Nağıllar, hekayələr

Anar. Sayların sərgüzəşti

Günlərin bir günündə Bir İkiyə dedi:


–Ay İki, gəl dur yanımda olaq On İki.


İki cavab verdi:


–Yox, ay Bir, sən gəl dur mənim yanımda olaq İyirmi Bir, İyirmi Bir On İkidən çoxdur.


Bir dedi:


–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən əvvələm.


İki dedi:


–Yox, mən gərək səndən qabaq duram, çünki mən səndən böyüyəm.


Bir dedi...


İki dedi...


Sözləri çəp düşdü...


Axırda dedilər kedək Üçün yanına, o bizd ən böyükdür, davamızı o kəssin.


Üç çoxbilmiş idi, çox haqq-hesabdan çıxmışdı. Aşiq olanda, Vurulanda On İki də olurdu, lap İyirmi Bir də. Bildi ki, bu sövda baş tutan deyil. Amma Üçün könlündən ayrı şey keçirdi. O, çoxdan altı olmaq istəyirdi. İndi Biri və İkini görəndə fikirləşdi ki, əlimə əcəb fürsət düşüb. Bir ilə İki ikisi bir olsa onlarla bacarmaram, gücümüz tən gələr. Gərək ayrı-ayrılıqda ikisini də aldadıb özümə qatam.


Üç əvvəl İkini xəlvətə çəkdi, aldadıb özünə qatdı, sonra da Biri. Oldu Altı.


Dörd Beşə dedi:


–Gördün? Üç əvvəllər bizə aşağıdan yuxarı baxırdı. İndi Altı olub qudurub. Bizə yuxarıdan aşağı baxır.


Beş Dördə dedi:

–Eybi yoxdur. Gəl biz də birləşək onun qabağına Doqquz qoyaq.


Dördlə Beş birləşib oldular Doqquz.


Altı bunu eşidəndə coşub çıxdı özündən, dombalaq aşıb o da oldu... Doqquz.


Əvvəlki Doqquz bunu eşidib xəbər göndərdi ki, sən əsil Doqquz deyilsən, Yalançı Doqquzsan, Altıdan dönməsən. Çox o yan bu yan eləsən bir dənə çəkərəm kəllə mayallaq olub yenə dönərsən Altıya. Altıdan dönmə Doqquz da əvvəlki Doqquza xəbər göndərdi
ki, çox danışma, bir dənə vurram üç bölünərsən. Daha bundan sonra bir-birinə sataşmadılar.


Günlərin bir günündə əvvəlki Doqquz fikirləşdi; nə vaxta qədər tək qalacağam. Gərək özümə bir yoldaş tapıb olam cüt. Belə qərara gələndən sonra Doqquz Yeddiyə elçi getdi. O biri Doqquz da fikirləşdi ki, mən də təkəm, gərək özümə bir çüt tapam. O da getdi Səkkizə elçi.


Əvvəlki Doqquz bunu eşidib təzədən fikrə getdi. Yaxşı mən Yeddiylə qoşa duranda olacağam Doxsan Yeddi. O biri Doqquz  Səkkizlə qoşalaşanda olacaq Doxsan Səkkiz. Axı, nə səbəbə o məndən artıq olsun?


Belə fikirləşən kimi bu Doqquz Yeddini atdı, getdi o da yapışdı Səkkizdən. Bir Doqquz Səkkizin bu başından tutub bu tərəfə çəkdi, o biri Doqquz Səkkizin o başından tutub o biri tərəfə çəkdi. Səkkizin incə beli qırıldı, bir yumru qaldı bu Doqquzla, bir yumru qaldı o Doqquzla.


Əvvəlki Doqquz çox fikirləşdi ki, bu yumrunu neyləsin?


Axır tapdı. Başladı yumrunu üfürməyə. Üfürdü, üfürdü, yumru şişdi, şişdi oldu Sıfır. Doqquz qoydu bu Sıfırı yanına. Bunu görüb o biri Doqquz da başladı öz yumrusunu üfürməyə. Şişirtdi elədi Sıfır, qoydu yanına. Ancaq qaranlıqda sağı, solu ça şdırdı. Sıfrı sağ tərəfdən qoymaqdansa, sol tərəfdən toydu. Odur ki, o Doqquz oldu 90, çıxdı göyün doqquz qatına, bu doqquz oldu 09, düşdü yerin doqquz qatına.


Yerin doqquz qatındakı 09 göyün doqquz qatındakı 90-a qışqırdı ki, məni burda qoyma, çək yanına. Axı, vaxtilə sən də doqquz olmusan, mən də.


