Mədəni irsimiz

Simli alətlər

Çeşidinə və geniş yayılmasına görə simli alətlərin Azərbaycan musiqi mədəniyyətində müstəsna yeri var. Yazılı mənbələrdə simli çalğı alətlərinin yaranmasına dair bir çox əfsanələr mövcuddur. Rəvayətə görə qartalın ağac başında parçaladığı bir heyvanın bağırsaqları dağılaraq ağacın budaqlarına dolaşır. Sonradan quruyub tarıma çəkilmiş quru bağırsaq külək əsdikcə titrəyərək müxtəlif musiqi səsləri verməyə başlayır. Bu səsləri eşidən qədim insanlar ilk simli çalğı alətlərini icad edirlər. Bu əfsanədə həqiqətə uyğun bir fakt var. Doğrudan da tarixən simli çalğı alətlərinin gövdəsi, qolu və kəlləsi müxtəlif ağac növlərindən, simləri və qoluna bağlanmış pərdələri isə müəyyən üsullarla heyvan bağırsağından hazırlanmışdır. Azərbaycan musiqi mədəniyyətinin inkişafında əvəzsiz tarixi əhəmiyyəti olmuş çoxsaylı simli musiqi alətləri zaman-zaman formalaşaraq, müasir musiqi alətlərinin yaranmasına öz təsirini göstərmiş və bu günümüzə gəlib çatmışdır. Azərbaycan simli çalğı alətləri ifa tərzinə görə dörd qrupa bölünür:


Mizrabla çalınanlar - tar, saz, ud, qanun, bərbət, rud, rübab, qopuz, çoğur


Kamanla ifa edilənlər - kamança, çəqanə


Barmaqla ifa edilənlər (dartımlı) - çəng, Şirvan tənburu


Zərblə çalınanlar - səntur


Qopuz
Ən qədim simli çalğı alətlərindən biridir. Onun yaranma tarixi eramızdan çox-çox əvvəllərə aid edilir. ABŞ arxeoloqlarının 1960-cı ildə Cənubi Azərbaycanın Şuşdağı ətəyində yerləşən Cığamış qədim insan məskənində apardıqları qazıntılar zamanı e. ə. VI minilliyə aid edilən nadir mədəniyyət nümunələri aşkar edilmişdir. Bu tapıntılardan ən maraqlısı sinəsində qopuz tutmuş ozan və bir neçə başqa musiqiçidən ibarət musiqi məclisinin təsvir edildiyi saxsı qabdır. Qopuz türk xalqlarının yaşadıqları geniş coğrafi ərazilərdə məlum olmuşdur. Onun müxtəlif növləri hətta bəzi Avropa ölkələrində də (Ukrayna, Polşa, Macarıstan, Moldova) “kobuz”, “kobza”, “komuz”, “komız” və başqa adlarla geniş yayılmışdır. Çox güman ki, bu, eramızın IV-V əsrlərində türk tayfaları olan hunların Avropaya yürüşü (Xalqların Böyük Köçü) zamanı baş vermişdir. Qopuzun iki növü daha geniş istifadə olunmuşdur.


1) “Qıl qopuz” və ya “ikilıq” kimi tanınan və kamanla ifa edilən ikisimli qopuz növü Orta Asiya xalqları arasında, xüsusilə Qazaxıstanda geniş yayılmış və hazırda istifadə edilməkdədir.


2) Müasir aşıq sazının sələfi sayılan üçsimli “qolça qopuz” Azərbaycan türklərinin istifadə etdikləri ən qədim simli musiqi alətidir. “Kitabi-Dədə Qorqud” dastanlarında xatırlanan qolça qopuz bir neçə adda təqdim olunur. Kitabda adları çəkilən “quruluca qopuz”, “alça qopuz” ayrı-ayrı alətlərin deyil, eyni bir alətin müxtəlif cəhətlərini açıqlayır. Əbdülqadir Maraği “Məqasid əl-əlhan” əsərində qopuzun iki növünün - “rumlular qopuzu” və “ozan qopuzu”nun quruluşu barədə məlumat vermişdir. Güman ki, «qopuz» sözünün etimologiyası qop - qədim türkcədə “ucalıq”, “yüksəklik”, uz isə “avaz”, “sehrli musiqi ahəngi” anlamını verir. Qədim türk qopuzları, əsasən, ikisimli və üçsimli olmuşdur. Altay, Sibir, Çin, Uyğur və Türkmənistan ərazilərində məskunlaşan türk tayfaları ikisimli, Anadolu və Azərbaycan türkləri isə üçsimli qopuzdan istifadə etmişlər. Qolça qopuzun çanağı udabənzər olub, ondan xeyli kiçikdir. Çanaq hissəsi bütövyonma üsulu ilə hazırlanır. Onun üzünün 2/3 hissəsi dəri, qalan hissəsi isə nazik taxta üzlüklə örtülür. Qopuzun qısa qoluna pərdələr bağlanılmır. Ümumi uzunluğu 810 mm, çanağının uzunluğu 410 mm, eni 240 mm, hündürlüyü 120 mm-dir. Diapazonu böyük oktavanın ”si” səsindən birinci oktavanın “lya” səsinə kimidir.

