Görkəmli şəxsiyyətlər

Qəmbər Zülalov

Azərbaycanın dilbər guşəsi Şuşanın şöhrətli, nəcabətli ailələrindən biri olan Zülalovların XIX əsrin ortalarından başlayaraq mədəniyyətimizin inkişafında əvəzolunmaz rolları olub. Bu nəslin ən görkəmli nümayəndələrindən biri olan və hamının Bülbülcan kimi tanıdığı Əbdülbağı Zülalovun mədəni irsi bir sıra məşhur Azərbaycan xanəndələrini yetişdirib. Bülbülcanın musiqi ənənələrini layiqincə davam etdirən Zülalovlar ailəsinin daha bir üzvü Qəmbər Zülalov idi.

 

Qəmbər Əbdül oğlu Zülalov 1895-ci ildə musiqimizin beşiyi sayılan Şuşada anadan olub. O, 1898-ci ildə atası Əbdül vəfat etdikdən sonra anası və qardaşı Əli ilə birlikdə bir neçə il Aşqabadda əmisi, xanəndə Əbdülbaqi Zülalovun himayəsində yaşayıb. Əmisi Bülbülcanın xanəndəlik məktəbinin təsiri ilə hələ uşaq yaşlarından xalq musiqisinə və muğama maraq göstərməyə başlayıb. Şirin, məlahətli, yumşaq və orta tembrli səsə malik olduğundan Qəmbər Zülalov qardaşı Əli Zülalov kimi xanəndəliyə çox erkən başlayıb.

 

Belə ki, əmisindən musiqi dərsləri alan Q. Zülalov hələ yeniyetmə çağlarında ikən 1917-ci ildən Şuşada, 1919-cu ildən isə Bakıda el şənliklərində, müxtəlif konsertlərdə, həmçinin bir sıra həvəskar tamaşalarında xanəndə kimi çıxış edir. Eyni zamanda, özünü 1928–ci ildən opera teatrının truppasında da aktyor kimi sınamağa başlayır. Şəhər məktəbində aldığı təhsillə kifayətlənməyən aktyor 1930-cu ildə səhnə fəaliyyətinə fasilə verərək yeni biliklərə yiyələnmək üçün musiqi texnikumuna daxil olur. Bununla bərabər aktyorluq bacarığını da yadırğamamaqdan ötrü o, eyni zamanda, Konsertbüronun solisti kimi də fəaliyyət göstərir. Təhsilini bitirdikdən sonra 1936-cı ildən yenidən opera teatrına qayıdan aktyor ömrünün sonuna kimi öz taleyini bu sənət ocağı ilə bağlayır.

 

Sənətkar yaradıcılığı boyunca eynən qardaşı və nəsil şəcərəsinin digər görkəmli nümayəndələri kimi illərlə mənimsədiyi Qarabağ xanəndəlik məktəbinin ənənələrini ləyaqətlə davam etdirib. O, bir xarakterik rollar ustası olaraq Azərbaycan Opera və Balet Teatrının səhnəsində Ü. Hacıbəylinin “Əsli və Kərəm”, “Koroğlu”, “Leyli və Məcnun”, M. Maqomayevin “Şah İsmayıl”, “Nərgiz”, Z. Hacıbəylinin “Aşıq Qərib”, Ə.Bədəlbəylinin “Nizami”, Q.Qarayev və C.Hacıyevin “Vətən” və s. kimi opera və operettalarında Paşa, Şeyx, Sofi, Nadir, Əyan, İbn Səlam, Şeyx, Məcnunun atası, Rəmmal, Əbu Həmzə, Türkmən, Səyyad, Bədəl, Aşıq Səlim, Dərviş, Aşıq Vəli, Birinci gözətçi, Eldar obrazlarını bənzərsiz məharətlə oynayıb. Onu da qeyd edək ki, aktyor dahi bəstəkar Üzeyir Hacıbəylinin şah əsəri sayılan “Koroğlu” operasının ilk iştirakçılarından biri olub. Operanın inkişafında göstərdiyi xidmətlərinə görə 26 aprel 1958-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb.

 

Dövrünün sevilib-seçilən sənətkarlarından olan və öz istedadı ilə mənsub olduğu Zülalovlar ailəsinin nüfuzunu ləyaqətlə doğruldan Qəmbər Zülalov 1976-cı ildə Bakı şəhərində vəfat edib.