Nağıllar, hekayələr

Gennadiy Tsiferov. Necə böyümək olar!

Ana pişik evdə deyildi. Mavi bantlı balaca pişik balası evdə tək başına idi. O, darıxdığından özü üçün oyun təşkil etdi - hər şeyi səpələyib ətrafa dağıtdı.


Nəhayət ana pişik evə qayıtdı. O, ətrafa baxıb dərindən ah çəkdi və başını yelləyib sakitcə dedi:


- Sən nəcədə balacasan! Tək oynamağı heç bacarmırsan!... Yaxşı, sakitcə otur burada, gedim sənə süd gətirim.


Sakitcə oturmaq!.. Anandan incimisənsə heç sakit oturmaq olarmı?!...


-Niyə axı anam hər gün mənə deyir «Balacasan!», mən heç də balaca deyiləm! – pişik balası öz-özünə deyindi. Sonra o, sanki top kimi yumurlanıb pəncərədən həyətə tullandı.


Pişik balası özündən razı şəkildə gəzərək,  meşəyə üz tutdu.


Baxın mən necə də yekəyəm! - deyə o, özü-özünə öyündü. – “Böyüklər kimi tək gəzib, tək dolaşıram”.


Təzəcə bu kəlməni demişdi ki, arxadan bir səs eşidildi:


- Vay, necə də balacadır!


Təbii ki, “vay” sözü pişik balasına ağır gəldi. Kirpiklərindəki göz yaşını silən pişik balası düşündü ki, dovşanlar sadəcə onu səhv görüb deyə onu “Balaca” adlandırıblar.


Ancaq bir dəqiqədən sonra yenə eyni şeyi eşitdi: "Vay, necə də balacadır ...", bunu artıq qulaqları əlcəyə bənzəyən dovşanlar demirdi... bunu müdrik Qunduz deyirdi.


Pişik balası daha da kədərləndi. Bu zaman onun yanından bir Ayı balası keçirdi.


- Bu nə gözəl mavi gözlü məxluqdur!


- Bəli mən gözələm, amma gözəl deyil, «böyük» olmaq istəyirəm! - pişik kədərlə dedi.


- Böyükmü... - ayı balası düşündü. – Hündür şam ağacının başına dırmaşsan, hamı dərhal balacalaşacaq. Bu o deməkdir ki, sən böyük olacaqsan! – ayı təklif etdi.


-"Düz deyirsən!" – pişik balası sevincək miyoldayıb ağaca dırmaşdı.


Ancaq qəribə bir şey oldu...


Yuxarıdan pişik balası qışqırdı:


- Ey, Ayı, indi necə? Böyüdüm?


— Yox, nədənsə daha da kiçilmisən! – deyə ayı balası cavab verdi.


- Ola bilməz! - pişik balası onun sözlərinə inanmadı və günəşdən soruşmaq istədi. Ancaq günəş ona gülümsəyib buludların arasında  gizləndi.


Yağış yağmağa başladı və pişik gördü ki, yerdən göbələklər boy qaldırır. Qırmızı papaqlı, sarı ayaqlı göbələklər şanlı paraddakı əsgərlər kimi bir cərgəyə düzülüblər. Ah, necə də gözəldir!


Sonra qulaqlarını yuxarı qaldıraraq, pişik balası yağışın altında həmin parada qoşulmaq istədi.


-"İndi mütləq böyüyəcəm" –deyə o öz-özünə düşündü.


Yağışdan sonra o, Sincabdan soruşdu:


- Zəhmət olmasa, mənə de, böyümüşəm?


- Sən? - Sincab təəccüblənərək güldü. “Yağış səni elə isladıb ki, lap balaca yaş topa bənzəyirsən”.


Pişik balası üçün meşədə artıq heç bir iş qalmamışdı. O, evə qayıtmağa qərar verdi. Yox, indi o, böyük olmaq arzusunda deyildi. O, indi olduqca çıxılmaz vəziyyətdədir... ancaq günəş göydən onun üzünə gülümsəyərək dedi:


- "Bilirəm ki, sən böyük olmaq istəyirsən! Odur ki, sənə dediyimi etməlisən!”. Beləliklə, günəş pişik balasına səpələnmiş oyuncaqlarını yerlərinə yığmağı tapşırdı.


Pişik balası hər bir oyuncağı səliqə ilə toplayıb öz yerinə qoydu. Hətta tüklü quyruğu ilə döşəməni belə süpürdü.


Görəsən doğrudanmı indi o, böyüdü?!


Ana pişik evə gələndə gözlərinə inana bilmədi, hətta təəccübündən az qala süd qutusunu yerə salacaqdı, çünki, otaq çox tər-təmiz idi. 


"Bəh-bəh!" – ana heyrətlə ətrafına baxdı və sonra dedi:


- Bəli, sən kifayət qədər böyümüsən! Artıq oyuncaqlarını özün yığırsan! Evi səliqəyə salırsan!


Bax belə! Hamısı budur! İndi bilirsiz necə böyümək olar? - Əvvəlcə oyuncaqları yerinə qoymalısınız! Məsələn, fil - böyükdür, ancaq oyuncaqlarını səliqə ilə yerinə qoymasa, yenə də onun haqqında deyəcəklər: "Vay, o nə qədər balacadır! ..." Bəli, bəli, belə deyəcəklər! Mənə inanmırsınızsa, günəşdən soruşun!