Nağıllar, hekayələr

Üç səyahət

XVIII əsrdə avropalılar Sakit okeanın cənub hissəsi haqqında heç nə bilmirdilər. Magellandan iki əsr sonra, 26 sentyabr 1768-ci ildə Ceyms Kuk Sakit okeanda səyahətə yollandı. Kuk astronomik müşahidələr aparmalı, eyni zamanda, cənub materikinin mövcud olmasını aydınlaşdırmalı idi. İngilislər güman edirdilər ki, cənub materikini kəşf etməklə faydalı qazıntıların yataqlarını tapmış olacaqlar.

 

Ekspedisiyaya Kral Hərbi-Dəniz Donanmasının kapitanı Ceyms Kuk özü başçılıq edirdi. O, səyahətə “İnvedor” adlanan iri, kömür daşıyan möhkəm gəmi ilə gedəcəkdi. Kuk gəmi heyətinin tərkibində təbiətçilərin, astronomların və tədqiqatçı alimlərin cəlb olunmasına nail oldu.

 

1768–1779-cu illərdə Kuk cənub dənizinə üç səyahət etdi. Səyahət zamanı alimlər yeni tapılan torpaqlar əsasında xəritə tərtib edir, yeni bitki növlərinin şəkillərini çəkirdilər. Onlar həmçinin Sakit okean adalarında məskunlaşan xalqlar haqqında qiymətli məlumatlar toplayırdılar. Ceyms Kuk özü dəfələrlə yerli sakinlərlə görüşmüş, onlarla söhbətlər aparmışdır. O, adalarda yaşayan yerli əhaliyə hörmətlə yanaşırdı.

 

Ceyms Kuk gəmi heyətinin sağlamlığının qayğısına qalırdı. Belə ki o, ərzaq ehtiyatlarında kifayət qədər kələm turşusu və soğan, tər tərəvəzi əvəz edən portağal və limonun olmasına nəzarət edirdi. Buna görə də onun rəhbərlik etdiyi gəmi heyətində vitamin çatışmazlığından yaranan xəstəliklər olmadı.

 

Bundan başqa, C.Kuk öz adamlarından ciddi surətdə təmizkarlıq tələb edirdi. O, hər gün dənizçilərin əllərini yumasını yoxlayır, onların şəxsi gigiyenalarına riayət etmələrinə, gəminin təmizliyinə ciddi nəzarət edirdi. Qaydanı pozan yeməkdən məhrum edilirdi.

 

Kuk bütün səfər boyu quruya yaxın üzürdü ki, onun dəqiq təsvirini xəritəyə köçürə bilsin.

 

C.Kuk çoxsaylı Sakit okean adalarının coğrafi təsvirinin tərtibi ilə yanaşı, Havay adalarını kəşf edir, Yeni Zelandiyanın boğazla iki yerə ayrılan adalar qrupundan ibarət olduğunu müəyyən edir. O, Havay adaları qrupunu kəşf edən və Antarktidanın ətrafını dolanan ilk avropalı səyyahdır.