Görkəmli şəxsiyyətlər

Zülfüqar Sarıyev

XX əsrin əvvəllərində Üzeyir Hacıbəylinin opera və operettaları Azərbaycan teatrında yeni məktəbin əsasını qoydu. Həmin dövrdən səhnəmizdə muğam və vokal ifaçıları, habelə xor artistləri yetişməyə başladı. Musiqili teatr tamaşaları artıq təsadüfdən-təsadüfə deyil, daimi olaraq repertuarda yer aldı. Xanəndə və vokalçıların özünəməxsus ifa tərzləri teatr və musiqi sənətinin inkişafına təsir göstərən amillərdən biri oldu. Öz dövrünün bəyənilən sənətkarlarından biri də Zülfüqar Sarıyev idi.

 

Musiqili teatr tamaşalarının ilk rejissorlarından olan Xalq artisti Soltan Dadaşov özünün "Azərbaycan Dövlət Opera və Balet Teatrı” adlı kitabında bu barədə qeyd edir: “.... Əlövsət Sadıqov, Xanlar Haqverdiyev, daha sonra Böyükağa Mustafayev kimi istedadlı gənclər, Həqiqət Rzayeva, Sona Bağırova, Əli və Qənbər Zülalov qardaşları, Zülfüqar Sarıyev, Hacıbala Hüseynov, Qulam İsgəndərov, Eloğlu İsmayıl, Rəşid Tahirov, Ümmi Əhmədova, Dilarə İsgəndərova, Yaqub Rzayev, Leyla Təhmasib kimi solistlər Azərbaycan operasını qüvvətləndirdilər”.

 

Zülfüqar Hüseyn oğlu Sarıyev 1883-cü ilin (bəzi mənbələrdə 1888-ci il) yanvar ayında Şuşa şəhərində anadan olub. O, atasının erkən vəfatı ilə əlaqədar uşaq yaşlarından qardaşı ilə birgə işləməyə məcbur olub. Muğam və milli musiqiyə olan sevgisindən əlavə səs imkanlarının mövcudluğu onun üçün xanəndəliyə yol açır. Beləliklə, Azərbaycan muğamlarını dövrünün tanınmış xanəndələrindən, qrammofon vallarından öyrənərək püxtələşən Z.Sarıyev 1917-ci ildən başlayaraq özü də müxtəlif dərnəklərdə çıxış edir.

Sənətkar 1920-ci ildən ömrünü opera səhnəsi ilə bağlayır. O, yaradıcılığı boyunca Hüseynqulu Sarabski, Hüseynağa Hacıbababəyov, Sona Hacıyeva, Sürəyya Qacar, Həqiqət Rzayeva, Əli Zülalov, daha sonralar Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Şirzad Hüseynov kimi böyük sənətkarlarla tərəf-müqabili olur. Aktyor bu teatrın səhnəsində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, “Koroğlu”, Zülfüqar Hacıbəylinin “Aşıq Qərib”, Müslüm Maqomayevin “Şah İsmayıl” və s. opera və operettalarında Məcnunun atası, Zeyd, Şah Osmanlı, carçı, zəvvar kimi müxtəlif obrazlarda çıxış edib.

 

Z. Sarıyev əsasən xarakterik rollar ustası olub. Mükəmməl ifa imkanına, lirik tenor səsə malik olmasına baxmayaraq, boyunun bəstə olması səbəbindən həmişə ikinci dərəcəli rolları oynamağa məcbur olurdu. Azərbaycanın və Türkmənistanın Əməkdar artisti Xanlar Haqverdiyev öz xatirələrində belə nəql edirdi ki, “...Zülfüqar Sarıyev bizdən yaşlı olmasına baxmayaraq, Məcnunun atası rolunda “Çahargah” üstə elə zəngulələr vururdu ki, əsas partiyada çıxış edənlər özlərini yığışdırırdılar”.

 

Z.Sarıyev təkcə opera tamaşalarında oxumaqla kifayətlənməyib, vaxtaşırı sənət dostlarından Xan Şuşinski, Hüseynağa Hacıbababəyov, Zülfü Adıgözəlov, Xanlar Haqverdiyev, Əlövsət Sadıqov, Münəvvər Kələntərli kimi müğənnilərlə Xalq Çalğı Alətləri Orkestrinin müşayiəti ilə radio studiyasında, Bakının mədəniyyət saraylarında təşkil olunan açıq konsertlərdə də çıxış edib. Onun səhnə fəaliyyəti xalq və sənətsevərlər tərəfindən hər zaman sevilib.

 

1940-cı ildə “Respublikanın Əməkdar artisti” fəxri adına layiq görülən Z.Sarıyev 1969-cu ildə Bakı şəhərində vəfat edib.