Şeirlər

İradə Gülfir. Dəcəl Totu

Ay Totunun anası
Var bu günün xatası.
Danışaq siz də bilin,
Totuya baxıb gülün.

 

 

 

Gah bişirir- düşürür,
Anası iş—güc görür.
Nəzər saldı hər şeyə,
Totu çatmasın deyə.

 


Yığdı stolun üstə,
Totu qalsın ahəstə.
Arxayın paltar yudu,
Totunu evdə qoydu.

 


Şəkərdi bu, qənddi bu,
Necə də höcətdi bu.
Totu tək qalan zaman,
Evə tutdu bir divan.

 


Yorğan – döşək, pal-paltar,
Qarışdırdı hər nə var.
Əli stola çatmır,
Axtardığını tapmır.

 


Süfrəni dartıb, çəkir,
Hər şeyi yerə tökür.
Qab-qacın sınığı,
Hər yan nimçə qırığı.

 


Əlini kəsir Totu,
Ağlayıb, əsir Totu.
Ana təlaşla gəlir,
Qorxub, gözü bərəlir.

 


Totunun qanı axır,
Başından şimşək çaxır.
Alt-üst olub mənzili,
Belə söylədi dili.

 


Hər yan qənd, mürəbbədir,
Burda müharibədir?
Ay səni, dəcəl Totu,
Törətdin əngəl Totu.