Görkəmli şəxsiyyətlər

Mirzə Şəfi Vazeh

Mirzə Şəfi Vazeh Azərbaycan şairi, maarifçisidir. O, Gəncədə anadan olmuş, gimnaziyada oxumuş, mükəmməl təhsil almışdır. Bir müddət xəttatlıq sənəti ilə məşğul olmuş, M.F.Axundova digər elmlərlə yanaşı hüsnxətti də öyrətmiş, onu ruhani olmaq fikrindən daşındırmışdır. Mirzə Şəfi gənc yaşlarınldan gözəl şeirlər yazmış, tezliklə tanınmış, şöhrətlənmişdir.

 

Onun təsis etdiyi "Divani-hikmət" ədəbi fəlsəfi məclisi Gəncə şairlərinin, ziyalılarının böyük marağına səbəb olmuşdur. Mirzə Şəfi 1840-cı ildə Tiflisə köçmüş, oradakı qəza məktəbində Azərbaycan və fars dillərindən dərs demişdir. O, bu şəhərdə qabaqcıl Azərbaycan, rus, gürcü, xarici ölkə ziyalıları ilə tanış olmuş, dostluq etmiş, Gəncədə təsis etdiyi "Divani-hikmət" ədəbi-fəlsəfi məclisini burada davam etdirmişdir. Bu məclisdə poeziya, fəlsəfə, etika qaydalarına dair fikir mübadiləsi edilirdi. A.Bakıxanov, M.F.Axundov, Mirzə Şəfinin tələbəsi alman Fridrix Bodenştedt və başqaları bu məclisdə iştirak edirdilər.

 

Mirzə Şəfi 1848-ci ildə Gəncəyə qayıtmış, qəza məktəbində müəllimlik etmiş, bir müddətdən sonra, 1850-ci ildə yenidən Tiflisə gəlmiş, buradakı zadəganlar gimnaziyasında Azərbaycan və fars dilindən dərs deməyə başlamışdır. Mirzə Şəfi Vazeh 1852-ci ilin noyabr ayında Tiflisdə vəfat etmiş və orada da dəfn olunmuşdur.

 

Şairin həyatının ən maraqlı, yaradıcılığının ən parlaq dövrü bu şəhərlə bağldıdır. O, "Tiflislə əlvida" şeirində öz düşüncələrini məharətlə qələmə almışdır. Mirzə Şəfi əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. O, "Ağılların açan" adlı əlyazması halında olan şeirlər məcmuəsini Tiflisdə dostluq etdiyi F.Bodenştedtə hədiyyə vermişdir.

 

Almaniyalı qonaq Mirzə Şəfinin digər şeirlərini də toplayaraq Almaniyaya qayıdır və bir müddətdən sonra həmin şeirləri alman dilinə çevirərək, başqa Şərq şairlərinin əsərləri ilə birlikdə 1850-ci ildə "Şərqdə min bir gün" adı ilə çap etdirmişdir. Bu kitabda Mirzə Şəfinin həyatı və yaradıcılığı barədə geniş məlumat vermiş, onun həmin şeirlərin müəllifi olduğunu təsdiq etmişdir. Bu kitabdan sonra F.Bodenştedt müəllimi Mirzə Şəfinin şeirlərini 1851-ci ilddə Berlində alman dilində kitab halında "Mirzə Şəfinin şərqiləri" adı ilə nəşr etdirir. Kitab Almaniyada sürətlə yayılaraq, müəllifinə böyük şöhrət qazandırır. Şeirlər tezliklə ingilis, italyan, Norveç, İsveç, holland, Danimarka, polyak, çex, yəhudi, rus dillərinə tərcümə olunur. "Şərqilər"in rus dilində tərcümə və nəşri 1860-cı illərdən başlamış və bu şeirləri rus dilinə ilk tərcümə edən M.Mixaylov olmuşdur.

 

O,1862-ci ildə Berlində nəşr etdirdiyi şeirlər məcmuəsində Mirzə Şəfinin Hafiz haqqında yazdığı şeirin tərcüməsini vermişdir. Həmin şeir ikinci dəfə 1887-ci ildə Peterburqda "Russkaya starina" məcmuəsinin 54-cü cildində nəşr olunmuşdur. "Şərqilər"in rus dilində tam nəşri N.Eyfertə məxsusdur. Mirzə Şəfinin şeirləri onun tərcüməsi ilə Moskvada 1880- ci ildə çapdan çıxmışdır. Mirzə Şəfinin şeirləri böyük ədib Lev Tolstoyun diqqətini cəlb etmiş, dostu A.Fetə yazdığı məktubunda xüsusi olaraq qeyd edir: "Mirzə Şəfinin şeirlərini oxudum, orada gözəl şeylər vardır", - deyə həmin kitabla çox maraqlandığını bildirmişdir.

