən daha çox zehni əməklə məşğul olursunuz. Lakin bu zaman nə isə yaza, çəkə bilərsiniz. Yəni cüzi də olsa, fiziki fəaliyyət bu prosesdə yer tutur. Ev işlərinə kömək edərkən, məktəbdə sinif otağının təmiz saxlanması və məktəbyanı sahənin təmizlənməsində iştirak edərkən fiziki əməklə məşğul olursunuz, hətta bu zaman da beyində ən sadə işlərin planını, həyata keçirmə yolunu fikirləşirsiniz. Zaman keçdikcə tələbatlarınız dəyişəcək, özünüzə peşələr seçəcəksiniz. Bəziləriniz fiziki, digərləriniz isə zehni işə maraq göstərməklə həyatınızı quracaqsınız.

 

Əməyin müxtəlif növləri üzrə çalışan mütəxəssislərin peşəkarlığı iqtisadi proseslərin tənzimlənməsində böyük rol oynayır. Mütəxəssislərin təhsilli, səriştəli olması vacibdir. Bu ehtiyac hər bir ölkənin iqtisadi və sosial inkişafının əsas mənbəyidir.

 

Əziz dostlar, əməyin hansı forması ilə məşğul olmanızdan asılı olmayaraq, cəmiyyətə faydalı olmağa çalışın. Sizin xoşbəxtliyiniz öz əlinizdədir!