 


Çoğur
Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş-aşıq məclislərində “çağır”, “çaqur”, “çuqur”, “çoğur” adlı musiqi alətindən istifadə edilmişdir. Ehtimal ki, çoğur “haqqı, allahı çağırmaq üçün istifadə edilən musiqi aləti” mənasını verir. Bu sözün dilimizdə işlənən “çal-çağır” ifadəsindən törənməsini və sonralar “çoğur” kimi formalaşmasını də güman etmək olar. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən “Cahanarayi-Şah İsmayıl Səfəvi” salnaməsində bu barədə deyilir: “...Qalib yürüşlü ordunun qarşısında çuxurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar”. Əli Rza Yalçının “Cənubda türkmən çağları” əsərində çoğurun 9 teli 15 pərdəsi və gözəl səs tembri olmasından söz açılır. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Ancaq çoğurun başqa növləri Qafqazda, eləcə də İraq türkmənləri arasında dövrümüzə qədər gəlib çatmışdır. Azərbaycan tarixi Muzeyinin fondunda saxlanılan XIX əsrə aid çoğur musiqi aləti üç qoşa simdən və 22 pərdədən ibarətdir. Alətin çanağı tut ağacından yığma üsulu ilə hazırlanır. Çanağın üst hissəsi 4 mm qalınlığında ağac üzlüklə örtülür. Qol və kəllə hissəsi qoz, aşıqları isə armud ağacından hazırlanır. Ümumi uzunluğu 880 mm, çanağının uzunluğu 400 mm, eni 225 mm, hündürlüyü 140 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağın yan tərəflərində 2, üst hissəsində isə səs rezonansı üçün bir neçə oyuq açılır. Səs düzümü kiçik oktavanın ”do” səsindən ikinci oktavanın “sol” səsinə kimidir.

 


Çəqanə
Kamanla çalınan dördsimli çalğı alətidir. XIX əsrin sonlarına kimi Azərbaycan ərazisində mövcud olmuşdur. XIX əsrin birinci yarısında Azərbaycanda olmuş rəssam Q.Qaqarin “Şamaxı rəqqasələri” tablosunda çəqanənin təsvirini vermişdir. Qətran Təbrizinin, İmadəddin Nəsiminin, Seyid Əzim Şirvaninin və bir çox klassiklərin əsərlərində də bu alət haqqında məlumat vardır. Bu alət 2000-ci ildə Şotlandiyanın Edinburq şəhərində kamanla ifa edilən simli musiqi alətlərinin tarixinə həsr olunmuş simpoziumda iştirakçıların marağına səbəb olmuşdur. Alət armudşəkilli çanaqdan, qol və kəllədən ibarətdir. Çəqanənin uzunsov çanağı doqquz hissədən ibarət olub, yığma üsulu ilə qoz, səndəl və ya fıstıq ağacından hazırlanır. Dayaq rolunu oynayan uzun dəmir şiş çanağın alt hissəsindən keçərək qol ilə çanağı birləşdirir. Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür və onun üzərində səs rezonatorları üçün oyuqlar açılır. İfaçı şişi yerə dayayaraq, aləti şaquli vəziyyətdə saxlayır və sağ əlində tutduğu kamanla səsləndirir. Alətin ümumi uzunluğu 820 mm, çanağının uzunluğu 420 mm, eni 220 mm, hündürlüyü 140 mm-dir. Diapazonu böyük oktavanın «fa #» səsindən ikinci oktavanın «fa #» səsinə kimidir. Ansambl və orkestrlə, eləcə də solo aləti kimi istifadə edilə bilər.

 


Rübab
Mizrabla çalınan simli-dartımlı musiqi alətidir. Orta əsrlərdə Azərbaycanda geniş istifadə edilmişdir. Nizaminin, Nəsiminin, Füzulinin, S.Ə.Şirvaninin və bir çox klassiklərin yaradıcılığında rübabın təsviri verilmişdir. X əsrdə yaşamış görkəmli alim Əl-Fərabiyə görə, rübab qədim mənşəli Şərq musiqi alətidir. Orta Asiya xalqları arasında müxtəlif növləri “kaşqar rübabı”, “tacik rübabı” adları ilə çox məşhurdur. Nizami Gəncəvi incə və zərif rübabı nəğməkar quşların cəh-cəhi ilə müqayisə edir. Şirvan musiqi məclislərinin bəzəyi olmuş rübab Xaqani Şirvaninin əsərində belə tərənnüm edilir:


Mey eşqinə düşmüş rübab,
Qolunda çox vardır tənab.
Çəkmiş bu yolda çox əzab
Quru qamış tək çox sanar.


XVII əsrdə çəng ilə rübabın birlikdə səsləndirilməsinə işarə edən Qivami Mütərzim yazır:


Gözlərində oynar gözəl və şərab, Qulağında çalır çəng ilə rübab. XVIII əsrdən başlayaraq rübab Azərbaycanda tədricən unudulmuş, dövrümüzə qədər gəlib çatmamışdır. Musiqi mədəniyyəti tarixində əhəmiyyətli rol oynamış rübab yenidən bərpa edilərək səsləndirilir. Rübab özünə məxsus çanaq və uzun qoldan ibarətdir. Çanaq tut, qoz və ya fıstıq, qol isə qoz ağacından hazırlanır. Çanağın üzünə balıq dərisindən, yaxud öküz ürəyinin pərdəsindən hazırlanmış üzlük çəkilir və ipəkdən, yaxud bağırsaqdan eşilmiş iki qoşa və bir tək sim bağlanır. Qolunda 18 pərdəsi olur. Ümumi uzunluğu 910 mm, çanağının eni 210 mm, hündürlüyü 80 mm-dir. Diapazonu böyük oktavanın «si» səsindən ikinci oktavanın «mi» səsinə kimidir.

