Görkəmli şəxsiyyətlər

Məhluqə Sadıqova

Xalq artisti Məhluqə Ələsgər qızı Sadıqova 1917-ci il aprelin 28-də Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində təhsil alıb. 1930-cu ildə ailəsi Bakıya köçür və Məhluqə xanım 6 saylı məktəbdə orta təhsilini davam etdirir.

 

O, 1936-cı ildə Bakı Tibb Texnikumunun Diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

 

Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

 

Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib.

 

O, 40 ildən çox radionun “Bulaq” folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. “Azərbaycanfilm” kinostudiyasının dublyaj şöbəsində filmlərin səsləndirilməsində yaxından iştirak edib.

 

Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

 

Bütün bunlarla yanaşı M.Sadıqova XX əsr milli mədəniyyət tariximizdə məharətli bədii qiraət ustası kimi də tanınıb. Uzun illər Azərbaycan radiosunda Əməkdar artist Səməndər Rzayevlə birlikdə “Bulaq” folklor-etnoqrafik verilişini aparıblar. Hər bazar günü eyni vaxtda efirə çıxan bu veriliş hər kəsi öz sehrinə salaraq, milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verir, dinləyicisinə Azərbaycan xalq yaradıcılığını sevdirirdi.

 

Milli teatr sənətinin ənənələrindən bəhrələnən aktrisa səhnədə əldə etdiyi təcrübələrini kinoya da gətirib. O, “Yenilməz batalyon” (1965), “Yeddi oğul istəyirəm” (1970), “Mücrü” (1973), “Bakıda küləklər əsir” (1974), “Əgər bir yerdəyiksə” (1975), “Sehrlənmiş küpə” (1979), “Onun bəlalı sevgisi” (1980), “İşarəni dənizdən gözləyin” (1986) və s. filmlərdəki bir-birindən fərqli rolları ilə yaddaşlarda qalıb.

 

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.