Təbiət

Vəhşi it - Dinqo

Dinqo dünyanın ən qədim itidir. Avstraliyaya endemik olmasa da, kiçik kontinentin ən qədim sakini sayılır, çünki it materikdə ən azı 4000 il əvvəl məskunlaşıb.

 

Kornoul və Kaliforniya universitetləri alimlərinin apardıqları tədqiqatlara görə, dinqonun tapılan ən qədim kəllə sümüyünün yaşı 5500 ildir. Bundan əlavə, digər it cinslərindən fərqli olaraq dinqo genetik cəhətdən canavarlara daha yaxındır.

 

Bir vaxtlar dinqolar yerli əhali tərəfindən əhliləşdirilib. Lakin XXVII-ci əsrdə Avstraliyanın müstəmləkəçiliyi dövründə - yerli əhalinin kütləvi şəkildə məhv edilməsi və materikin əlverişsiz ərazilərinə sürgün edilməsi ilə dinqo itlərinin vəhşi təbiətdə tək qalmasına səbəb oldu.

 

Dinqo iti - canavarın alt növüdür. Boyunun uzunluğu təxminən 60 sm, çəkisi isə - 25 kq-dır. Ağıllı, ehtiyatlı, çevik, əla görmə və eşitmə qabiliyyətinə malik dinqolar ailələrdə və ya kiçik qruplarda yaşamağa üstünlük verirlər. Yemək üçün kenquru, valabi, yenot və siçanlara hücum edirlər. Dinqolar həmçinin bitki qidaları, hətta meyvə belə yeyirlər. Hər qrup diqqətlə işarələnmiş ərazisini tutur və qoruyur. Ancaq bəzən itlər kenquru ovlamaqda bir-birinə kömək etmək üçün birləşirlər. Vəhşi itlər mağaralarda, çuxurlarda və ya böyük ağacların kökləri arasında yuva qururlar. Hər iki valideyn övladlarına qayğı göstərir. Dörd ay ərzində ana körpələri südlə bəsləyir. Beş aylıq olanda onlara kiçik gəmiriciləri və dovşanları ovlamağı öyrətməyə başlayır. Bir yaşlı dinqo yetkin itlərlə birlikdə artıq iri məməlilərin ovunda iştirak edir.

 

Dinqo itinin rəngi ağdan narıncıya qədər çox müxtəlifdir. Rəngi yaşadıqları ərazidən asılıdır.

 

Böyük sürülər təsərrüfatlara ziyan vurur. Nəticədə dinqonun hazırkı vəziyyəti paradoksaldır. Fermerlər və xüsusi xidmət orqanları narıncı itlərlə ümidsiz müharibəni davam etdirir, onları məhv etməsə də, heç olmasa say artımının qarşısını almağa çalışır. Eyni zamanda, dinqolar milli park və qoruqlarda qorunan növ hesab olunur.

 

Dinqo itinin keçmişi həqiqətən də sirlərlə doludur. Son genetik araşdırmalara görə, bu it Avstraliyaya endemik ola bilməz. Bəzi alimlər onun Avstraliya qitəsinə ilk Asiya köçkünləri ilə təxminən 4000 il əvvəl gəldiyinə inanırlar. İndoneziyanın ucqar ərazilərində dinqonun əcdadları olan vəhşi itlərin yerli forması hələ də yaşayır. Digərləri dinqonun əcdadlarının Avstraliyada təxminən 6000 il əvvəl Cənubi Çindən köçmüş insanlarla birlikdə görünən Çin ev itləri olduğunu iddia edirlər. Digərləri dinqonun hind canavarları və Pariah itlərindən əmələ gəldiyini iddia edirlər, çünki o, fiziki xüsusiyyətlərinə görə onlara çox bənzəyir.

 

Avstraliyada səfərdə olan məşhur zooloq və yazıçı, professor Bernhard Qrjimek "Dörd ayaqlı avstraliyalılar" kitabında yazır: "Yüz ildir ki, dinqolar haqqında mübahisələr gedir. Onlar kimlərdir? Onlar əsl vəhşi itlərdirmi, məsələn Şimal yarımkürəsinin canavarları, yoxsa onlar Afrikanın gözəl, cəsarətli, xallı kaftarlarına bənzəyir? Yoxsa onlar sadəcə vəhşi ev itlərinin nəslindəndirlər?...

 

Dişlərinin və sümüklərinin quruluşuna görə dinqoları adi ev heyvanlarından ayırmaq mümkün deyil. Bu heyvanı adi itlərdən fərqləndirən başqa heç bir morfoloji əlamət yoxdur.