Bu maraqlıdır!

Zəlzələlər adətən harada baş verir

Əgər biz Yer kürəsinin daha tez-tez zəlzələ baş verən yerlərini göstərən xəritəyə baxsaq, bütün yer üzünü əhatə edən, gah şimala, gah cənuba sarı meyllənən enli bir zolaq görərik. Həmin zolaq zəlzələlərin tez-tez baş verdiyi yerləri göstərir. Ona görə də planetimizin bəzi yerlərində zəlzələ heç vaxt olmur, başqa yerlərində isə bu təbiət hadisəsinə tez-tez rast gəlirik.

 

Yaponiya Yer kürəsinin tez-tez zəlzələ olan yerlərindəndir. Yaponiyada zəlzələ az qala hər gün baş verir. Əlbəttə, onların əksəriyyəti zəifdir deyə insanlara heç bir ziyan gətirmir. Buna bənzər, zəlzələsi bol olan başqa bir bölgə  Aralıq dənizi ərazisidir. Amma Birləşmiş Ştatların Yeni İngiltərə nahiyəsində buzlaşma dövründən bəri, yəni artıq neçə minilliklərdir ki, zəlzələ baş vermir.

 

Bunun səbəbi Yer qabığının qalınlığının hər tərəfdə eyni olmamasındadır. Bəzi nahiyələrdə o elə də möhkəm deyil və həmin nahiyələrdə Yer qabığı çat verir. Bu çatlar qabığı təşkil edən qaya süxurlarının qırılmasından əmələ gəlir. Həmin çatların qərar tutduğu hissələrdə Yer qabığının müxtəlif nəhəng parçaları bir-birinə dəhşətli təzyiq edir. Həmin təzyiqin yaratdığı enerji o qədər güclü olur ki, qayaları titrədir və zəlzələ baş verir.

 

Zəlzələdə əmələ gələn titrəmə min kilometrlərlə məsafəyə yayıla bilər. Bu halda zəlzələ xususilə Yer qabığın qalxmasından yaranan çatlar boyunca daha güclü olur. Qırılma baş verən yerlər həm qalxıb-enir, həm də bu parçalar bəzən lap üfüqi istiqamətdə hərəkət edir.

 

Zəlzələdən sonra yer üzündə həmin o çatlar boyu müəyyən dəyişikliklərin şahidi olmaq mümkündür. Titrəmənin ən çox hiss olunduğu yerlərə zəlzələnin "episentr"i deyilir. Əgər həmin episentrin yaxınlığında şəhər varsa, ordakı dağıntılar dəhşətli ola bilər. Dağılan binalar, qaz kəmərinin partlamasından yaranan yanğınlar bəzən çox böyük insan tələfatına səbəb olur. 

 

Həm zəlzələ, həm vulkanların ən çox yayıldığı ərazilər demək olar eynidir. Bu onunla əlaqədardır ki, həmin ərazilərdə Yer qabığı heç də dinc, sakit vəziyyətdə olmur.