 


Bərbət
XVI-XVII əsrlərə kimi Azərbaycanda istifadə olunmuş mizrabla çalınan simli musiqi alətidir. Ud tipli alətlər ailəsinə mənsub olan bərbətin gövdəsi uda nisbətən böyük, qolu isə xeyli uzundur. Əsasən, saray musiqi aləti sayılan bərbət haqqında Azərbaycan klassiklərinin, o cümlədən Nizami Gəncəvinin yaradıcılığında ətraflı məlumat verilib. “Bərbət” sözünün bər - “sinə”, bət – «ördək» sözlərinin birləşməsindən yarandığını güman etmək olar. Bəzi mənbələrdə isə onun ərəb sözü olub, “ləpələnmə”, “dalğalanma” mənasını verməsi qeyd olunur. Tarixi mənbələrdən, eləcə də Nizami yaradıcılığından məlum olur ki, bu alətin yaradıcısı öz dövrünün məşhur musiqiçisi, mahir ifaçı Barbəd olmuşdur. Nizami Gəncəvi “Xosrov və Şirin” poemasında saray musiqiçisi Barbədi belə tərif edir: Sərxoş bülbül kimi gələndə Barbəd Su kimi axırdı əlində bərbət. O çala bildiyi yüz xoş nəğmədən Seçdi otuzunu özü bəyənən. Bu otuz nəğmə ki, Barbəd çalırdı, Gah ürək verirdi, gah can alırdı. Şərq ölkələrində bərbətin müxtəlif növləri olmuşdur. Onun ilk vətəni Səudiyyə Ərəbistanı sayılır. Bir çox mənbələrdə bərbətin 3, 8, 10 simli növləri olduğu barədə dəlillər vardır. Simlər ipək və bağırsaqdan hazırlanır. Bərbət, əsasən, 3 hissədən - çanaq, qol və kəllədən ibarətdir. Çanağı yığma üsulu ilə qoz və ya qırmızı çinar, qol, kəllə və aşıqları isə qoz ağacından hazırlanır. Üzü 4 mm qalınlığında şam ağacı ilə örtülərək üzərində bir neçə yerdən səs rezonatorları açılır. Qolunda 9-12 pərdə olur. Ümumi uzunluğu 665 mm, eni 465 mm, hündürlüyü 250 mm, qolunun uzunluğu 205 mm-dir. Bərbət qədim ud kimi, yəni xalis kvarta münasibətində köklənir. Diapazonu böyük oktavanın “mi” səsindən ikinci oktavanın “mi” səsinə kimidir.

 


Şirvan tənburu
Şirvan tənburu armudşəkilli olub, saz tipli alətlər ailəsinə mənsubdur. İki, bəzən üç simdən ibarət çox sadə quruluşlu bu musiqi aləti indi də Yaxın Şərq və xüsusən Orta Asiya xalqları arasında geniş yayılmışdır. Tənburun çox qədim tarixi vardır. Əl-Fərabi onun islam dinindən əvvəl yaranmasını qeyd edir. Orta əsrlərdə saray və folklor musiqisində geniş istifadə olunan tənbur aləti haqqında klassiklərin yaradıcılığında və eləcə də miniatür sənət əsərlərində kifayət qədər məlumat verilmişdir. Füzulinin “Yeddi cam” əsərində tənbur belə təsvir edilmişdir: Rəğbət elə tənburə müğənni gəl ürəkdən, Rəğbət açarı ilə ona bir qapı aç sən. Açcaq bir qapı, zahir olub nəşələr ondan, Qəlblər gülərək daim olar gül kimi xəndan. O, orta əsrlərdə Azərbaycanda çox geniş yayılmış və “Şirvan tənburu” adı ilə məşhur olmuşdur. Təbrizlilər tərəfindən çox sevildiyi üçün sonralar “Şirvan-Təbriz tənburu” də adlandırılmışdır. Tənbur ifaçılığı Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən tədricən tənəzzül etmişdir. Çoxnövlü alət sayılır. Onun Bağdad, Xorasan, Hind, Şirvan və Əfqan növləri mənbələrdə qeyd edilir. Bəzi növləri kamanla çalınıb və “ney tənbur”u adlanıb. Şirvan tənburu kiçik çanaqdan və uzun qoldan ibarətdir. Çanağı tut, armud, qolu və kəlləsi qoz, üzü isə tut və yaxud şam ağacından hazırlanır. Qoluna 14-17 pərdə bağlanır. Bundan əlavə, bəzən alətin üz hissəsinə 3-4 pərdə yapışdırılır ki, bunlara da “xas pərdələr” deyilir. Şirvan tənburu iki simdən ibarətdir. Alət barmaqla çalındığına görə simlər bir-birindən 20 mm aralı yerləşdirilir. Şirvan tənburunun köklənmə qaydası da saza bənzəyir. Birinci simdə melodiya ifa olunur, ikinci sim isə, musiqinin xarakterindən asılı olaraq, müxtəlif cür köklənir. Tənbur Azərbaycan simli çalğı alətləri arasında yeganə alətdir ki, sağ əlin baş və orta barmaqları ilə ifa olunur. Bəzən sağ əlin şəhadət barmağına geydirilən üsküyün altına qoyulmuş mizrab ilə də çalınır. Tənburun ümumi uzunluğu 940 mm, çanağının uzunluğu 385 mm, eni 200 mm, hündürlüyü 135 mm, qolunun uzunluğu 340 mm, kəlləsinin uzunluğu isə 120 mm-dir. Şirvan tənburunun diapazonu birinci oktavanın “do” səsindən ikinci oktavanın “mi” səsinə qədərdir.

