Görkəmli şəxsiyyətlər

Məcid Behbudov

Məcid Behbudalı oğlu Behbudov 1873-cü il aprelin 18-də Şuşada anadan olub. Məcid bəyin atası Behbudalı kişi bir müddət Qarabağın Boyat kəndində Mirzalıbəy Behbudovun malikanəsində təsərrüfat işlərində çalışıb. Onun vəfatından sonra ailənin bütün qayğılarını balaca Məcid öz çiyinlərində çəkməli olur. O, varlı bir tacirin yanında işləməyə məcbur qalır. Gənc Məcid həmin bu tacirin şərq ölkələrindən alıb-gətirdiyi müxtəlif çeşnili, rəngarəng parçaları boğçasına yığıb məhəllə-məhəllə, evbəev dolanaraq malları satmağa çalışırdı. Küçələrdən keçərkən xoş avazla “Segah” və “Bayatı” üstündə “Ay arşın malı alan!” - deyə oxuyan bu cavan oğlanı artıq Şuşada hamı yaxşı tanıyırdı. Varlı şəxslərin malikanələrinə hər arşın malı aparanda onun məftunedici səsini eşidib duyanlar evlərinə dəvət edər, bir ağız muğam oxumasını istərdilər. Müştərilər bunun müqabilində gənc arşınmalçıdan mal alardılar. Beləliklə gənc Məcidin alveri həmin günlər qat-qat yaxşı gedərdi. Bu çətin həyatın müqabilində tale ona əvəzsiz bir sərvət vermişdi. O, məlahətli səsi ilə nəinki şəhər əhlinin, hətta din xadimlərinin belə diqqətini çəkirdi. Məcid tez-tez Yuxarı Gövhər ağa məscidində minacat verməyə dəvət alır, məhərrəmlik təziyadarlığında növhə oxuyur, hətta şəhərdə böyük təmtəraqla keçirilən el şənliklərində, musiqi yığıncaqlarında və şəbih tamaşalarında da məmnuniyyətlə çıxış edirdi. Bu gənc arşınmalçının gözəl səsinə valeh olan bəylər onu bir xanəndə kimi özlərinin toy və kef məclislərinə də dəvət edirdilər. Deyilənlərə görə M.Behbudov öz gələcək həyat yoldaşı Firuzə xanımla belə məclislərdən birində qarşılaşıb. Sonradan onu görməkdən ötrü həmin evə arşın malçı qiyafəsində gələrmiş. Şuşada dildən-dilə dolaşan bu hadisə illər sonra dahi bəstəkar Üzeyir Hacıbəylinin məşhur “Arşın mal alan” operettasının ana xəttinə çevrilir. Üzeyir bəyin bu operettanın baş qəhrəmanı olan tacir Əsgərin timsalında məhz Məcid Behbudovun prototipini yaratdığı deyilir. Taleyin qəribəliyinə baxın ki, zaman ötüb, ata-ananın məhəbbət tarixçəsini oğlu Rəşid kinoda canlandırıb və bu film dünyalarca məşhur olub.

 

Hələ uşaqlıq illərindən şeirə, musiqiyə, muğama böyük həvəs göstərən və xanəndə olmaq arzusu ilə yaşayan M.Behbudov 1904-cü ildə ailəsi ilə birgə Tiflisə köçür. Burada yaşayan həmyerli sənətkarlarla birgə şənliklərdə, yığıncaqlarda iştirak edən xanəndə qısa bir müddət ərzində musiqisevərlər arasında tanınaraq, böyük nüfuz və hörmət qazanır. Görkəmli aktyor, respublikanın Əməkdar artisti Cəlil bəy Bağdadbəyovun xatirələrindən belə bəlli olur ki, Məcid bəy rəsmi olaraq xanəndəliyə 1906-1907-ci illərdə başlayıb. O, öz sənət dostları tarzən Məşədi Zeynal Haqverdiyev və Rzabala ilə Tiflisdən tutmuş Zaqafqaziyanın, demək olar ki, bütün şəhər və kəndlərində təşkil olunan məclislərə dəvət alırdı. Tez-tez Tiflisin məşhur “Dvoryanski klubu”nda çalıb-oxuyan xanəndə həm də teatr tamaşalarının fasilələrində də tarzənlərlə birgə çıxış edirdi. O, artıq XX əsrin əvvəllərində Gürcüstanda sayılıb-seçilən məşhur xanəndələrdən biri idi. Təsadüfi deyil ki, 1910-cu ildə “Qrammofon” cəmiyyəti tarzən Məşədi Cəmil Əmirov, qarmonçalan Kərbəlayı Lətif Əliyev, Malıbəyli Həmid, Malıbəyli Əsgər, Seyid Mirbabayev kimi dövrün şöhrətli sənətkarları ilə birlikdə Məcid Behbudovu da Riqaya dəvət edir. Geniş repertuara sahib olan M.Behbudov burada Məşədi Cəmil Əmirovun müşayiəti ilə bir neçə muğamı, xalq mahnısını, təsnifi vala yazdırır. Onu da qeyd edək ki, ümumiyyətlə, həmin illərdə M.Behbudov səsini vala yazdırmaq üçün dəfələrlə bir çox Avropa ölkələrinə dəvət almış və bu səfərlərdə xanəndəni rus və fransız dillərini mükəmməl bilən həyat yoldaşı Firuzə xanım müşayiət etmişdi.

