Bu maraqlıdır!

Hüquq sahələri

Biz ölkəmizdə azad və müəyyən hüquqlara malik olan şəxslərik. Bəzən hüquqların pozulması haqqında məlumatlar da alırıq. Bunları nizama salmaq üçün müraciət etdiyimiz bir ünvan olmalıdır. Həyatımızı tənzimləyən müəyyən qaydalar və bu qaydalan nizama salan sənədlər də mövcuddur. Bu sənədlərin icrası necə yerinə yetirilir? Bu zaman bizə nə kömək edir?

 

Cəmiyyətin həyatını tənzimləmək üçün hüququn müxtəlif sahələri fəaliyyət göstərir. Hüquq ictimai münasibətləri tənzimləyən və dövlətin müəyyənləşdirdiyi davranış qaydalarıdır. Qüvvədə olan qanunlar hər kəsin hüququnu müdafiə edir və hamı onların qarşısında bərabərdir. İnsan hüquqlarının qorunmasını və qanunun aliliyini hər şeydən üstün tutan dövlətimiz demokratik quruluş və hüquq sistemi yaratmışdır.

 

Hüquq sistemi özündə üç əsas elementi birləşdirir:

 

hüquq sahəsi

hüquq institutu

hüquq norması


 
Hüquq sahəsi konkret sahə üzrə ictimai münasibətləri tənzimləyən hüquq normalarını özündə cəmləşdirir. Hüququn sahələri aşağıdakılardır:


Konstitusiya hüququ;
Mülki hüquq;
Əmək hüququ;
Ailə hüququ;
Vergi hüququ və s.

 

Konstitusiya hüququ
Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır. Konstitusiyamızın birinci fəslinin birinci maddəsində qeyd edilir ki, Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır.

 

Mülki hüquq
Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini, onların əmlak və qeyri-əmlak hüquqlarının həyata keçirilməsi qaydasını müəyyənləşdirən və tənzimləyən hüquq sahəsidir.

 

Əmək hüququ
İşçi ilə işəgötürən arasındakı əmək münasibətlərinin nizama salınmasında mühüm rol oynayır. Əmək məcəlləsinə görə on beş yaşına çatmış hər bir şəxs valideynlərindən birinin yazılı icazəsi ilə işçi kimi əmək müqaviləsi bağlaya bilər.

 

Ailə hüququ
Ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzimləyir.

 

Vergi hüququ
Vergi verənlərin hüquqlarını və vəzifələrini müəyyən edir. Dövlətin əsas gəlir mənbəyi olan vergini nizama salmaq məqsədi daşıyır.

 

Bütün sahələri nizama salan normativ hüquqi sənədlər vardır ki, bunlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları, digər qərar və qanunlar aiddir. Hüquq sisteminin digər bir elementi olan hüquq institutu eyni növ münasibətləri tənzimləyən hüquq normalarını özündə birləşdirir. Hüquq institutu hüquq sahəsinin bir hissəsidir. Hər bir hüquq sahəsi özündə bir neçə hüquq institutunu birləşdirir.

 

Hüquq norması – dövlət tərəfindən tanınan, icrası məcburi olan hüquq və vəzifələr müəyyən edən qaydalardır.

 

Cəmiyyətdə hər kəs öz hüquqlarından istifadə etmək üçün müəyyən normaları, qaydaları bilməlidir. Onların həyata keçirilməsində, nizamlanmasında isə hüquq sahələri və hüquq institutları mühüm rol oynayır.