Amma Doxsan Sıfır Doqquza istehza ilə baxıb cavab verdi:


Düzdü, vaxtilə mən də Doqquz olmuşam, sən də. Amma indi sənin kimi "Doqquzu" mənim yanımda görsələr mənə dəli deyərlər, Doxsan Doqquz deyərlər.


Sıfır  Doqquz dinmədi. Nə desin?


Dünyada qəribə işlər olurdu.


Bu iki rəqəmdən başqa say qalmamışdı, odur ki, məktəblərdə hesab dərsi keçilmirdi. Hesab müəllimlərinə doxsan manat təqaüd təyin edib evə göndərmişdilər. Bazarda hər şeyin qiym əti 90 manat olmuşdu: istəyirsən doxsan xalça al, istəyirsən doxsan kibrit. Havalar bəzi yerlərdə isti keçirdi, doxsan dərəcə, bəzi yerlərdə soyuq – doxsan dərəcə.


Futbol oyunları doxsan dəqiqə çəkirdi və hamısı eyni hesabla qurtarırdı: 0:9.


Yazıçılar nə qədər əlləşirdilər doxsan səhifədən uzun kitab yaza bilmirdilər. Hamı telefonu götürəndə yalnız məlumat bürosuna zəng eləyirdi: sıfır doqquz.


Məlumat bürosundan cavab verirdilər:


–Doxsan dəfə demişik, hansı nömrəni istəyirsiniz istəyin, ya doxsan – sıfır doqquzdur, ya da sıfır doqquz – doxsan.


Təyyarələr, maşınlar, gəmilər, qatarlar hamısı doxsan dəqiqədə doxsan kilometr sürətlə gedirdi. Rəyləri yalnız doxsan dərəcə dəyişmək olurdu. Hamının boyu doxsan santimetr, çəkisi doxsan kiloqram olmuşdu. Hamının doxsan yaşı vardı.


İclaslar səhər saat 9.0-da ba şlayır, axşam saat 9.0-da qurtarırdı.


Hamı axşam saat 9.0-da yatır,səhər saat 9.0-da dururdu.


Mən də yəqin ki, bu nağılı o vaxt yazmış olsaydım belə başlardım: günlərin doxsan günündə...


Doxsan gün belə keçdi, axır adamlar darıxdı:


–Əşi, belə iş olar, – dedilər, – öz barmaqlarımızı saya bilmirik.


Gəldilər Doxsanın yanına.


–Yaxşı, ay Doxsan müəllim, – Dedilər, – orda yalqız qalmısan, darıxmırsan?


Demə Doxsan elə bu sözə bənd imiş:


–Əşi, darıxırsan da sözdür. Qalmışam yalqız bu kəllə-çarxda. Bu Sıfırın da elə adı var, bilmirəm niyə bunu özümə calayıb Doxsan oldum. Gül kimi Doqquz idim. Tək idim. Kimə istəyirdim vurulurdum. Kim bilir, bəlkə elə günlərin bir günündə məni artırıb edəcəkdilər On.


Adamlar dedi:


–Yaxşı, Doxsan müəllim. Səndə nə desən tapılar. Gəlsənə özündən bir ayırasan. Bir birlə səni kim tanıyacaq?


Doxsan fikrə getdi. Deyəsən, bu söz onun beyninə batdı.


Özündən Bir ayırıb aşağı göndərdi.


–Ay sağ ol, Doxsan müəllim. Yox, bağışla. Səksən Doqquz müəllim.


Bundan sonra Səksən Doqquzdan Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz çıxdılar. Qaldı Əlli Dörd, onu da Altıya bölüb Doqquz qazandılar.


Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, S əkkiz Doqquz yan-yana düzüldülər.


Adamlar üzlərini saylara tutub dedilər:


–Əziz dostlar, bunu bilin ki, hər sayın öz yeri var. Bir olmasa, On da olmaz, yüz də, min də, milyon da. Doqquz Sıfra uyub çox yüksəklərə qalxdı, amma yalqız qalıb başa düşdü ki, sizsiz o heç nə eləyə bilməz. Odur ki, hərəniz öz yerinizi tutun, öz i şinizi görün. Mehriban olun. Tez-tez görüşün. Cihazlarda, məktəb taxtalarında, kitablarda, layihələrdə. Üstə gəlin, çıxılın, vurulun, bölünün!


Bundan sonra Bir, İki, Üç, Dörd, Beş, Altı, Yeddi, Səkkiz,Doqquz əl-ələ verib Nizami muzeyinin tinindəki təzə saata getdilər. On, On Bir, On İki onları orada gözləyirdi.