 

Qarabağ xanəndəlik məktəbinin digər yetirmələri kimi M.Behbudov da Azərbaycanda opera teatrının inkişafına yaxından kömək göstərib. O, ilk dəfə səhnəyə 1911-ci ildə Bakıda Nikitin qardaşlarının teatrında tamaşaya qoyulan "Fərhad və Şirin" operasında Xosrov rolunda çıxıb. 1915-ci ildə isə sənət yoldaşı Məşədi Cəmil Əmirovun “Seyfəl-mülk” operasının Gəncədəki ilk tamaşasında Ələsgər Abdullayev və Murtuza Məmmədovla tərəf-müqabili olub. Sonralar xanəndə müntəzəm olaraq Ü.Hacıbəylinin “Leyli və Məcnun”, “Əsli və Kərəm”, Arşın mal alan”, “O olmasın bu olsun” və s. opera və operettalarında Nofəl, Məcnunun atası, Sofi, Süleyman, Həsənqulu bəy kimi müxtəlif obrazları ifa edib.

 

1921-ci ildə Gürcüstanda sovet hakimiyyəti qurulandan sonra M.Behbudov və həyat yoldaşı Firuzə Vəkilova Tiflisin mədəni və ictimai həyatında fəal rol oynayıblar. Uzun illər Məcid bəy musiqi, Firuzə xanım isə maarif sahəsində çalışıblar. Firuzə xanım şəhərdə Azərbaycan məktəblərində rus və fransız dillərindən dərs deməklə yanaşı, Nəriman Nərimanovun təşəbbüsü ilə yaradılmış Klara Setkin adına Türk Qadınlar Klubuna da rəhbərlik edib. Onun çalışqanlığı sayəsində klubda tikmə, biçmə, musiqi, dram, və s. dərnəklər, o cümlədən uşaq bağçası da açılıb. Lakin 1933-cü ildə Firuzə xanımın vaxtsız vəfatı sənət eşqi ilə yaşayıb-yaradan sənətkarı dərin böhrana salır. Bu ağır itki ilə barışmayan xanəndə Tiflisi tərk edir. Bir müddət İrəvanda İncəsənət İşçiləri İttifaqının Şərq orkestrində işlədikdən sonra vətənə qayıdır və Qazaxda rayon mədəniyyət evində çalışmağa başlayır. Burada o, gənc istedadların təlim və tərbiyəsi ilə məşğul olur, onlara Qarabağ xanəndəlik məktəbinin sirlərini açır.

 

Ömrünün düz 40 ilini xidmət etdiyi sənətə könül xoşluğu ilə həsr edən görkəmli sənətkar M.Behbudov 1945–ci il sentyabr ayının 9–da Qazaxda vəfat edib. Doğulub, böyüyüb-başa çatdığı və bir zamanlar yoxsul gənc ilə zəngin qızın sevgi dastanının başladığı doğma ata-baba yurdu Şuşa uzaq olduğu üçün elə Qazaxda dəfn olunub. Xanəndə yaradıcılıq fəaliyyəti boyunca Azərbaycanın şəhərləri, Qafqaz ölkələri ilə yanaşı, İranda da qastrol səfərlərində olmuş, yerli əhali arasında xalq musiqimizi, muğamımızı təbliğ etmişdir. Onun yolunu ardınca övladları SSRİ Xalq artisti Rəşid Behbudov, Ənvər Behbudov və Əməkdar artist Nəcibə Behbudova layiqincə davam etdirmiş, milli mədəniyyətimizin inkişafında özünəməxsus iz qoymuşlar.