 


Çəng
Quruluşu etibarı ilə arfa tipli simli-yaylı musiqi alətidir. Yaranma tarixi çox qədimlərə gedib çıxır. Əsasən, saray məclislərində istifadə olunan zərif və incə səsli çəngin ən erkən növləri İkiçayarası və Misir sivilizasiyalarına aid edilir. Azərbaycanın qədim mədəniyyət mərkəzi olmuş Bərdə şəhəri yaxınlığında aparılan arxeoloji qazıntılar zamanı eramızdan əvvəl IV-III əsrlərə aid edilən, üzərində çəng çalan qadın təsvir edilmiş saxsı qab parçası tapılmışdır. Tarixi mənbələrdən belə məlum olur ki, orta əsrlərdə Azərbaycanda istifadə olunmuş çəngin, təxminən, 18-24 simi olmuşdur. Yazılı mənbələrdə və miniatür sənət əsərlərində çəng haqqında məlumat olduqca çoxdur. Əsasən, qadınların ifa etdiyi bu aləti Nizami “Yeddi gözəl” poemasında belə təsvir etmişdir: Çəng alıb əlinə o dilbər pəri, Söylədi çəkdiyi əziyyətləri. Yayıldı çəng səsi, düşdü hər yanə, Nalə aşiqləri etdi divanə. Çəng sözünün “tutmaq”, “yapışmaq” mənasını verdiyini güman etmək olar. Onun uzunsov və qövsşəkilli hissəsi çanağı təşkil edir. Çanağın açıq üzünə balıq dərisi çəkilir, aşağı tərəfinə bərkidilmiş uzunsov hissə isə qol rolunu oynayır. Bu hissədə aşıqlar yerləşdirilir. Simlərin bir ucu çanaq hissədə dəri üzərində yerləşdirilmiş metal ilgəklərə, o biri ucları isə taxta aşıqlara bağlanır. Bərpa olunmuş çəngin bağırsaqdan və ipək sapdan hazırlanmış 30 simi vardır. Alətin ümumi hündürlüyü 930 mm, çanağının hündürlüyü 850 mm, qolunun uzunluğu 665 mm-dir. Xromatik sıraya malik 30 səsdən ibarətdir. Diapazonu kiçik oktavanın «sol» səsindən ikinci oktavanın «si» səsinə kimidir. Çəng solo və ansambl aləti sayılır.


Rud
Qədim simli çalğı alətidir. Orta əsr Azərbaycan klassiklərinin əsərlərində təsvir edilmişdir. Rud Nizami Gəncəvinin “İsgəndərnamə” əsərində belə vəsf olunmuşdur: Müğənni, çal rudu, gəl dadıma çat, Məni bu amansız yuxudan oyat. Bəlkə, rudun səsi axar çay kimi Dincəltsin susamış yanar qəlbimi. Əbdülqadir Maraği risaləsində rud barədə yazır: “Rud xani: onun səthinin yarısına kimi dəri çəkilir, qoluna pərdələr bağlanılır. 4 simli olur. İstifadə qaydası qədim uddakı kimidir”. Əsasən, saray çalğı aləti sayılan rud XVI-XVII əsrlərə kimi Azərbaycan ərazisində istifadə olunub. Araşdırmalardan məlum olur ki, rudun ilk nümunələrinin çanağı balqabaqdan, simləri isə ipək sapdan və yaxud bağırsaqdan hazırlanıb. Onun xarici görünüşü də balqabağı xatırladır. Quruluşu etibarı ilə başqa simli çalğı alətlərindən fərqlənən rudun üzünün yarısı balıq dərisi ilə, qalan hissəsi isə şam ağacından hazırlanmış üzlüklə örtülür. İlk zamanlar barmaqla, sonralar isə yumşaq materialdan hazırlanmış mizrabla çalınıb. Çanağı tut, ərik, qolu və kəlləsi qoz, aşıqları armud ağacından hazırlanır. Rudun qoluna 12 pərdə bağlanılır. Bəm səsə malikdir. Alətin ümumi uzunluğu 860 mm, çanağının uzunluğu 495 mm, eni 335 mm, hündürlüyü 170 mm, qolunun uzunluğu 285 mm-dir. Səs düzümü böyük oktavanın “mi” səsindən ikinci oktavanın “si” səsinə kimidir.

