Təbiət

Zəlzələ zamanı nə etməli

Zəlzələ – yeraltı zərbələr və yerin üst qatının titrəməsi, yaxud silkələnməsidir. Zəlzələnin başvermə səbəbi Yerin daxilində gedən proseslərdir. Onun gücü Rixter şkalası ilə seysmoqraf adlanan cihazla ölçülür.
 
Zəlzələlər hər yerdə baş vermir. Onlar, əsasən, seysmik qurşaq adlanan ərazilərdə olur. Hazırda iki seysmik qurşaq müəyyən edilmişdir: Sakit okean qurşağı Avrasiyanın şərq sahillərini, Şimali və Cənubi Amerikanın qərb sahillərini əhatə edir. Zəlzələlərin 75-80%-i burada baş verir.
 
Alp-Himalay qurşağı Avrasiyanın cənub hissəsindən keçməklə Atlantik okeanından Sakit okeana qədər uzanır. Alp, Qafqaz, Pamir, Himalay dağlıq əraziləri bu qurşağın daxilindədir.
 
Azərbaycan Respublikası Alp-Himalay seysmik qurşağında yerləşir. Ona görə də ölkəmizdə zəlzələlər tez-tez baş verir.
 
Zəlzələ qəfildən baş verir. Ona hazır olmaq üçün insanlar zəlzələnin nə vaxt baş verəcəyini öyrənmək istəyirlər. Lakin zəlzələ barədə proqnoz vermək çox çətindir. Bu hadisəni öyrənmək məqsədilə seysmoloji xidmət fəaliyyət göstərir. Hazırda dünyada bu xidmət sahəsində 2000-dən çox stansiya mövcuddur.
 
Zəlzələ zamanı böyük dağıntılar və insan tələfatı olur. Fəlakət zonasında hakimiyyət orqanları yerli əhaliyə müvəqqəti yaşayış, qida və digər zəruri mallarla yardım edir. Zəlzələnin nəticələri ağır olduqda bu prosesə dünya ölkələri də qoşulur. Yaradılan xüsusi fövqəladə hallar komissiyası zəlzələnin nəticələrini araşdırır, dəyən ziyanı hesablayır. Nəticələri aradan qaldırmaq üçün tədbirlər planı hazırlayır.
 
Zəlzələ zamanı davranış qaydaları
 
Otaqdasınızsa:
 
• İlk təkandan sonra vahiməyə düşməyin. Binanı tərk etməyə çalışın (aşağı mərtəbədə yaşayırsınızsa). Bu, mümkün deyilsə, otaqdakı masanın altında oturun və ya divanın kənarına və ya otağın küncünə sıxılın və əllərinizlə başınızı tutun.
 
• Pəncərə, şüşə, şkaf və otaqdakı əşyalardan kənarda dayanın.
 
• Eyvana qaçmaq, pəncərədən tullanmaq olmaz.
 
• Təkan zamanı çarpayıda olsanız, döşəməyə enin və təkanların qurtarmasını gözləyin.
 
• Təkanlar qurtarana kimi içəridə qalın, çölə çıxmaq təhlükəlidir.
 
• Liftdən istifadə etməyin.
 
 
Küçədəsinizsə:
 
• Açıq sahəyə qaçın.
 
• Binalardan uzaqda, elektrik xətlərindən, küçə fənərlərindən və ağaclardan kənar yerdə dayanın.
 
 
Maşındasınızsa:
 
• Yolun kənarında işıq dirəklərindən, ağac və reklam lövhələrindən, bina və estakadalardan kənarda dayanın.
 
• Körpülərdən, keçidlərdən, yol ötürücülərindən istifadə etməyin.
 
 
Dağılmış tikilidəsinizsə:
 
• Oddan istifadə etməyin.
 
• Hərəkət etməyin və toz qaldırmayın, bu, nəfəsalmanı ağırlaşdırır.
 
• Ağzınızı dəsmal və ya geyiminizlə tutun.
 
• Xilasedicilərin sizi eşitməsi üçün divarı və ya dəmir boruları döyün. Bu zaman qışqırmaq lazım deyil, çünki toz və zəhərli hava uda bilərsiniz.