Xəbərlər

“Qoğalın sərgüzəştləri” nağıl-müziklının premyerası olub

Oktyabrın 11-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında 87-ci mövsümün ilk premyerası olan “Qoğalın sərgüzəştləri” nağıl-müziklı təqdim edilib. AzərTAc xəbər verir ki, Azərbaycan xalq nağılı əsasında gənc yazıçı Pərvin Nurəliyevanın səhnələşdirdiyi bir hissəli tamaşa nənənin bişirdiyi qoğalın başına gələn maraqlı əhvalatlardan bəhs edir.
 
Tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Nicat Kazımov, quruluşçu rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibatçısı Məryəm Əlibəylidir. Əsas rolları Anar Seyfullayev, Ramil Məmmədov, Zülfiyyə Alhüseynova, Günel Məmmədova, Roza İbadova və başqaları canlandırıblar.
 
Musiqili, əyləncəli, eyni zamanda ibrətamiz hadisələrlə zəngin müzikl kiçik yaşlı tamaşaçıları düzlüyə, prinsipiallığa səsləyir, onlara pisi yaxşıdan ayırmaq kimi insani keyfiyyətləri aşılayır. Fərqli üslubda hazırlanmış nağıl-müziklin süjet xətti, gözəl səhnə tərtibatı, müasir musiqiləri və aktyorların oyunu balaca tamaşaçılar tərəfindən maraqla qarşılanıb.