Şeirlər

Aləmzər Əlizadə. Dovşan və canavar

Qaçırdı boz canavar
Bir dovşanın əlindən
Deyən patrondan asıb
Həmin dovşan belindən.
Boz canavar bağırır,
Köməyinə çağırır.
Yoldan ötüb – keçəni:
– Dovşanda insaf hanı,
Öldürəcəkdir məni!
Dovşanın keyfi sazdı.
Yellənən qulaqları
Hərəsi bir palazdı.
Dovşan qurdu haqladı,
Quyruğundan saxladı.
Gəldi boz qoç, ağ qoyun,
Başlandı min cür oyun.
Oynaqla ha, oynaqla!
Çoban gəldi çomaqla.
Canavarı götürüb
Bir qazana basdılar.
Qaldırıb bu qazanı,
Gur tonqaldan asdılar.
Qışqırırdı canavar:
– Ölürəm mən, ay havar.
Deyirdi: – Ürəyimdə
Qalmasın qoy bir arzu.

 

Heç olmasa son dəfə
Verin bir körpə quzu.
Çəkim onu dişimə
Çıxıb gedim işimə.
Kəlbətin gətirdilər,
Çəkdilər dişlərin.
Dedilər qoy bu gündən
Tərgitsin işlərini.
Sonra qazan qaynadı,
Qoyun, keçi oynadı.
Meşəyə düşdü haray
Çaldılar, çağırdılar.
Vay dədəm vay, nənəm vay,
Bu boyda yalan olar?!