 


Səntur
Yatıq sazlar ailəsinə mənsubdur. Qanun, nüzhə və bu növ alətlərdən hesab edilir. Sənturun bu alətlərdən başlıca fərqi onun iki yüngül ağac toxmaqla (mizrabla) çalınmasıdır. Ona görə də səntur həm də zərb musiqi aləti sayılır. Əfsanəyə görə, Davud peyğəmbər bir sıra musiqi alətlərinin, o cümlədən sənturun yaradıcısı olmuşdur. Səntur haqqında R.Yektabəy yazır: "Bu çalğı aləti çox qədim olub, "Tövrat"da "psanterin" adlandırılır. Səntur kəlməsi bunun başqa bir şəklidir". Yatıq sazların müxtəlif növləri, əsasən, Şərq və Qərb ölkələrində geniş yayılmışdır. Ən qədim və sadə nümunələrinə Tuva və Xakas xalqları arasında rast gəlmək olar. Bu növ alətlər ruslarda "qusli", belarus və moldovalılarda "simbal", çuvaşlarda "kyesli", tatarlarda "quslya", estonlarda "kannel", gürcülərdə "santuri", özbəklərdə "çəng" və s. adlar daşıyır. Osmanlı türklərində 2 növ səntur mövcuddur alafranqa və türk sənturları. Quruluşuna, çalğı tərzinə, səs düzümünə və başqa cəhətlərinə görə sənturun bu növləri bir-birinə çox yaxındır. 9 xərəkli diatonik səntur hazırda İranda - Cənubi Azərbaycan ərazisində geniş yayılmışdır. 9 xərəkli dedikdə, alətin bir tərəfinin xərəkləri nəzərdə tutulur. Əslində, alətin 18 xərəyi (9-9) vardır. Digər növü 24 xərəkli sənturdur (12-12). Bu səntur isə şərti olaraq xromatik alət növünə aid edilir. İranda bu alətin irihəcmli həmnövlərinə bəm sənturlarına rast gəlinir. Səntur xarici görünüşünə görə trapesiyaşəkilli taxta qutuya oxşayır. Alət çərçivədən, üst və alt taxta qapaqlardan ibarətdir. Bütün hissələri seçmə növ qoz ağacından hazırlanır. Aşıq və simgirlər metaldan olur. Alt taxtası 7 mm, üst hissəsi isə 5 mm qalınlığında bütöv bir lövhədən ibarətdir. 12 xərəkli sənturun ümumi uzunluğu 892 mm, eni 315 mm, hündürlüyü 69 mm-dir. Simlər metaldan olur. Hər bir xərəkdən 4 eyni kökdə sim keçir. Simlərin ümumi sayı 96-dır. Səntur transpozisiya olunmayan alət sayılır. İfaçılar arasında, əsasən, üç adda alət işlədilir: sol, lya və si köklü sənturlar. 12 xərəkli sənturun diapazonu böyük oktavanın "mi" səsindən ikinci oktavanın "lya #" səsinə kimidir. 9 xərəkli sənturun diapazonu kiçik oktavanın "mi" səsindən birinci oktavanın "re" səsinə kimidir.

 


Saz
Saz təzənə (mizrab) ilə çalınan simli çalğı alətidir. O, ulu ozan sənətinin davamçısı olan aşıq və saz-söz sənətinin ayrılmaz tərkib hissəsidir. Saz eyni zamanda türk dünyasının, türk mənəviyyatının rəmzlərindən biridir. Sinkretik, yəni özündə çalğı, oxuma, şeir demə, söz və dastan ifaçılığı, aktyor və rəqs (plastika) sənətlərini birləşdirən saz-söz sənəti, muğam sənəti ilə yanaşı, Azərbaycan milli mədəniyyətinin ən əski qatları ilə bağlıdır. Qədim türkdilli xalqlarda şaman, qam, oyun, baxşı, yanşaq, varsaq və nəhayət, ozan kimi tanınan sənətkarlar bugünkü aşığın əcdadları sayılırlar. Ozan sənəti minilliklər və yüzilliklər boyu böyük təkamül yolu keçərək, aşıq sənətinə çevrildiyi kimi, qopuz da ona oxşar təkamül yolu keçərək saz aləti şəklini almışdır. Saz artıq Şah İsmayıl Xətainin dövründə (XVI əsr) indiki şəklini almışdı. Şah İsmayıl Xətainin könül oxşayan qoşmalarının birində saz belə tərənnüm edilir: Bu gün ələ almaz oldum mən sazım Ərşə dirək-dirək çıxar mənim avazım Dörd iş vardır hər qarındaşa lazım Bir elm, bir kəlam, bir nəfəs, bir saz Azərbaycan sazı türkdilli xalqlar arasında yayılmış saz və ona oxşar alətlərdən çalğı texnikası, səsyayımı (akustika) baxımından danılmaz üstünlükləri ilə seçilir. Sazın çanağı tut ağacının seçmə növlərindən, qolu isə qoz ağacından hazırlanır. Çanağın gövdəsi bir-birinə bərkidilmiş tək sayda (adətən 9) taxta “qabırğa”lardan yığılır. Bu “qabırğa”lar qol ilə çanağıbirləşdirən “küp” adlı kiçik hissənin üzərində yığılır və sonra qol əlavə edilir. Çanağın üstü nazik taxta üzlüklə örtülür və qoluna 16-17 pərdə bağlanılır. Azərbaycanda ölçüləri ilə fərqlənən tavar saz və yaxud ana sazın 9, bəzən 8 simi, ondan bir qədər yığcam orta, yaxud qoltuq sazın 6, bəzən 7 simi, kiçik cürə sazın isə 4-6 simi vardır. Bir vaxtlar simlər yüksək keyfiyyətli poladdan hazırlanıb, gümüş suyuna salınarmış. Onlar heç zaman paslanmaz və çox az halda qırılarmış. Xalq çalğı alətləri orkestrində saz solo alət kimi istifadə olunur. Adətən, bunlar qoltuq və ya cürə sazlardır. Saz, əsasən, gilas ağacının qabığından hazırlanmış təzanə ilə səsləndirilir. Çox hallarda alətin qolu və çanağın yan tərəfləri təbii sədəflə bəzədilir. Əsas saz hesab edilən tavar sazın ümumi uzunluğu 1,200 mm, çanağının dərinliyi 200 mm olur. Onun diapazonu 1-ci oktavanın do səsindən 2-ci oktavanın sol səsinə qədərdir.

