Bu maraqlıdır!

Normativ hüquqi sənədlər

Hər birimiz cəmiyyətin bir parçasıyıq. Cəmiyyətdə formalaşdığı dövrdən müəyyən qayda və qanunlar mövcud olmuşdur. Hələ ibtidai icma quruluşu dövründə insanları idarə etmək üçün qəbilə və tayfa başçıları seçilir, ağsaqqallar şurası yaradılırdı. Zaman keçdikcə dövlətlər yarandı. Dövlətlərin yaranması ilə müəyyən qayda və qanunlar qüvvəyə minməyə başladı.

 

Hazırda ölkəmizdə və dünya dövlətlərində cəmiyyətin həyatını qorumaq üçün müəyyən hüquqi sənədlər tərtib olunub. Hətta dünya ölkələrinin bir araya gələrək beynəlxalq aləmdə qayda-qanunları nizama salmaq üçün tərtib etdikləri hüquqi sənədlər də vardır.

 

Qanun cəmiyyətin həyatını hüquqi cəhətdən nizamlayır. Qeyd edək ki, ölkə Konstitusiyasının II fəsil 7-ci maddəsində bu öz hüquqi təsdiqini tapır:

 

Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır.


Azərbaycan Respublikasında dövlət hakimiyyəti daxili məsələlərdə yalnız hüquqla, xarici məsələlərdə isə yalnız Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalarla məhdudlaşır.


Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir.


Bu Konstitusiyanın müddəalarına əsasən qanunvericilik, icra və məhkəmə hakimiyyətləri qarşılıqlı fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər.


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin 1998-ci il 22 fevral tarixində imzaladığı “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi haqqında” fərmanı cəmiyyət həyatının bir daha hüquqi qaydada qorunmasının təminatıdır.

 

Cəmiyyətin həyatını tənzimləyən hüquqi sənədlər aşağıdakılardır:

 

Azərbaycan Respublikasının Vergi Məcəlləsi;
Azərbaycan Respublikasının Mülki Məcəlləsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi;
Sosial xidmət haqqında Azərbaycan Respublikasının qanunu;
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu
Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu və başqaları

 

Ölkəmizdə bir çox qanunlar qüvvəyə minmişdir ki, bunlara 1998-ci ildə imzalanmış “Uşaq hüquqları haqqında”, 2001-ci ildə “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, 2009-cu ildə qəbul edilmiş Təhsil haqqında Azərbaycan Respublikasının qanununu və başqa qanunları misal göstərmək olar.

 

Hər bir prosesi tənzimləmək üçün hüquqi normativ sənədlərə istinad edilir. Bir çox sahələrin idarə olunmasında normativ hüquqi sənədlər qüvvəyə minmişdir ki, onlardan bəziləri də təhsilin idarə olunması ilə bağlıdır.

 

Təhsilin idarə olunması ilə bağlı sənədlər:

Azərbaycan Respublikası Prezidentinin Azərbaycan Respublikasında “Bilik günü”nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında fərmanı (21 avqust 2004-cü il).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Evdə təhsil almaq hüququ verən xəstəliklərin siyahısının və evdə təhsilin təşkili qaydalarının təsdiq edilməsi barədə qərarı (10 may 2002-ci il).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq qaydasının təsdiq edilməsi barədə qərarı (29 may 2002-ci il).

“Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltifolunma qaydası”nm təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarı (14 yanvar 2010-cu il).

Bütün bunlarla yanaşı, Təhsil naziri tərəfindən “Məktəblərin fənn olimpiadaları haqqında qaydalar”ın təsdiq edilməsi barədə əmr imzalanmışdır.

Şagirdlərin cəmiyyətdə şəxsiyyət kimi formalaşmasına xidmət edən addımlardan biri də “Kiçik Akademiya”ların yaradılmasıdır.

 

Dünyada sabitlik yaratmaq üçün beynəlxalq təşkilatlar bəyannamələr və konvensiyalar qəbul edir. Cəmiyyətin hüquqi təminatı üçün bu da mühüm addımlardan biridir. BMT-nin qəbul etdiyi “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi” sənədi də bunun təsdiqidir. Sənəddə göstərilir:

 

fikir azadlığı və onları ifadə etmək, düşünmək, din və vicdan azadlığı;
ümumi və bərabər səsvermə hüququ;
siyasi həyatda iştirak etmək;
vətəndaşların haqları, maraqları və şəxsi təhlükəsizliyinin hüquqi təminatını əks etdirən qanunun aliliyi və s.

 

Gördüyünüz kimi, cəmiyyətin həyatı normativ hüquqi sənədlərlə tənzimlənir. Ancaq cəmiyyətdə insanlar öz hüquqlarından istifadə edərkən başqalarının hüquqlarını pozmamalıdırlar.