Bu maraqlıdır!

Yer haqqında yunanların düşüncələri

Yerin kürəşəkilli olması ideyası Eleyalı Parmenid (e.ə. VI əsrin sonu - V əsr), yaxud ondan bir az əvvəl Pifaqor tərəfindən irəli sürülmüşdür. Bu fikir hələ mülahizə idi və güclü arqumentlərlə möhkəmlənməmişdi. Onun əsaslandırılması sonralar Stagirdən olan məşhur filosof Aristotel, eləcə də Kniddən olan mistik və astronom Evdoks tərəfindən verilmişdir (onların hər ikisi e.ə. IV əsrdə yaşamışlar). Onların sübutları aşağıdakılardan ibarətdir: Ay tutulması zamanı Yerin kölgəsi həmişə dairəvi forma alır; dağın zirvəsinə qalxdıqca görüş dairəsi genişlənir; cənuba, yaxud şimala doğru hərəkət etdikdə ulduzlu səma mənzərəsi qalxır, yaxud enir. 


Yerin kürəşəkilli olması ideyasını qəbul edərək və elementar alətlərin köməyilə iskəndəriyyəli alim Eratosfen e.ə. III əsrdə ilk dəfə olaraq Yer kürəsinin böyük dairəsinin uzunluğunun 250 min stadiyə (stadi - qədim yunanlarda təxminən 150-190 metrə bərabər uzunluq ölçüsü) bərabər olmasını müəyyən etmişdir. Eratosfenin hesablamasına görə, Yer kürəsinin uzunluğu 39 min km-dir (əslində isə 40 076 km). Daha sonra e.ə. II əsrin sonu - I əsrin əvvəllərində oxşar ölçmələri iki dəfə Posidoni aparmışdır. Nəticədə o, Yer dairəsi uzunluğunu 180 min stadi almışdır ki, bu da Eratosfen ölçmələrindən xeyli az idi. Əhəmiyyət verilməyən bu səhvlər Böyük Coğrafi kəşflər tarixində gözlənilməz rol oynadı. Belə kiçik Yer kürəsində Hindistana səyahət avropalılar üçün tamamilə real görünürdü. 


Eratosfeni çox vaxt “coğrafiyanın atası” adlandırırlar. O, özünün “Coğrafi qeydlər” əsərində (bizim dövrümüzə fraqmentlər şəklində çatmışdır) və oykumenlər xəritəsində həmin dövrdə Yer haqqında toplanmış bütün məlumatları vahid sistemə gətirərək, ilk dəfə “coğrafiya” terminini işlətmişdir. Yunanlara məlum olan Yerin hissələrini Eratosfen oykumen - məskunlaşmış torpaqlar adlandırırdı.

Kürəşəkilli Yeri yunanlar beş qurşağa bölmüşlər:

donmuş okeanın yaşamağa imkan vermədiyi şimal soyuq qurşaq

yerin bütün məlum sakinlərinin mövcud olduğu şimal mülayim qurşaq

okeanların qaynadığı və yaşayışın mümkün olmadığı isti qurşaq

cənub mülayim qurşaq (bu barədə heç bir şey məlum deyil); ancaq, yəqin ki, orada məskunlaşıb

məskunlaşmayan cənub soyuq qurşaq. 


E.ə. II əsrdə coğrafi enliyin dərəcələrlə ölçülməsini ilk dəfə olaraq astronom Hipparx həyata keçirmişdir. Meridianı 180 hissəyə bölərək o, xəritədə dərəcə toru yaratmış və məskunlaşmış yerdə 12 iqlim ayırmışdır (yun. “klima” - “meyillik”), belə ki, enlik zonaları günəşin hündürlüyü - günəş şüalarının düşmə bucağı ilə müəyyən olunurdu. Bir əsr keçdikdən sonra Posidoni 13 qurşaq ayırmağı təklif edir: Şimal yarımkürəsində iki məskunlaşmamış (soyuq və isti), dörd məskunlaşmış (skif-kelt, orta, quru səhra, efiop); Cənub yarımkürəsində iki məskunlaşmamış və dörd məskunlaşmış, bundan əlavə hər iki yarımkürə üçün ümumi olan ekvator (isti məskunlaşmış) qurşaq.
 
Antik coğrafiyaçıların ən mühüm ideyalarından biri vahid Dünya okeanının olmasıdır. Bu fikri ilk dəfə Aristotel irəli sürmüşdür, sonralar isə Eratosfen bunu inkişaf etdirərək yazırdı: “Əgər Atlantik okeanının genişliyi bizə mane olmasaydı, onda İberiyadan (Pireney yarımadası) Hindistana eyni paralel dairə üzrə üzmək olardı”. Posidon bu ideyanı daha aydın şəkildə şərh edir: “Aydındır ki, məskunlaşmış Yer hər tərəfdən okeanlarla əhatələnmişdir. Onu heç bir quru zolağı əhatələmir, o geniş sahədə yayılmışdır”. Bizim eranın I əsrinin ortalarında Pomponiy Mela təsdiq etmişdir ki, Dünya okeanı məlum quru sahələrini (Avropa, Asiya və Afrika) məlum olmayan (“naməlum torpaq”), antixtonlarla (yun. “tərsinə yaşayanlarla”) məskunlaşmış və hər tərəfdən sularla əhatələnmiş yerlərdən ayırır. 


Bir sıra antik coğrafiyaçılar inanırdılar ki, Cənub yarımkürəsinin böyük bir hissəsini hansısa quru sahəsi tutur. Bəziləri, Mela kimi, elə başa düşürdülər ki, cənubda hər tərəfdən okeanlarla əhatələnmiş materik yerləşir. Başqaları (xüsusilə Ptolemey) güman edirdilər ki, nəhəng materik Hind okeanını cənubdan əhatələyərək, onu nəhəng gölə çevirmişdir.


Məhz dəniz sularının birliyi ideyası ərəb dənizçilərini ruhlandırmış və sonralar Feman Magellan Atlantik okeanı, Hind okeanı ilə Sakit okean arasında yol açmışdı. Nəhəng cənub materiki haqqında digər ideya Terra Australis incognita (Naməlum Cənub Torpağı) ilə bağlı idi. Bu ideya 2 min ildən artıq bir dövrdə mövcud oldu. Bu təsəvvür edilən materikin ölçüləri xəritədə tədricən okean və qitələrin real sərhədi dərkediləcək dərəcədə kiçilirdi. Hazırda bu materik Antarktida adlanır.