 


Tar
Azərbaycan simli musiqi alətləri arasında texniki və dinamik imkanlarına görə müasir tar ən mükəmməl və təkmil çalğı alətidir. Dahi bəstəkar Üzeyir Hacıbəyov tarın texniki ifaçılıq imkanlarına, akustik səslənmə xüsusiyyətlərinə istinad edərək yazır: “Tar Şərq musiqi təhsilini artıra bilən alətlərdən ən qiymətlisi və ən mühümüdür”. “Tar” sözünün farsca lüğəti mənası tel, sap deməkdir. Başqa musiqi alətləri kimi, təbiidir ki, müasir tar da özündən əvvəlki qədim simli musiqi alətlərinin əsasında yaranmış və əsrlər boyu formalaşmışdır. Tarın adına Orta əsr klassiklərimizdən Qətran Təbrizinin, Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində rast gəlmək olur. N.Gəncəvinin “İsgəndərnamə” əsərində şair tarı belə təsvir edir:


Müğənni, tək bircə gecə də çal tar,
Məni bu dar yolda əzabdan qurtar!
Bəlkə, genişlənsin, açılsın yolum,
Köçüm, bu daşlıqdan asudə olum...


Dü tar, se tar, çahar tar, pənc tar və şeş tar kimi simli musiqi alətləri tarın müxtəlif növləri hesab edilir. Əbdülqadir Maraği “Məqasid əl-əlhan” əsərində şeş tar (6 simli) barədə məlumat verərək, onu geniş təsvir etmişdir.


Orta əsr rəsm əsərlərində də tarın təsvirinə rast gəlmək olur. 1816-cı ildə Əbu Qasım Təbrizinin yağlı boya ilə çəkdiyi “Tarçalan qız” əsəri bu baxımdan maraqlıdır. XIX əsrin II yarısında Mirzə Sadıq Əsəd oğlu (Sadıqcan; 1846-1902) tərəfindən tarın quruluş və formasında dəyişikliklər edilmiş, simlərinin sayı artırılaraq 5-dən 11-ə çatdırılmışdır. O, tarın tutma qaydasında da dəyişikliklər edərək tarı diz üstündən sinəyə qaldırmışdır.


Müasir tar ifaçılığı XX əsrdə daha güclü inkişaf mərhələsinə başlamışdır. Belə ki, 1931-ci ildə Ü.Hacıbəyov və M.Maqomayevin təşəbbüsü ilə yaradılmış ilk notlu xalq çalğı alətləri orkestrində tar aparıcı alət kimi əsas yeri tutmuşdur. Əsası Ü.Hacıbəyov tərəfindən qoyulmuş notlu ifaçılıq məktəbi tarın texniki və bədii imkanlarını daha da artırmışdır. Tar, əsasən, muğam üçlüyünün tərkibində (tar, kamança, qaval) aparıcı alət kimi istifadə edilib və bu gün də muğam sənətinin inkişafında müstəsna rol oynayır. Muğam operalarında solo oxumaları tarın müşayiəti ilə aparılır. Azərbaycan bəstəkarları tar ilə orkestr üçün bir çox irihəcmli konsertlər yazmışlar. Quruluş və forma etibarı ilə başqa simli musiqi alətlərindən fərqli olan tar, əsasən, üç hissədən - çanaq, qol və kəllədən ibarətdir. Tarın çanaq hissəsi tutdan, qol və kəllə hissələri isə qoz ağacından hazırlanır. Ümumi uzunluğu 850 mm, çanağının hündürlüyü 165 mm, eni 185 mm-dir. Qoluna 22 pərdə bağlanır. Çanağının üzərinə mal ürəyinin pərdəsi çəkilir. Müxtəlif diametrli 11 metal simləri vardır. Sümük və ya ebonitdən hazırlanmış kiçik mizrabla səsləndirilir. Simlər üç qrupa bölünür:


1. Ağ, sarı və kök simlər (hər biri bir cüt olur).
2. Kök sim (tək qalın sim yalnız muğamla ifa olunur).
3. Zəng simlər (cingənə; iki cüt olur).


Tar sinədə üfüqi tutulur, sağ əlin biləyi ilə çanaq hissəsi döşə sıxılır, simlər baş və şəhadət barmaqlarının arasında tutulmuş mizrab vasitəsi ilə ehtizaza gətirilir. Tarın qolu sol əlin baş və şəhadət barmaqları arasında sıxılır, sağ əlin ehtizaza gətirdiyi simlər sol əlin şəhadət, orta və adsız barmaqları ilə müxtəlif pərdələri sıxmaqla çalınır. İfa zamanı texniki və bədii imkanları təmin etmək üçün trel və müxtəlif mizrabvurma üsullarından, ştrixlərdən istifadə edilir. Üst-mizrab, alt-mizrab, üst-alt- mizrab, alt-üst-mizrab, rux (sağ-sol) mizrab, santurmizrab (üst-alt-üst) və digər ştrixlərdən əlavə, lal barmaq dartma sim (vibrasiya), sürüşdürmə barmaq (qlissando) kimi ştrix və üsullardan da istifadə olunur.


