Bu maraqlıdır!

Sirli bələdçi abidə: Corciya Quaydstons

Amerika Birləşmiş Ştatları Corciya ştatının Elbert qraflığında yerləşən Quaydstons (Guidestones) bələdçi daşı 44 illik bir keçmişə sahib olsa da, özündə çox qəribə bir sirri gizləməkdədir.

 

Hündürlüyü 5,47 metr olan strukturun ümumi çəkisi təxminən 108 ton (107,840 kq) təşkil edir.

 

Hər biri 20 ton ağırlıq, 5 metr hündürlük və bir də 12 ton ağırlığında təpə daşı olan bu abidənin tikintisinə 1979-cu ilin iyul ayından başlanılıb, lakin kimin tərəfindən tikildiyi məlum deyil. Bir daş mərkəzdə, dördü isə ətrafında yerləşib. Bu nəhəng daşları bəzən hətta "Amerikanın Stounhenci" də adlandırırlar.

 

Abidənin, qiyamət günündən sonra həyatda qala biləcək insanlara yenidən bir mədəniyyət qurmaları üçün bir dərslik, bələdçi rolunu oynayacağı söylənilməkdədir.

Dörd böyük daş plitənin üzərində 8 fərqli dildə  – ingilis, ispan, hind, ivrit, ərəb, qədim Çin, rus və svahili (Şərqi Afrikada yayılmış dil) dilində – 10 əmr və ya tezis yazılıb. Şaquli duran plitələrin üzərinə qoyulmuş plitədə isə Qədim Babil mixi yazıları ilə, Qədim Misir heroqlifləri ilə, qədim yunanca və sanskritcə də yazılar mövcuddur.

 

Abidə yerin əsas istiqamətləri tərəfə yönəlmişdir, bəzi yerlərində Şimal Ulduzu və Günəşi göstərən dəliklər vardır. Təpə plitədə açılmış dəlikdən düşən işıq isə aşağıda təqvim üzərində günü göstərir.

 

Tikinti hələ də naməlum qalan bir qrup insan tərəfindən inşa edilib. Yalnız o məlumdur ki, 1979-cu ilin iyununda R.C.Kristiyan təxəllüsü ilə gizlənən naməlum bir şəxs Elberton Qranit Finişinq Şirkətinə abidənin tikintisinə göstəriş verib.

 

2022-ci il, iyulun 7-nə keçən gecə naməlum şəxslər qranit abidəni partlayışla zədələyiblər. Partlayış nəticəsində svahili və hindi dillərində yazılar olan plitə məhv olmuş, həmçinin üst plitəyə ciddi ziyan dəyib.