 

Rus bəstəkarı Anton Rubinşteyn 1870-ci ildə, Veymarda yaşadığı dövrdə, Mirzə Şəfinin bir neçə şeirinə romanslar yazmış, F.Şalyapin isə onların bəzisini məharətlə ifa etmişdir. Mirzə Şəfinin şeirlərinin Avropada şöhrət qazandığını görən F.Bodenştedt 1875-ci ildə özünü onların müəllifi elan etmişdir. Bununla da Mirzə Şəfinin adı uzun müddət unudulmuşdur. Aparılan elmi, ədəbi araşdırmalar bir daha təsdiq etdi ki, "şərqilər"in həqiqi müəllifi Mirzə Şəfi Vazehdir. F.Bodenştedin bu sahədə rolu həmin şeirləri almancaya tərcümə etməkdən, bunları Qərbi Avropada yaymaqdan ibarət olmuşdur. Araşdırmalar gösçtərir ki, Mirzə Şəfinin azərbaycanca və farsca yazdığı şeirlərdən ancaq bir neçəsi tapılıb aşkara çıxarılmışdır.

 

Şairin yaradıcılığının az bir hissəsini təşkil edən bu şeirləri ilk dəfə Salman Mümtaz üzə çıxarmış və 1926-cı ildə "Mirzə Şəfi Vazeh" adı ilə nəşr etdirmişdir. Bir müddətdən sonra Gürcüstan Elmlər Akademiyası yanında Əlyazmalar İnstitutunda Mirzə Şəfinin öz xətti ilə yazdığı 2 qəzəli və "Məktubun intizarında" poeması tapılmış və bu vaxta qədər məlum olmayan bu əsərlər şair Balaş Azəroğlu tərəfindən farscadan Azərbaycan dilinə tərcümə edilərək, 1964-cü ildə H.Məmmədzadənin şərhi ilə "Azərbaycan" jurnalının 10-cu nömrəsində çap eldilmişdir. Əlbəttə, bu tapıntı Mirzə Şəfi yaradıcılığını daha dərindən araşdırmaqda mühüm əhəmiyyət kəsb edirdi. Şairin 168 misradan ibarət olan "Məktubun intizarında" poeması məsnəvi şəklində yazılmışdır. Şair poemanı sevgilisinin tərifi ilə başlayır və bildirir ki, onun sevgilisi gözəllər gözəli, vəfada, əhdində tayı olmayan, xoşəməl, mehriban bir gözəldir. "Məktubun intizarında" poeması şairin səriştəli sənətkar olduğunu bir daha təsdiq edir.

 

Mirzə Şəfi əsasən lirik şeirlər yazmış, əsərlərində gözəllik, sevgi, məhəbbət, dünya nemətləri tərənnüm olunur, məhəbbət dini etiqada qarşı qoyulur. O, "insan zülmə tabedir" fikrinə qəti etirazını bildirir, hər kəsi zülmə, zülmkarlara, haqsızlığa və haqsızlığı törədənlərə müqavimət göstərməyə çağırır. Dini ehkam, ruhanilik, mütləqiyyət əleyhinə yazılan satiraları şairin yaradıcılığında xüsusi yer tutur. "Teymur", "Dərviş", "Sədi və şah", "Sual-cavab" və digər əsərləri Mirzə Şəfini satirik şair kimi də məşhurlaşdırır.

 

Ruhanilərə qarşı kəskin satirik şeirlər yazdığına görə Gəncə axundu onu "kafir" adlandırmışdır. Mirzə Şəfinin maarif sahəsində də mühüm xidməti olmuşdur. O, Azərbaycan dilində xüsusi dərsliyin, təlim vasitələrinin olmadığını nəzərə alaraq, bu işi öz üzərinə götürmüş, gimnaziyanın Şərq dilləri müəllimi İ.Qriqoryevlə birlikdə Azərbaycan dilində ilk dərs vəsaiti tərtib etmişldir. "Kitabi-türki" adlanan həmin vəsaitdən gimnaziya və qəza məktəblərində Azərbaycan dilini öyrənmək üçün uzun müddət istifadə olunmuşdur.

 

Mirzə Şəfi Vazehin əsərləri 1851, 1873, 1875-ci illərdə Berlində, 1880, 1930, 1971-ci illərdə Moskvada, 1926, 1961, 1977-ci illərdə Bakıda və dünyanın ayrı-ayrı şəhərlərində nəşr olunmuşdur. Mirzə Şəfi Vazeh irsinin araşdırılmasında, Azərbaycan şairi kimi təsdiq olunmasında alimlərin, ədəbiyyatşünasların, yazıçıların, ilk növbədə Ə.Səidzadənin, M.Rəfilinin, F.Qasımzadənin, F.Mustafayevin, A.Bayramovun və başqalarının əməyi böyük olmuşdur. Onlar şairin həyat və yaradıcılığı barədə mətbuatda ciddi fikirlər söyləmiş, haqqında çoxsaylı əsərlər yazmış, nəşr etdirmişlər. Mirzə Şəfi Vazeh zəngin yaradıcılığı ilə Azərbaycan poeziyasına yeni fikir, düşüncə tərzi gətirmiş, bu yeniliklər şairi ucaltmış, şöhrətləndirmiş, insanlara sevdirmişdir. Azərbaycan Respublikası prezidentinin 12 yanvar 2004-cü il tarixli sərəncamı ilə Mirzə Şəfi Vazehin əsərləri kütləvi tirajla çap edilmişdir.