İfaçı mizrabı simə vuraraq tarı döşünə sıxmaqla səsi uzun müddət dalğalandırır. Alınmış bu fasilə zamanı yaranan effekt “xum” adlanır. Tar üçün notlar «do» sistemli metso-soprano açarında yazılır. Tarın səs düzümü xromatik olub, 2,5 oktavanı əhatə edir.

Diapazonu kiçik oktavanın «do» səsindən ikinci oktavanın «sol» səsinə kimidir.


Kamança
Kamanla çalınan simli musiqi alətidir. Müxtəlif növləri başqa adlarla Şərq və Orta Asiya xalqları arasında yayılmışdır. Kamança ifaçılığının Azərbaycanda yüksək inkişafı XIX əsrin ikinci yarısından başlayaraq xanəndəlik sənətinin inkişaf etməsi ilə bağlıdır.


İlk nümunələri balqabaqdan, hind qozundan hazırlanar, fil sümüyü ilə bəzədilərmiş. bir və ikisimli kamançanın nə vaxtsa yaylı qopuzdan formalaşması güman edilir. Kamança Orta əsr klassiklərinin əsərlərində geniş təsvir olunmuşdur. XVI əsr Təbriz rəssamlıq məktəbinin nümayəndəsi Mir Seyid Əlinin “Musiqi məclisi” rəsm əsərində bərbət, dəf və kamança alətləri təsvir edilmişdir.


Əbdülqadir Maraği əsərlərində başqa musiqi alətləri ilə yanaşı, kamançanın da adını çəkmiş və onun haqqında məlumat vermişdir. XVII əsrdə Azərbaycana səyahət etmiş alman səyyahı E.Kempfer kamançanın üçsimli və bəzən də dördsimli alət olduğunu, çox gözəl səs tembri ilə səsləndiyini qeyd edir. Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasında kamança belə təsvir edilir:


Kaman musa kimi yanır, inləyir,
Çalan xanəndəni durub dinləyir.
Oxuyan bir gözəl qəzəl başladı
Bu keyfi-işrəti çox alqışladı.


Keçən əsrdə üçsimli, dördsimli və hətta beşsimli kamançanın mövcudluğu məlumdur. Azərbaycan Tarixi Muzeyinin etnoqrafiya fondunda saxlanılan XIX əsrə aid beşsimli kamança bu baxımdan maraqlıdır. Həmin muzeydə görkəmli bəstək ar Zülfüqar Hacıbəyova məxsus olan bir kamança da nümayiş etdirilir. Üç simdən ibarət olan bu kamançanın çanaq və qol hissələri yüksək zövqlə təbii sədəflə bəzədilmişdir. XIX əsrə aid edilən bu alətin maraqlı cəhəti ondan ibarətdir ki, onun çanağı yarı hissədən şaquli şəkildə kəsilmiş və üzərinə dəri çəkilmişdir.


Kamança çanaq, qol və çanağın içərisindən keçərək, onun hər iki hissəsini birləşdirən şişdən ibarətdir.


Çanaq, qol və aşıqlar qoz ağacından xüsusi dəzgahda yonulma üsulu ilə hazırlanır. Çanağın üzünə nərə balığının dərisindən hazırlanmış üzlük çəkilir. Alətin səslənməsinin yaxşı təmin edilməsində qol ilə simlər arasındakı məsafənin dəqiq təyin edilməsi vacib şərtdir. Ümumi uzunluğu 700 mm, çanağının hündürlüyü 175 mm, eni 195 mm-dir. Diapazonu kiçik oktavanın «lya» səsindən üçüncü oktavanın «lya» səsinə kimidir. Kamança üçün notlar «sol» açarında yazılır və yazılışından bir ton yuxarı səslənir. Xalis kvarta, kvinta intervalları ilə köklənir.

 


Qanun
Yatıq sazlar ailəsinə mənsub olub, dartımlı-simli musiqi alətidir. Yaxın və Orta Şərqdə, eləcə də Azərbaycan ərazisində tarixən geniş yayılmışdır. Azərbaycan klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin və başqalarının əsərlərində qanun haqqında məlumat verilmişdir. XII əsrdə yaşayıb-yaratmış, Şərq musiqi elmini dərindən bilən şairə Məhsəti Gəncəvi qanun və çəng alətlərinin məharətli ifaçısı olmuşdur. Əsasən, qadınlar tərəfindən ifa edilən bu aləti Füzuli “Yeddi cam” əsərində belə təsvir etmişdir:


Bir gün gecə məclisimiz vardı ki, ondan
Çox-çox uzağa qalmış idi dərd, qəm, hicran.
Xam nəğmələrlə edərək aləmi məmnun,
Bir huri-mələk çalırdı iri bir qanun.


Qanun miniatür sənət əsərlərində də öz əksini tapmışdır. Uzun tarixi inkişaf yolu keçən bu alət zamanzaman formalaşaraq dövrümüzə kimi gəlib çatmışdır. Üzeyir Hacıbəyov qanunun keçmişdə də təkmil alət kimi istifadə edildiyini qeyd edərək yazır: “Bu gün hər bir musiqiçi üçün piano çala bilmək vacib olan kimi, Şərq musiqiçiləri də öz çalğılarından əlavə, qanun çalmağı dəxi borc bilirmişlər”. Qanunun tərəfləri müxtəlif bucaqlı taxta qutudan ibarətdir. Alt və yan hissələr ağcaqayın, qoz və digər bərk ağac materiallarından hazırlanır. Alətin üst hissəsinin 3/4-ü 4 mm qalınlığında şam ağacından olan taxta üzlüklə, qalan hissəsi isə balıq dərisi ilə örtülür. Ağacla örtülən hissədə üç rezonator oyuğu olur. Dəri ilə örtülmüş hissədə isə alətin eni boyu bütöv bir taxta xərək yerləşir. Simlər alətin gövdəsindəki xüsusi oyuqlara bərkidilərək bu xərəyin üzərindən keçib aşıqlara bağlanır. Aşıqlar olan hissədə simlərin altında dəmir linglər yerləşir. Bu linglərlə simlər qaldırılıb-endirilərkən ton və yarımtonlar əldə edilir. Qanuna üçləşdirilmiş 24 sıra (ümumi sayı 72) sim bağlanılır. İlk dövrlərdə simlər bağırsaqdan və ya ipək sapdan xüsusi üsulla hazırlanırmış. Hazırda kapron simlərdən istifadə edilir. Diz üstünə qoyulan qanun hər iki əlin adsız barmaqlarına taxılmış dəmir üsküklərin arasında yerləşdirilən ebonit mizrablarla səsləndirilir.


Alət içərisi dördkünc dəmir açar vasitəsi ilə köklənir. Qanunun ümumi uzunluğu 800-900 mm, eni 380-400 mm, qalınlığı 40-50 mm-dir. Diapazonu böyük oktavanın «sol» səsindən ikinci oktavanın «si bemol» səsinə kimi üç oktava yarımdır. Diatonik səs düzümünə malikdir. Qanundan xalq çalğı alətləri orkestrinin və ansambllarının tərkibində müşayiətçi və solo alət kimi istifadə olunur.

 


Ud
Əsasən, Ərəbistan, Türkiyə, İran və bir çox Şərq xalqları arasında geniş yayılmış mizrabla çalınan simlidartımlı musiqi alətidir. Ud ərəb sözü olub, «ağac» mənasını daşıyır. Ud haqqında ilk dəfə Mosullu İshaq İbnİbrahimin (767-849), daha sonralar isə Əbu Nəsr Fərabinin (870- 950) əsərlərində məlumat verilir. Orta əsrlərdə Yaxın Şərq mədəniyyətinin inkişafında udun çox böyük tarixi əhəmiyyəti olmuşdur. Bir çox qədim musiqi risalələrində udun qədim tarixə malik olması bildirilir və yaranması barədə rəvayətlər söylənilir. Səfiəddin Əbdülmömin Urməvinin “Kitab əl-ədvar” (“Musiqi dövrləri haqqında kitab”, 1252) əsərini şərhi edən Əbdülqadir Maraği ud musiqi alətinin peyğəmbərin nəvələrindən biri tərəfindən icad edildiyini bildirir. Yazılı mənbələrdə udun icadını qədim yunan filosofu Platonun adı ilə bağlayırlar. Udun təkmilləşdirilməsində, onun yeni səs düzümünün yaradılmasında Səfiəddin Urməvinin çox böyük xidməti olmuş və həm də udda məharətlə çalmışdır. Udun özünə məxsus qüdrətli səsini dahi Füzuli “Yeddi cam” əsərində belə təsvir etmişdir:


Bir gün yenə mən nəşəli bir bəzm düzəltdim,
Mən bu işi bir hikmət üçün bərqərar etdim.
Bir ud sədası bu zaman qalxdı həvayə,
Yandım, tütünüm çıxdı mənim övci-səmayə.


Miniatür sənət əsərlərində udun təsvirinə də rast gəlmək olar. Qədim udun dörd simini od, su, torpaq və hava ilə müqayisə etmişlər. Birinci sim “zir”, ikinci “məsna”, üçüncü “mislas”, dördüncü “bəm” və sonralar əlavə edilmiş beşinci sim “had” adlandırılmışdır. Qədim ud əsrlər boyu quruluş və forma etibarı ilə islah edilmiş, dövrümüzə qədər təkmil bir alət kimi gəlib çatmışdır. Ərəblər tərəfindən İspaniyaya gətirilmiş ud, sonralar Qərb ölkələrində lütnya adı ilə geniş yayılmışdır. Müasir udun beş qoşa, bir tək (cəmi on bir) simi olur. Ud, çanağı sağ dizin üzərinə qoyularaq ifa edilir. İpək sap, bağırsaq və xüsusi kaprondan hazırlanmış simlər bir- birinə kvarta münasibətində köklənir. Ud armudvarı çanaqdan, qol və aşıqlar yerləşən kəllədən ibarətdir. Alətin çanağı yığma üsulu ilə bir neçə hissədən, əsasən, səndəl, qoz və armud ağaclarından hazırlanır. 5 mm qalınlığında olan bu taxta hissələr (qabırğalar) xüsusi qəliblərdə istiyə verilərək lazımi ölçüdə əyilir və hissə- hissə yığılır.Çanağın üzü 5 mm qalınlığında şam ağacından hazırlanmış taxta üzlüklə örtülür. Ümumi uzunluğu 850 mm olan udun çanağının eni 350 mm, uzunluğu 480 mm, hündürlüyü 200 mm olur. Udun diapazonu böyük oktavanın “mi” səsindən ikinci oktavanın “fa” səsinə kimidir. Solo və müşayiətçi alət kimi orkestr və ansamblların tərkibinə daxil edilmişdir.